Hər an gözümüzün önündə olan burnumuzu niyə görmürük?

MARAQLI
20:37 / 30.04.2026
45

İnsan üzünün tam mərkəzində yerləşən burun, əslində hər baxışımızda görmə sahəmizin əsas hissəsində olur. Lakin gündəlik həyatda dünyanı izləyərkən burnumuzun varlığını demək olar ki, hiss etmirik. Fiziki olaraq gözümüzün önündə dayanan bu orqanın necə “görünməz” hala gəldiyi sualı beynimizin mürəkkəb filtrasiya mexanizmi ilə izah olunur.

HİT.az xəbər verir ki, gözlərimizdən gələn məlumatlar birbaşa şüurumuza xam şəkildə çatmır. Beyin diqqəti yayındıra biləcək və fokuslanmanı çətinləşdirə biləcək görüntüləri süzgəcdən keçirir. Əgər bu filtrasiya olmasaydı, insan daim burnunu görərək ciddi diqqət pozuntusu yaşayar və vizual həddən artıq yüklənmə nəticəsində baş ağrıları ilə qarşılaşa bilərdi. Bu mexanizm beynin dünyanı daha aydın və funksional şəkildə qavramasını təmin edir.

Burnun “görünməz” olmasının optik səbəbləri

Bu fenomenin digər səbəbi optik qanunlarla bağlıdır. Göz linzaları çox yaxın məsafədə yerləşən obyektlərə fokuslanmaq üçün ideal deyil. Burun isə optimal fokus məsafəsindən daha yaxın yerləşdiyi üçün görüntüdə kəskin deyil, bulanıq şəkildə görünür. Beyin bu bulanıqlığı “əhəmiyyətsiz detal” kimi qəbul edərək onu arxa plana atır.

Bundan əlavə, iki gözün birlikdə işləməsi burnun təsirini azaldır. Hər bir göz burunun müəyyən hissəsini görmə sahəsindən kənarda saxlayır. Lakin digər göz həmin boşluğu tamamladığı üçün beyin ümumi görüntünü birləşdirərək burnu sabit bir maneə kimi deyil, arxa fonun bir hissəsi kimi dəyərləndirir.

Beynin enerji qənaəti strategiyası

Mütəxəssislərə görə, beynin bu seçici görmə mexanizmi enerji qənaəti ilə bağlıdır. Əgər dəyişməyən və sabit obyektlər daim işlənilsəydi, insan xarici dünyaya fokuslana bilməzdi. Məsələn, göz qırpma və nəfəsalma kimi proseslər də daimi olsa da, beyin onları “fon məlumatı” kimi qəbul edir.

Eyni prinsip buruna da aiddir. Təkamül prosesi ərzində insan görmə sistemi əsasən dəyişən və potensial təhlükə yaradan obyektləri izləməyə uyğunlaşıb. Sabit obyektlərin, o cümlədən burunun daim analiz edilməsi isə faydasız sayılıb və filtrasiya olunub.

Görmə əslində beynin interpretasiyasıdır

Görmə prosesi sadəcə xarici dünyanın mexaniki şəkildə qəbul edilməsi deyil, beynin onu interpretasiya etməsidir. Hətta göz daxilindəki damarlar belə görmə sahəsini qismən örtməsinə baxmayaraq, beyin onları da avtomatik şəkildə “silib” yox kimi qəbul edir.

Bu səbəbdən burun hər an görmə sahəsində olsa da, beynin yaratdığı daha “təmiz” vizual modeldə yer almır.

Samir
 

0