Telefon zəng çalır, ekranda tanımadığımız nömrə görünür. Cavab veririk və qarşımızdakı şəxs hansısa məhsul, xidmət, kampaniya və ya endirim barədə məlumat verməyə başlayır.
Bəzən isə gün ərzində müxtəlif şirkətlərdən ard-arda reklam mesajları gəlir. Ortada isə dəyişməyən bir sual qalır - Bu şirkətlər bizim telefon nömrəmizi haradan əldə edir?
Əslində telefon nömrəsi bir çoxumuzun fərqinə varmadan müxtəlif platforma və xidmətlərə təqdim etdiyi məlumatlardan biridir. Mağazada alış zamanı, bonus kartı əldə edərkən, onlayn sifariş verərkən, hər hansı xidmətə qeydiyyatdan keçərkən və ya kampaniyada iştirak edərkən nömrəmizi paylaşa bilərik. Bəzən isə məlumatların hansı məqsədlə istifadə olunacağına dair uzun mətnlərdəki şərtləri oxumadan razılıq veririk.
Beləliklə, bir vaxtlar yalnız əlaqə saxlamaq üçün təqdim etdiyimiz telefon nömrəsi sonradan marketinq məqsədilə istifadə edilən məlumatlar sırasında ortaya çıxa bilər. Onu da bildirək ki, vətəndaşın bir şirkətə əlaqə nömrəsini verməsi avtomatik olaraq həmin məlumatın başqa şirkətlərə ötürülməsinə və reklam məqsədilə istifadəsinə razılıq verdiyi anlamına gəlmir.
Bu baxımdan əsas sual ortaya çıxır - şirkət müştərinin telefon nömrəsini onun razılığı olmadan başqa şirkətə ötürə və həmin şirkət də bu nömrədən reklam məqsədilə istifadə edə bilərmi?
Digər tərəfdən, vətəndaş reklam zəngləri və mesajlarını istəmədiyini bildirdikdən sonra onların davam etdirilməsi də ayrıca hüquqi qiymətləndirmə tələb edir. Məsələnin mahiyyəti əslində sadə bir sualda cəmlənir: “Mən nömrəmi sizə vermişəmsə, siz onu istədiyiniz şirkətlə paylaşa bilərsinizmi?”. Bu kimi suallar illərdir insanları narahat edir. Təəssüf ki, şirkətlər qayda-qanuna məhəl qoymadan öz əməllərinə davam edirlər.
Sevinc


