MÜSAHİBƏ
13:07 / 04.02.2021
2677

Kontuziya alan qazilərə ciddi şəkildə dəstək lazımdı, yoxsa... - MÜSAHİBƏ 

İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Bu qələbəni bizə qazandıran isə müzəffər Azərbaycan ordusunun qəhrəman əsgərləri oldu. 30 ilə yaxın davam edən həsrət bitdi, Azərbaycanın işğal altında olan torpaqları geri qaytarıldı.

Bu yeni tarixi yazan, vətən uğrunda şəhid olan 2 855 igidimizlə yanaşı, qazilərimiz var. Bu gün cəmiyyət olaraq bu qələbəni həm qazilərimizə, həm də şəhid ailələrinə borcluyuq.

Heç bir xalq müharibə arzulamaz, lakin təəssüf ki, müharibə olur və bu müharibəni itkisiz başa vurmaq mümkün olmur. Bu gün dövlət tərəfindən qazilərimiz, şəhid ailələri xüsusi qayğı ilə əhatə olunublar. Buna baxmayaraq müharibədə iştirak edən əsgərlərin, qazilərin sosial-psixoloji dəstəyə ehtiyacı var. Müharibənin yaratdığı stres, psixoloji problemlər səbəbindən iki qazi intihar edib. 

Məhz bunu nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyinin psixoloqları tərəfindən bu istiqamətdə çoxsaylı addımlar atılıb.

Bu gün qaziləri və şəhid ailələrini psixoloji, mənəvi olaraq narahat edən əsas problemlər nələrdir? Problemlərin həlli üçün hansı sosial dəstək proqramları tətbiq edilir?

Oxu.Az-ın bu və digər suallarını Sosial Xidmətlər Agentliyinin psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva cavablandırıb.

-Elmira xanım, sosial-psixoloji dəstək xidmətləri hansı əraziləri əhatə edib?

- Sosial Xidmətlər Agentliyi olaraq biz bu prosesə ölkə üzrə başlamışıq və bütün şəhər və rayonlarında şəhid ailələrinə, qazilərə və müharibədən zərərçəkən şəxslərə psixoloji dəstək göstərmişik. Mən və komandam isə əsasən Gəncə, Goranboy, Naftalan, Yevlax, Bərdə, Ağdam, Tərtər və Ağcabədi ərazilərində işləmişik. 500-ə yaxın ailəyə xidmət göstərmişik. 

Bir gözümüz ağlayır, bir gözümüz gülür. Hər bir şəhid, hər bir şəhid ailəsi bizim fəxrimizdir. Qazilərimiz bizim qürur mənbəyimizdir.

-Qazilərimizin psixoloji durumlarını necə dəyərləndirirsiz?

-Onların gördükləri  dəhşətlər, yaraları onlar üçün ağır travmadır. Ayağını, qolunu itirən var, gözlərini itirən var, bütün bunlarla yanaşı onların bədənində olan qəlpə yaraları fiziki ağrı verdiyi kimi, psixoloji cəhətdən aldıqları travmalar mənəvi ağrılar yaşadır. Bu ağrıları aradan qaldıracaq, yüngülləşdirə biləcək qüvvə psixoloqlardır. Heç kim qazilərin halına acımır, buna yol vermək olmaz. Hər bir insan onlara mənəvi dəstək olmaq üçün nələrəsə cəhd edir. Lakin biz bu cəhdlərimizi, dəstəyimizi elə şəkildə etməliyik ki, bu onlar tərəfindən qəbul edilsin.

Bu gün daha çox müşahidə edilən problemlər qazilərdə kantuziya, nitqin itməsi, obsessiv-kompulsiv pozuntular, fobiyalar, travmadan sonrakı stres sindromu və travmatik stres sindromu daha çox müşahidə edilir. Bu altı psixoloji halət qazilərimizdə tez-tez müşahidə olunur.

-Psixoloji söhbət zamanı sizinlə rahat danışırlarmı?

-İlkin mərhələdə onların inamını qazanmaq önəmlidir. Hər birinin ilk sözü danışılanların kənara çıxmamasıdır.  Bu müharibə bizə birlik olmağı xatırlatdı. Tək torpaqlarımızı deyil, insanların bir-birinə olan güvənini, inamını, sevgi və qayğısını qaytardı. Bir dəfə marketdə müşahidə etdiyim məqam məni çox fərəhləndirdi. Yaşlı bir kişi növbədə dayanmışdı. Geri dönəndə arxasında cavan hərbçinin dayandığını gördü. Öz yerini ona verdi. Bu bilirsiniz necə gözəl hissdir? Bax bütün bunlar qazilərimizin yenidən cəmiyyətə adaptasiya məsələsinə kömək edəcək.

Hər kəs onlara anlayışla davranmalıdır. Onlarla söhbət zamanı fərqinə vardım ki, yaraları gözlərinə görünmür. Tək sözləri vətən üçün döyüşmələri və vətən həsrətinə son verdikləri üçün qürurlu olmalarıdır.

-Elmira xanım, qazilərimizin müharibədən sonra psixoloji travmalar alması başa düşüləndir. Siz seansları müqayisə etdikdə, deyə bilərsizmi hansı hadisə onları daha dərin depressiv vəziyyətə gətirir?

-Onların hər biri fərqli travmalar alsalar da, psixoloji cəhətdən qazilərimizi birləşdirən məqam onların vicdan əzabı çəkmələridir. Hər biri orada qardaşlarının şəhid olmasını ancaq özlərinin sağ qalmasını qəbul edə bilmir. Gələn qazilərin böyük əksəriyyəti ilk olaraq şəhid olan dostlarının, silah yoldaşlarının ailələrini ziyarət edirlər. Bu onlara çox çətin gəlir.

Onların əksəriyyəti bu baryeri aşa bilmir və depressiv vəziyyətə düşür. Mütləqdir ki, onlar bunu kiminləsə bölüşsünlər. Psixoloji dəstəkdən ilkin mərhələdə imtina edilsə də daha sonra müraciət edənlər olur. Bu da bizi sevindirir. Çünki bu vəziyyətdə özünə qapanma sonda intihara qədər gətirib çıxara bilər.

-Siz həm Birinci, həm də İkinci Qarabağ müharibəsi iştirakçıları ilə söhbət etmisiniz. Vəziyyəti müqayisə etsək, necə qiymətləndirmək olar? Hansı dövr daha ağır psixoloji travmalar yaradıb?

 -Əslində mən bu iki müharibənin nəticələrini də, fəsadlarını da eyni tərəziyə qoymazdım. Çünki, İkinci Qarabağ müharibəsi bizim qalibiyyətimizdir. Mən Birinci Qarabağ müharibəsində iştirak edənlərin, qazilərin və şəhid ailələrinin gözlərindəki kədərin illərdir silinmədiyini görürdüm. Lakin bu gün onların da qürurlu, sevincli olduğunu görürəm. Birinci Qarabağ müharibəsi zamanı əsir düşənlərlə həmsöhbət olmuşdum. Onların düşüncəsində də, həyata baxışında da, cəmiyyətə yenidən adaptasiyasında da ciddi fərq var.

Bu müharibənin qələbəsi kimi yaraları da uzun müddət qalacaq. Elə buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin sosial-psixoloji dəstəyini qiymətləndirmək lazımdır.

-Hər iki Vətən müharibəsində əsirlər oldu. Müqayisə etsəniz hansı situasiyalar risklidir?

-Döyüşçülərimiz kontuziya alır. Amma əsirlər isə daha dəhşətli günlər yaşayır. Döyüşçülər müharibəni dərk edir, döyüşür və müharibə bitdikdən sonra bir müddət onun təsirində qalırlar. Amma əsrlik həyatı yaşayanlarda vəziyyət başqa cürdür. Onların həyata baxışı bir başqa cür dəyişir. Onların yaşadıqları tez-tez yadlarına düşür. Psixologiyada - travmatik stres sindromu, travmadan sonra stres sindromu və travmatik stres anlayışları var. Bu sindromları fərqləndirən ağırlıq dərəcələridir. Sonuncu sindrom insanda dərinləşə-dərinləşə gedir.

Onlarla işləyən zaman bir neçə ay, bəzən isə il lazım olur. Bu uzun sürən prosesdir. Aylar sonra həmin pasiyent zəng edir ki, hər şey geri qayıdıb. Yuxusuzluq, həmin günləri yenidən yaşayırmış kimi hiss etdiyini deyir. Əsirlik zamanı insanların qorxusu, stresi uzunmüddətli yaddaşa həkk olunur. Bununla da mübarizə aparmaq lazımdır.

-Təəssüf ki, iki qazimiz müharibədə aldıqları kontuziya səbəbindən intihar etdi. Necə düşünürsüz, bu kimi halların qarşısının alınması üçün görülməsi vacib olan məsələ nədir?

-Bu hallar yaşandığı üçün məyusam. Çünki bizim məqsədimiz bu halların qarşısının alınmasıdır. Bilirsiniz, biz onları başa düşməliyik. Bu halların qarşısının alınması üçün zəruri addımlar atılmalıdır. Axı biz onları psixi dispanserlərə göndərə, orada müalicə təyin edə bilmərik. Bu mümkün deyil. Yaxşı olar ki, sırf müharibədə iştirak edən və psixoloji travma alan qazilərimiz üçün xüsusi reabilitasiya mərkəzləri olsun. Müxtəlif sanatoriyalar var onları bu proseslərə cəlb etmək olar. Məqsədimiz, amalımız bir olmalıdır, onları düşdükləri bu vəziyyətdən çıxarmaq lazımdır. Fiziki ağrılar tez keçir, amma mənəvi ağrılar onları intihara sürükləyə bilər.

Xüsusəndə qazilərimizdə mövcud olan günahkarlıq hissi. Bu çox çətindir. Onları bu durumdan çıxarmaq lazımdır. 44 gün bütün xalq olaraq ön cəbhədə, arxa cəbhədə bir-birimizə nə qədər dəstək olduqsa, bundan sonra da bu dəstək davam etməlidir.

0