Həyətyanı sahələrdə ilanların görünməsi heç də həmişə təsadüfi olmur. Mütəxəssislərin sözlərinə görə, bağlarda olan bəzi adi bitkilər, quş yemlikləri, su mənbələri və müxtəlif əşyaların yığıldığı yerlər bu sürünənləri cəlb edə bilər.
HİT.az xəbər verir ki, bu barədə “Martha Stewart” nəşri ekspertlərin açıqlamalarına istinadən məlumat yayıb.
Bioloqlar bildirirlər ki, ilanların əksəriyyəti insanlar üçün təhlükə yaratmır. Əksinə, onlar gəmiricilərin sayının tənzimlənməsində mühüm rol oynayırlar. Bununla belə, evlərin və istirahət zonalarının yaxınlığında ilanlarla qarşılaşmaq riskini azaltmaq üçün bir sıra məqamlara diqqət yetirmək lazımdır.
İlanları həyətə cəlb edən 5 amil
1. Alçaq və sıx kollar
İlanlar isti havalarda günəşdən qorunmaq üçün kölgəli yerlər axtarırlar. Rozmarin, lavanda və digər alçaq kollar onlar üçün əlverişli sığınacaq yarada bilər. Bundan başqa, sıx bitkilər gəmiriciləri də cəlb etdiyindən ilanlar burada qida tapa bilirlər. Şimali Kolorado Universitetinin biologiya professoru Stiven Makessi alaq otlarının və sıx bitki örtüyünün evin ətrafında saxlanılmamasını tövsiyə edir.
2. Quş yemlikləri
Quşlar üçün qoyulan yemliklərin ətrafına tökülən toxumlar siçan və digər gəmiriciləri cəlb edir. Bu heyvanlar isə ilanların əsas qida mənbələrindən biridir. Buna görə də yemliklərin ətrafını mütəmadi təmizləmək və yerə tökülən toxumları yığmaq məsləhət görülür.
3. Müxtəlif əşyaların qalaqlanması
Həyətdə yığılmış odun, daş, metal təbəqələr, faner və tikinti materialları ilanlar üçün əlverişli gizlənmə yerləri yaradır. Kaliforniya Politexnik Universitetinin professoru Emili Teylor bu cür sahələri ilanlar üçün ideal sığınacaqlar adlandırır. Mütəxəssis odunların yerdən təxminən bir metr hündürlükdə xüsusi platformalarda saxlanılmasını tövsiyə edir.
4. Evin altındakı boşluqlar
Evlərin, eyvanların və verandaların altındakı qaranlıq, sərin və sakit sahələr ilanların gizlənməsi üçün əlverişlidir. Bu cür yerlərə girişin qarşısını almaq üçün divar və təməllərdəki çatlar, boşluqlar bağlanmalıdır. Bunun üçün metal tor, hermetik materiallar və digər uyğun vasitələrdən istifadə etmək olar.
5. Su mənbələri
Həyətdəki hovuzlar, dekorativ gölməçələr, sızan kranlar və su şlanqları da ilanların əraziyə gəlməsinə səbəb ola bilər. Su mənbələri siçan və siçovulları cəlb edir, bu isə öz növbəsində ilanların həmin ərazidə qidalanmaq imkanını artırır. Buna görə də lazımsız su yığıntılarını aradan qaldırmaq və su sızmalarını təmir etmək tövsiyə olunur.
Ekspertlər qeyd edirlər ki, həyətin mütəmadi təmizlənməsi, gəmiricilərin cəlb edilməməsi və mümkün sığınacaqların aradan qaldırılması ilanlarla qarşılaşma ehtimalını azaltmağa kömək edə bilər.
Samir


