Kişi manipulyatoru üzə çıxaran 9 adi ifadə – Münasibətlərdə nələrə diqqət etməli?

MARAQLI
23:53 / 02.11.2026
55

Bəzi kişilər münasibətlərdə nəzarəti qorumaq və məsuliyyətdən yayınmaq üçün ilk baxışdan adi görünən ifadələrdən istifadə edirlər. Bu sözlər zamanla qadının özünəinamını sarsıda, hisslərini sorğulamasına və özünü günahkar hesab etməsinə səbəb ola bilər.

HİT.az xəbər verir ki, bu barədə ekspert Heyli Van Horn “YourTango” nəşrində dərc olunan məqaləsində yazıb.

Mütəxəssisin fikrincə, manipulyativ davranışın göstəricisi ola biləcək ifadələrdən bəziləri bunlardır:

1. “Belə bir şey heç vaxt olmayıb”. Bu sözlərlə kişi baş verənləri inkar edə, qadını öz yaddaşına və hadisələri necə qavramasına şübhə etməyə vadar edə bilər. Bu, qazlaytinq (psixoloji manipulyasiya) üsullarından biridir.

2. “Niyə belə əsəbiləşmisən?” Bu ifadə ilə diqqət kişinin davranışından qadının reaksiyasına yönəldilir. Beləliklə, onun narahatlığı əsassız və ya şişirdilmiş kimi göstərilir.

3. “Yəqin ki, mən çox pis insanam”. Bu cümlə müzakirənin istiqamətini dəyişərək qadının yaşadığı incikliyi arxa plana keçirir. Nəticədə o, qarşı tərəfi sakitləşdirməyə və hətta özünü günahkar hiss etməyə başlayır.

4. “Səndən başqa heç kim sənə dözməz, buna öyrəş”. Bu ifadə qadının özünəinamını sarsıtmağa və onu başqa münasibət qura bilməyəcəyinə inandırmağa xidmət edə bilər. Tək qalmaq qorxusu isə onu zərərli münasibətdə saxlaya bilər.

5. “Məni bu həddə sən çatdırdın”. Kişi öz hərəkətlərinə görə məsuliyyəti qəbul etmək əvəzinə, günahı qadının üzərinə atır və davranışını onunla əsaslandırır.

6. “Nə istəyirəmsə, onu da edəcəyəm”. Bu sözlər şəxsi azadlıq kimi təqdim olunsa da, münasibətdə qarşı tərəfin hisslərinə və müəyyən edilmiş sərhədlərə məhəl qoymamağın göstəricisi ola bilər.

7. “Mən sənə hesabat verməyə borclu deyiləm”. Belə ifadə kişi üçün narahat olan mövzunu müzakirədən yayındırmağa və öz davranışına görə izahat verməməyə imkan yaradır.

8. “Sən hər şeyə həddindən artıq reaksiya verirsən”. Bu yanaşma qadının hisslərini kiçiltməyə və onun narahatlığını əsassız göstərməyə xidmət edir. Nəticədə qadın öz emosiyalarını ifadə etməkdən çəkinə bilər.

9. “Bir müddət sonra bunu unudacaqsan”. Bu cümlə ilə kişi baş verənləri müzakirə etmək, üzr istəmək və vəziyyəti düzəltmək əvəzinə, problemin öz-özünə aradan qalxacağını gözləyir.

Mütəxəssis qeyd edir ki, bu cür ifadələr münasibətlərdə manipulyativ davranışın əlamətləri ola bilər. Bununla belə, təkcə bir cümlə insanı manipulyator kimi xarakterizə etmək üçün kifayət deyil. Əsas diqqət sözlərin təkrarlanmasına və münasibətdə formalaşan ümumi davranış modelinə yönəldilməlidir.

Samir
 

0