Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi

ÖLKƏ
15:23 / 08.09.2026
40

Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Xasay Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda cinayət işinin sənədləri tədqiq olunduqdan sonra məhkəmə araşdırmasının yekunlaşdığı elan edilib.

Daha sonra prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənin 19 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.

Müdafiə tərəfi çıxışa hazır olmadığından növbəti proses sentyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci il avqustun 12-də Laçın rayonu ərazisində baş verib. Səfər Quliyev ov tüfəngi ilə qətlə yetirilib. Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq, istintaqa təhvil verib. Faktla bağlı cinayət işi başlanılıb, X.Quliyev Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. İstintaq materiallarından və təqsirləndirilənin məhkəmədəki ifadəsindən məlum olub ki, təqsirləndirilən qardaşını həyat yoldaşına qısqandığı üçün onu qətlə yetirsə də, onun bu ehtimalları məhkəmə istintaqı zamanı sübuta yetirilməyib.

Onu da edək ki, bölgədə müğənni kimi tanınan Səfər Quliyev Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Laçın Rayon Komitəsinin sədri vəzifəsində çalışırmış.

0