Azərbaycanın Xalq artisti vəfat etdi

ÖLKƏ
09:50 / 09.09.2026
127

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib.

HİT.az xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi.

Qeyd edək ki, Aleksandr Yakovleviç Şarovski 10 fevral 1948-ci ildə Bakıda anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirib.

Sənət fəaliyyətinə 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi başlayıb. 1976-cı ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında fəaliyyət göstərib. Burada aktyor, 1978–1990-cı illərdə rejissor assistenti, 1991-ci ildən isə quruluşçu rejissor kimi çalışıb. 3 fevral 1993-cü ildən 2026-cı ilə qədər teatrın baş rejissoru olub.

Şarovski yaradıcılığı ərzində 50-dən çox obraz yaradıb, 4 filmdə rol alıb və 50-dən çox tamaşaya quruluş verib.

Onun səhnədə yaratdığı obrazlar arasında Don Quan, Roland, Rezo, Eldar, Beriya, Şeyx Sənan, Fərhad, Kral Lirin Qenrixi və Mehmandarov kimi rollar yer alır.

Aktyor kimi “Anın quruluşu”, “Qorxma, mən səninləyəm”, “Bağ mövsümü”, “Gənc qadının kişisi”, “Bir nəfər hamıya görə”, “Dundukley”, “Lətifə”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Nigarançılıq”, “Bir anın həqiqəti”, “Hökmdarın taleyi” və digər filmlərdə çəkilib.

Rejissor kimi isə Anton Çexov, Uilyam Şekspir, Toma, Rüstəm İbrahimbəyov, Elçin və digər müəlliflərin əsərləri əsasında tamaşalara quruluş verib. Onun quruluş verdiyi səhnə əsərləri arasında “Qu quşunun nəğməsi”, “Kin IV”, “Petlya”, “İkinci atəş”, “Qağayı”, “Teatr”, “Qatil”, “Fərhad və Şirin” və digər tamaşalar var.

Aleksandr Şarovski 1998-ci ildə “Azərbaycan Respublikasının xalq artisti” fəxri adına layiq görülüb. O, həmçinin “Şərəf” və “Şöhrət” ordenləri, Rusiyanın “Dostluq” ordeni, “Puşkin” medalı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü və digər mükafatlarla təltif olunub.

Şarovski eyni zamanda Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri olub və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü kimi fəaliyyət göstərib.

0