“Tarixi və mədəni irs hər bir xalqın milli yaddaşını yaşadan, onun keçmişi ilə bu günü arasında mənəvi körpü yaradan ən mühüm dəyərlərdən biridir”.
Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, tarixi abidələr, qədim yaşayış məskənləri, memarlıq nümunələri, təbiət abidələri və bütövlükdə tarixi-mədəni mühit yalnız daşdan, divardan və ya qayadan ibarət deyil:
“Onların hər biri xalqın keçdiyi yolun, tarixi hadisələrin, mədəni inkişafın və milli kimliyin canlı şahididir. Buna görə də tarixi və mədəni irsin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən olmaqla yanaşı, hər bir vətəndaşın da mənəvi borcudur.
Azərbaycan bu məsələyə hər zaman xüsusi həssaslıqla yanaşıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə tarixi və mədəni irsin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində böyük işlər görülür”.
Deputat vurğulayıb ki, bu baxımdan Şuşanın xüsusi yeri var:
“Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, milli musiqimizin, ədəbiyyatımızın və incəsənətimizin mühüm mərkəzlərindən biri olmaqla yanaşı, tariximizin ən mühüm səhifələrini özündə yaşadan şəhərdir. Şuşanın hər küçəsi, hər tarixi binası, hər qayası müəyyən mənada milli yaddaşımızın bir parçasıdır.
Məhz buna görə də Şuşada tarixi və təbii mühitə hər hansı müdaxilə xüsusi həssaslıqla qiymətləndirilməlidir. Son dövrlərdə qayaların üzərinə şəhid adlarının yazılması ilə bağlı görüntülərin yayılması cəmiyyətdə haqlı narazılıq doğurdu. Burada çox mühüm bir məqamı xüsusi vurğulamaq lazımdır: şəhidlərimizin adını yaşatmaq, onların xatirəsini əbədiləşdirmək hamımızın müqəddəs borcudur”.
Lakin həmsöhbətimiz qeyd edib ki, bu nəcib niyyət tarixi və mədəni irsə zərər vuran hərəkətlərlə ifadə edilməməlidir:
“Şəhidlərimiz Vətən uğrunda canlarından keçiblər. Onların xatirəsinə ən böyük ehtiram isə Vətənin özünə, onun tarixinə, mədəniyyətinə və təbiətinə sahib çıxmaqdır. Əgər bir insan şəhidin adını yaşatmaq istəyirsə, bunu tarixi abidənin və ya təbiət nümunəsinin bütövlüyünü pozmadan etməlidir. Çünki şəhidlərin uğrunda mübarizə apardığı və canını fəda etdiyi Azərbaycan torpağının hər qarışını qorumaq onların xatirəsinə göstərilə biləcək ən böyük ehtiram formalarından biridir”.
Millət vəkili əlavə edib ki, tarixi abidələrin üzərinə yazı yazmaq, onları cızmaq, dağıtmaq və ya ilkin görünüşünə müdaxilə etmək təkcə estetik baxımdan xoşagəlməz davranış deyil:
“Bu, həm də gələcək nəsillərin tarixi olduğu kimi görmək hüququna müdaxilədir. Bu gün bir qayanın üzərinə yazılan söz bizə adi görünə bilər, amma həmin iz illərlə, hətta onilliklərlə qala və tarixi landşaftın təbii görünüşünü dəyişdirə bilər.
Əlbəttə, belə halların qarşısının alınmasında nəzarət və hüquqi mexanizmlərlə yanaşı, maarifləndirmənin də böyük rolu var. İnsanlara izah edilməlidir ki, tarixi abidənin üzərinə ad yazmamaq, qədim tikilinin divarına toxunmamaq, təbiət abidəsini korlamamaq sadəcə bir qaydaya əməl etmək deyil. Bu, öz tariximizə, milli kimliyimizə və gələcək nəsillərə hörmətin göstəricisidir”.
Jalə Əliyeva onu da əlavə edib ki, şəhidlərimizin xatirəsini yaşatmağın isə çoxsaylı və daha layiqli yolları mövcuddur:
“Onların adlarının xatirə komplekslərində əbədiləşdirilməsi, küçə və parklara verilməsi, həyat və döyüş yollarının sənədləşdirilməsi, muzey və memorialların yaradılması bu baxımdan daha düzgün və qalıcı addımlardır. Belə məkanlar həm şəhidlərimizin xatirəsini yaşadar, həm də gələcək nəsillərin Vətən tarixini öyrənməsinə xidmət edər.
Əsl vətənpərvərlik yalnız Vətəni sevdiyini söyləmək deyil, onun sərvətlərini qorumaqdır. Tarixi abidəyə hörmət etmək, qədim tikilini qorumaq, təbiətə zərər vurmamaq, milli-mədəni irsimizə sahib çıxmaq da vətənpərvərliyin mühüm göstəriciləridir”.
Deputat söyləyib ki, bu gün bizə əmanət edilən tarixi və mədəni irs sabah bizim övladlarımızın, nəvələrimizin milli yaddaşı olacaq:
“Ona görə də hər birimiz anlamalıyıq ki, tarixi irsi qorumaq keçmişi qorumaqla məhdudlaşmır. Əslində, biz bununla gələcəyimizi qoruyuruq. Şuşa kimi müqəddəs və tarixi şəhərləri qorumaq isə bütövlükdə Azərbaycan xalqının milli yaddaşını qorumaq deməkdir.
Şəhidlərimizin xatirəsini yaşatmaq istəyiriksə, onların canlarını fəda etdikləri Vətənin hər daşına, hər abidəsinə və hər qarış torpağına hörmətlə yanaşmalıyıq. Çünki ən böyük ehtiram yaddaşa söz yazmaq deyil, həmin yaddaşı qorumaqdır”.
Elmir Mustafa



