"Valideyn deyir, quzu kimi uşaq idi, dəyişdi, əslində isə..." - MÜSAHİBƏ

ÖLKƏ
13:04 / 11.08.2020
8102

Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova "MediaPost"un “Podkast” layihəsinin qonağı olub.

O, söhbəti zamanı karantinin uşaqlara təsirindən danışıb.

- Pandemiya dövrü uşaq psixologiyasına necə təsir göstərir?

- Uşaqlar bütün günü evdə qaldıqlarına görə aqressivləşiblər. Televizor, telefon aludəçiləri hədsiz dərəcədə artıb. Bu müddət ərzində xüsusilə uşaqların yuxu rejimi pozulub.

Valideynlər karantin dönəmində bacardıqca rutin həyat vərdişlərini dəyişməməlidirlər. Yəni uşaqlar normalda 21:00-22:00 arası yatırdısa, indi dərs yoxdur, 00:00-01:00-da yata bilərsən deyərək 6, 7, 8 yaşlarındakı uşaqların rejimini tamamilə dəyişdirmək olmaz.

Gündüz yuxusu olan uşaqların gündüz yuxusundan məhrum olmasına yol vermək olmaz. Bəzən valideynlər özləri də buna etinasız yanaşırlar. Düşünmək lazımdır ki, gec saatlarına qədər oyaq qalan bir uşağın əsəb sistemi daha da gərilmiş vəziyyətdə olur. Normalda uşaq saat 09:00-da oyanırdısa, gec yatdığı üçün 12:00-da oyanır, yemək rejimi pozulur. Bu rejim pozulduqda insanın sinir sisteminə və psixoloji vəziyyətinə birbaşa təsir göstərir.

Eyni zamanda bu duruma vərdiş yaranır.

Pandemiya bitəndən sonra məktəb həyatına öyrəşməkdə, sosial həyata adaptasiya olmaqda çətinlik çəkəcəklər. Bu, nəinki uşaqlarda, həm də böyüklərdə də özünü göstərəcək. Buna görə də məktəb başlayanda uşaqlarda aqressiya yaranacaq. "İpoxandriya" dediyimiz xəstəlik xəstəliyi yaranır, uşaq xəstəlik vəziyyətindən çıxa bilmir. Yəni dua edir ki, kaş məktəblər həmişə bağlı qalaydı. Bu da uşağın təhsilinə, digər proseslərə təsir göstərəcək.

- Karantin dövrü olduğuna görə uşaqlar onlayn formada təhsil aldılar. Buna yeni öyrənirdilər ki, dərslər bitdi. Bu uşaqlarda adaptasiya problemi yarada bilərmi?

- Uşaqların onlayn təhsildən çıxması ilə bağlı problem olmayacaq. Çünki bu uzun müddət davam etmədi. Uşaqlar bu prosesə uyğunlaşa bilmir. Təbii, dostları ilə kontakta girmək, tənəffüsdə oynamaq, bir yerdə bufetə getmək çox sadə görünsə də, uşağın ünsiyyət tələbatını ödəyir. Bu tələbat ödənməyəndə uşaq qeyri-verbal, yəni virtual həyata keçməyə başlayır. Azyaşlı artıq onlayn oyunlarda özünü tapdıqca qapanır, evdəki mühitdən uzaqlaşır. Xüsusilə yeniyetmələr arasında bunu çox gördük ki, valideynlər yalvarsa da, uşaqlar otaqlarından çıxmırlar.

- Pandemiya dövrü hansı yaşdakı uşaqların adaptasiyası üçün daha çətin oldu?

- Ən çox azyaşlı uşaqlar arasında adaptasiya problemi yaşandı. Çünki yeniyetmə oturub kitab oxuya, film izləyə bilər, amma azyaşlı uşaqlar daha çox parka getmək, aktiv oyunlar oynamaq istəyir. Bu da uşaqlarda aqressiya yaradır. Buna görə valideynlər uşaq üçün doğru rejim qurmalıdırlar.

- Pandemiya dövründə valideynləri ən çox narahat edən məsələlərdən biri də uşaqların telefonla, elektron cihazlarla çox oynamasıdır. Ümumiyyətlə, bu necə tənzimlənməlidir?

- 3 yaşına qədər uşağın psixi və nitq inkişafı dövrüdür. Bu dönəmdə təməl inkişaf gedir. Bu səbəbdən telefon və planşetlərdən istifadə onlarda passivlik yarada, inkişaf mərhələlərindən geri qalmasına səbəb ola bilir. Ona görə də 3 yaşına qədər uşaqları elektronik cihazlardan tamamilə uzaq tutmalıyıq.

3 yaşından sonrakı dövrdə isə 6 yaşına qədər 20 dəqiqədən başlamaqla bu vaxtı 30-40 dəqiqəyə qaldıra bilir. 7 yaşdan sonra 1-1,5 saat, yeniyetməlik dövründə 13-14 yaşlarda 2-2,5 saat qədər böyük normanı qəbul edə bilirlər. Bu, gündəlik normadır.  Valideyn bölgünü özü tənzimlənməlidir. Bir də elektron cihazı uşağa hər gün eyni saatlarda vermək lazımdır. Tutaq ki, uşağın sevdiyi bir cizgi filmi varsa, onu izləyə bilsin.

Uşaqların asudə vaxtlarını dəyərləndirmək üçün onlayn oyunların olması şərt deyil. Bunu başqa formada da etmək olar. Məsələn, düyü ilə lobyanı qarışdırıb sonra onları ayırmaq olar. Bu uşağın diqqətini inkişaf etdirməyə çox kömək edir. Yaş artdıqca bu oyunu daha da mürəkkəbləşdirmək olar. Və ya həmin dənələri ayırmaq üçün nisbətən böyük yaşda olan uşaqlar üçün vaxt təyin etmək olar.

Uşaqların adaptasiyası çətin deyil. Onlara sadəcə, oyun yoldaşı lazımdır. Bəzən valideynlər deyir ki, uşağa gəlincik aldım söküb atdı. Nəzərə almaq lazımdır ki, bu uşaq 3-4 ildir doğulub və gəlincik onun üçün yeni məfhumdur. Ondan istifadə qaydasını öyrətmək lazımdır. Düşünün ki, böyüklər də hər hansı bir əşya alanda onun qurcaladıqdan sonra necə istifadə etməyi öyrənirlər. Bəzi uşaqlar var ki, birdəfəyə öyrənir, bəziləri bir neçə dəfəyə. Valideynlər ilk növbədə özləri oynamalıdır.

- Uşaqlarda hansı yaşdan kitab oxuma vərdişi formalaşdırmaq olar?

Uşaq gördüyünü götürür. Bunun üçün çox şey lazım deyil. Evdə şkafın bir küncünə iki rəf hazırlamaq olar. Uşaqlara çox kiçik yaşlarında 1-1.4 yaşlarından yatmazdan əvvəl qısa maraqlı, fotoları bol olan, 3D effektli, onun maraq dairəsinə uyğun olan kitablar almaq lazımdır. Zövq məcburi formalaşdırıla bilməz. Kitabları da uşaqların zövqünə uyğun almaq lazımdır. Bir də yaxşı olardı ki, valideynlər kitabı bir yerdə oxusunlar və daha sonra müzakirə etsinlər. Bir də kitabı alarkən diqqət etmək lazımdır ki, uşağın yaşına uyğun olsun. Bəzən valideynlər 7-8 yaşında uşağa yeniyetmələr üçün nəzərdə tutulan kitab alır. Sonra da şikayətlənir ki, uşağı niyə kitab oxumur? Çünki onun maraq dairəsi deyil, cümlələr çox mürəkkəbdir.

Hətta  kitabdakı hər hansı bir obrazın rəsmini çəkmək olar. Valideyn uşağın dostu kimi olmalı, onunla söhbət etməli, ən azından gün ərzində yarım saat, 1 saat onunla söhbət etməlidir. Biz uşağa 12 yaşına qədər tərbiyə veririk. 12 yaşından sonra nə atsaq bizə geri qayıdacaq. 12 yaşına qədər bütün uşaqlar mələkdir. Ondan sonra bütün fikirləri üzə çıxmağa başlayır. Valideyn bəzən deyir ki, bu uşaq quzu kimi idi, indi birdən-birə dəyişdi. Əslində isə dəyişməyib. Sadəcə, 6 yaşında qorxurdu, üsyan etməyə cəsarəti yox idi. Valideyn tökdüklərini yığır. Bilmək lazımdır ki, uşaqlar sözlə yox, görərək öyrənir. Yaxşı görsələr yaxşını, pisi görsələr pisi öyrənəcəklər.

0