Uşaqların səhər yeməyini ötürməsi dərslərə mənfi təsir göstərə bilər - Pediatr

SAĞLAMLIQ
22:56 / 02.11.2026
48

Uşağın səhər yeməyi yemədən məktəbə getməsi dərs zamanı diqqətini cəmləməsini, məlumatı mənimsəməsini və fəal olmasını çətinləşdirə bilər. Xüsusilə yeməklər arasında uzun fasilələrə həssas olan uşaqlarda bu hal daha çox müşahidə edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşrinə “Meditsina” klinikasının baş pediatrı, tibb elmləri namizədi Yekaterina Morozova danışıb.

Həkimin sözlərinə görə, səhər yeməyinin çox zəngin olması vacib deyil. Əsas məsələ orqanizmi uzun müddət enerji ilə təmin edən qidaların seçilməsidir. Bunun üçün zülal, karbohidrat və az miqdarda faydalı yağlar birlikdə qəbul edilməlidir.

Mütəxəssis səhər yeməyi üçün yumurta ilə sıyıq, meyvəli kəsmik, yulaf və giləmeyvəli təbii yoqurt, eləcə də pendirli tam taxıllı sendviç kimi seçimləri tövsiyə edir.

Şirin qidalar uşağı uzun müddət tox saxlamır

Pediatrın fikrincə, səhər yeməyini şirin bulka, peçenye və ya şokolad batonları ilə əvəzləmək düzgün deyil. Bu məhsullar qısa müddətdə enerji versə də, toxluq hissi uzun sürmür. Sadə karbohidratların çox qəbulundan sonra uşaq yenidən aclıq, yorğunluq və əsəbilik hiss edə bilər.

Bununla belə, uşağın rasionundan bütün şirin qidaları çıxarmağa ehtiyac yoxdur. Daha məqsədəuyğun yanaşma karbohidratları zülal və liflə zəngin məhsullarla birlikdə qəbul etməkdir. Məsələn, bananı yoqurt və ya bir ovuc qoz-fındıqla, çörək xırtıldağını isə pendirlə təqdim etmək olar.

Həkim qeyd edir ki, yoxlama işi və ya imtahan öncəsi banan rahat qəlyanaltı sayıla bilər. Bu meyvə karbohidrat, kalium və B6 vitamini ilə zəngindir. Lakin onu xüsusi “beyin qidası” hesab etmək və bir məhsulun uşağın dərs nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıracağını gözləmək doğru deyil.

Morozova bildirir ki, uşaq yuxudan oyanan kimi yemək istəmirsə, onu zorla yedizdirmək məsləhət görülmür. Bu halda səhər yeməyini bir qədər sonraya saxlamaq və ya məktəbdə ilk dərs saatlarında yeyə biləcəyi kiçik qəlyanaltı hazırlamaq mümkündür.

Uşağın məktəbdə mütəmadi olaraq yeməkdən imtina etməsinin səbəbi də araşdırılmalıdır. Bəzən buna narahatlıq, yad mühit, yemək üçün vaxtın olmaması və ya yaşıdları ilə yaşanan problemlər səbəb ola bilər.

Pediatrın fikrincə, valideynlərin əsas məqsədi uşağı ideal səhər yeməyinə məcbur etmək deyil, onun üçün rahat və nizamlı qidalanma rejimi yaratmaq olmalıdır. Səhər qəbul edilən qidalar və məktəbə aparılan qəlyanaltı naharadək enerjini qorumağa kömək edir. Bununla yanaşı, uşağın yaxşı oxuması üçün təkcə düzgün qidalanma deyil, kifayət qədər yuxu, fiziki aktivlik, istirahət və sağlam psixoloji mühit də vacibdir.

Samir
 

0