Liliput olacaqkən “dünya divi”inə çevrilən Messi – Gəlimli, gedimli futbol

İDMAN
13:24 / 05.09.2020
1438

20 il öncə “Barselona”nın seleksionerləri və məşqçiləri 13 yaşlı Lioneli komandanın gənclərdən ibarət komandasına cəlb edəndə artıq onu iki il idi tanıyırdılar. Onlar bu arıq və çəlimsiz, ancaq diribaş uşağın topla davranışınıa, driblinqlərinə, keçidlərinə, tükənməz enerjisinə baxır və öz “fabrik”lərində yeni bir futbol ulduzunun yetişdiyini görürdülər.

Ancaq onların heç biri güman edə bilməzdi ki, uzun saçları üzünə tökülən bu uşaq cəmi 4 ildən sonra, 17 yaşındaykən “Barselona”ın əsas heyətinə birdəfəlik daxil olacaq, dünya futbol tarixinin ən məşhur ulduzlarını kölgədə qoyacaq, adı Eysebio, Pele, Maradona, Platini, Ziko kimi futbol ulduzlarıyla birlikdə çəkiləcək, tezliklə “dünyanın ən yaxşı futbolçusu” adına 1 nömrəli namizədə çevriləcək.

Bunları heç kəs öncədən proqnozlaşdıra bilməzdi. Xüsusilə də ulu babasının biri italyan, o biri kataloniyalı olan bu bəstəboy və arıq, üzünə hələ tük çıxmamış yeniyetməyə baxanda sadəcə onun yaxşı futbolçu ola biləcəyini, nə vaxtsa əsas heyətə düşəcəyini, ya da babat qiymətə ortabab komandalardan birinə satılacağını düşünmək olardı.

1987-ci ilin iyununda Argentinanın Rosario şəhərində, poladəritmə kombinatının fəhləsi Xorxe Osario Messinin ailəsində doğulmuş Messi isə ard-arda çempionluqlar, kuboklar, “qızıl butsı”lar, “qızıl top”lar qazanaraq, adını dünyayla bir etdi. İndi onun atasını, bir vaxtların qara fəhləsi Xorxe Osarionu da bütün dünya tanıyır. İndi Xorxe Messi dünya futbolunun, hətta futbol tarixinin iki böyük ulduzundan biri (o biri şəkk-şübhəsiz, Kriştianu Ronaldodur) olan Lionel Messinin meneceridir. O, indi oğlunun başı və ayaqları hesabına milyonçudur, ölkədən ölkəyə özəl reyslərlə uçur, klub prezidentləri ilə oturub-durur, danışıqlar aparır.

Əlbəttə, hələ 17 yaşında olarkən “Barselona”nın əsas heyətində meydana çıxdığı oyunların birində La Liqanın “sümükqıran” müdafiəçilərindən biri onu bilərəkdən və ya ehtiyatsızlıqdan zədələsəydi, dünyada milyonlarla futbol azarkeşi onlara yüksək zövqlü futbol tamaşası göstərən bu oğlanın oyunundan, özü və atası isə milyonlardan məhrum olardı. Messinin ustalıqlarından biri də o oldu ki, o, futbol kimi hər dəqiqəsi travma dolu oyunlarda özünü ciddi zədələrdən qorumağı bacarırdı. O, hətta dörd-beş müdafiəçinin arasında olanda belə həm topu, həm də qızıl ayaqlarını altı diş-diş olan butsıların qırıcı zərbələrindən xilas edə bilirdi.

Messinin fenomenal oyunu onu qısa müddətdə dünya ulduzu etməliydi və etdi. Ona qədər və ondan sonra heç kəs onun qədər ustalıqla ən ümidsiz vəziyyətlərdən bu qədər çox qol vurmayıb və ya məhsuldar ötürmə verməyib. Ondan başqa hamı çoxlu bariz qol vəziyyətlərini boşa verib, Messi isə nadir hallarda. Baxırdın ki, önündə 7 müdafiəçi və yarımmüdafiəçi var və onlar qapı qarşısında keçilməz sədd qurublar, ancaq topu ayağına sancaqlamış kimi hərəkət edən Messi yerindən tərpənir, 5-6 altı addımdan sonra 3-4 müdafiəçini arxada qoyur, topu iynə dəliyindən keçirirmiş kimi qapıya göndərir. Heç kəs bu vəziyyətdən qol gözləmirdi, amma budur, o komandasını irəli çıxarıb. Sonra o dubl edir, daha sonra – het-trik. Beləliklə, “Barsa” çox zəif komanda oyunu göstərdiyi oyunda 3 top hesabıyla qalib gəlir. Messinin bütün komanda yoldaşlarının yükünü çiyninə götürüb komandasına qələbə qazandırdığı oyunlar o qədər çox olub ki, say-hesabı yoxdur.

Bununla belə, Messiyə hər zaman yardım edən komanda yoldaşlarını da unutmaq olmaz. Heç bir dünya ulduzunun Xavi, İniyesta, Ronaldinyo kimi assistentləri olmayıb. Onlar və digərləri Messinin parlaması, parlaq oyun göstərməsi üçün hər şeyi ediblər, ona çox rahat qollar vurmaq üçün şərait yaradıblar. Messinin daha bir ustalığı ondan ibarətdir ki, o adları çəkilən assistentlərdən sonra da qolçu Messi olaraq qala bildi. Bu dəfə o, Suares kimi ulduzla tandem yaratdı.

Messinin futbol meydançasında bacarığı o qədər parlaqdır ki, dünya divi olan başqa komandaların lider oyunçuları (məsələn, Tyerri Anri, Zlatan İbrahimoviç, Semyuel Etoo, Ronaldinyo, Fabreqas, Boyan Krkiç, Neymar və b.) mütləq onun kölgəsində qalırdılar. Onunla rəqabətə yalnız başqa bir superkomandada oynayan və şəkk-şübhəsiz dünyanın bir nömrəli futbolçusu adına layiqli oyun göstərən, rekordlar qıran, nəticələr əldə edən Kriştianu Ronaldo girə bilərdi.

Hazırda dünyanın futbol azarkeşlərini və mütəxəssisləri bu iki ulduza münasibətdə, demək olar ki, 50:50-yə bölünüblər. Onların yarısı hesab edir ki, dünyanın və futbol tarixinin 1 nömrəlu oyunçusu Messidir, o biri yarısı bu ünvana Ronaldonu layiq bilir. Əslində tərəflərin hər ikisi haqlıdır. Bu iki ulduz eyni onillikdə oynamaqla, bir-birinə yaxın nailiyyətlər əldə etməklə, bənzər istedada, çalışqanlığa, ambisiyaya malik olmaqla qəribə bir simbioz əmələ gətiriblər.

Ancaq futbol dünyası kapitalizmin, bazar iqtisadiyyatı qanunlarının hökmran olduğu sahədir. Burada da artıq sıxılmış limonları həmişə bir kənara tullayırlar, daima irəli baxır, sıxıb suyunu, şirəsini çıxarmaq üçün yeni limonlara milyonlar xərcləyirlər.

Öncə “Real”da Ronaldonun bir-iki ilə əvvəlki kimi faydalı ola bilməyəcəyini düşündülər və vaxt varkən, hələ qiymətliykən onu yaxşı pula satmağı üstün tutdular. Qazanan “Yuventus” oldu. O, hələ də özünü 25 yaşlı gənc futbolçu kimi hiss edən bir dünya ulduzu əldə etdi. Ronaldo hələ bir neçə il “Yuve”yə fayda verəcək. Bundan əvvəl “Real” eyni davranışı bir-iki il öncə ona ölkə və UEFA çempionluğu qazandırmış ulduzlarına – Kasilyasa, Makmanamana, Raula və digərlərinə qarşı etmiş, onları karyeralarını başqa komandalarda davam etdirməyə zorlamışdı. Ayrıca, “kral klubu” Ronaldoya qarşı görünməmiş gədalığa qol qoydu, onun cinsi azlıqlara mənsub olmasına dair xəbərlər yaydırdı. Klub fəalları və “Real”dan qidalanan jurnalistlər Ronaldonun ya montaj edilmiş, ya da gerçək şəkillərini yayır, onun – 4-5 övlad sahibinin hər həftəsonu Mərakeşə, idmançı “sevgilisi”nin yanına uçduğunu tirajlayırdılar. “Real” başbilənləri bunu ona görə edirdilər ki, soyuq ölkələrdən fərqli olaraq, İspaniya və İtaliya kimi ölkələrdə insanların cinsi azlıqlara soyuqqanlı yanaşmadığını bilir, bu üsulla dünya ulduzunu gözdən salmaq istəyirdilər.                               

Sonra eyni düşüncə - təzə istedad axtarışıyla köhnə “ulduz”lardan imtina etmək ehtirası “Barsa”ya hakim kəsildi. Bu klubun rəhbərliyi də artıq Messinin ulduzunun sönükməkdə olduğunu düşünür və ona qarşı sosial şəbəkə hücumları təşkil edirdilər. “Barsa” da vaxtilə Etoonun, Ronaldinyonun, İbrahimoviçin xidmətlərindən vaxtından tez imtina etmişdi. Hətta bu komanda vaxtilə “Karpat Maradonası” kimi tanınan Georgi Hacını başqa klublara satmışdı. Son nəticədə Hacı 2000-ci ildə UEFA kubokunu və superkuboku qazanaraq sübut etmişdi ki, o, hələ də bir şeyləri bacarır.

İndi 11 yaşından “Barselona” ilə nəfəs olan Messi öz komandasından ayrılmaq düşüncəsindədir və bu komandada yalnız məcburiyyət üzündən, hüquqi qalmaqala hədəf olmaq istəmidiyinə, müqaviləsinin şərtlərinə boyun əymək zorunda olduğua görə qalır. Ancaq o, mental olaraq “Barsa”dan qopub. Klub prezidenti Xosep Bartomeu bu futbol dahisinə qarşı hansı ədalətsilikıərə yol veribsə (Messi ona qarşı sosial media hücumları təşkil edilməsinin arxasında klub prezidentinin durduğuna dair əsaslı şübhələrə malikdir), onu bağışlaya bilmir.

Hətta qopuqluq o qədər şiddətlidir ki, Messi 13 yaşındaykən onun boy artımını əngəlləyən xəstəliyin müalicəsi üçün ildə 90 min dollarından keçən, sonrakı bütün uğurlarına səbəb olan “Barselona” klubunun etdiyi tarixi yaxşılıqlar belə onu ovutmur.
Messinin gedişi baş tutsa, “Barselona” sarsılmayacaq, yeni messilər tapılacaq və onlar bu kluba yenidən çempionluqlar yaşadacaqlar. Amma futbol tarixində Lionel Messi adlı zirvənin fəth edilməsi çox çətin olacaq.

Ümid edək ki, Lionel Andres Messi Kuççittini “Barsa”da qalsa da, başqa kluba keçsə də, hələ 3-4 il eyni cür gözəl oyunuyla futbol azarkeşlərini sevindirəcək.

1
Musavat.com