Daşıyıcı şirkətlərin xidmətindən narazı qalanda nə etməliyik?

İQTİSADİYYAT
11:58 / 09.12.2021
1092

Son zamanlar internet üzərindən onlayn alış-veriş etməyə üstünlük verənlərin sayı getdikcə artır. Əksər hallarda xarici ölkələrin internet saytlarından sifariş verdiyimiz məhsulların çatdırılmasını yerli daşıyıcı şirkətlərə etibar edirik. Amma təəsüf ki, bəzi şirkətlər etibarımızı doğrultmayaraq bizi bir sıra problemlərlə üz-üzə qoyur. Bəzən çatdırılması 1 həftə ərzində söz verilən bağlama 10-15 gün gecikir, lakin səbəbləri barədə müştəriyə heç bir məlumat verilmir.

Şirkətin çağrı mərkəzi ilə əlaqə saxlamaq isə çox çətindir. Zəng zamanı sırada 40-cı gözləyən şəxs olduğu bildirilir və Motsartın eyni saylı simfoniyasını 3 dəfə dinlədikdən sonra dəstək asılır. Nəticədə, həm vaxtın, həm pulun boş yerə sərf olunur, həm də əsəblərin pozulur. Xarici internet  saytlarından sifariş verdiyin zaman necə deyərlər, “irəli düşdüyünü” hesab etdikdə, sən demə itirdiyin daha vacib şeylər olur. Hələ bu harasıdır?

Elə hallar olur ki, şirkətlər bağlamanın harada olduğunu ümumiyyətlə bilmirlər. Müştərinin bağlaması yolda itir və bu haqda müştəriyə heç bir məlumat verilmir.

Yenə də istehlakçı məlumat almaq ümidi ilə 40-cı simfoniyanı dinləyir. Nəticədə, aylarla axtarılan bağlama tapılmır. Daşıyıcı şirkət gunahı xaricdəki sahibkarın üzərinə ataraq ödənilən məbləği istehlakçıya geri qaytarmaqdan boyun qaçırır.

Digər problem ondan ibarətdir ki, sifariş verdiyiniz məhsul ya dağılmış, ya da sınmış vəziyyətdə gəlir. Daşıyıcı şirkət isə yenisini öz vəsaiti hesabına sifariş etməkdən imtina edir. İstehlakçı həm məhsuluna qovuşmaq şansını, həm də pulunu itirir.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert İmarə Əliyeva bildirib ki, son iki ildə dünyanı ələ alan pandemiya səbəbindən onlayn alış-veriş edənlərin sayı əvvəlki illərə nisbətən dəfələrlə artıb. Bu da, daşıyıcı şirkətlərin xidmətlərindən yararlanan istehlakçıların sayının artmasına səbəb olur. Müştərilər çoxaldıqca daşıyıcı şirkətlərlə bağlı problemlər və boşluqlar da üzə çıxır. Ekspert hesab edir ki, sahibkarlar yaranan problemləri təhlil etməklə onların həlli istiqamətində sistemli yanaşma qursalar həm istehlakçı məmnuniyyətinə, həm də bizneslərinin nüfuzunu yüksəltməyə nail ola bilərlər.  

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən də bu cür problemlərin aktual olduğu bildirilib. İstehlakçıların şikayətlərini nəzərə alaraq Xidmətin nümayəndələri iri daşıyıcı şirkətlərlə görüş də keçirib.

Görüş zamanı qanunvericiliyin tələbləri sahibkarların diqqətinə çatdırılaraq bildirilib ki, daşıyıcı xidmətlərin həcmi, keyfiyyəti, ödəniş forması, qaydası və digər şərtləri barəsində istehlakçıya ətraflı məlumat verilməlidir. Sifariş üzrə qeydə alınan xidmətlər tam şəkildə həyata keçirilməlidir. Göstərilən xidmətin müqavilənin şərtlərinə, həmçinin, daşıyıcının xidmət haqqında verdiyi məlumatlara uyğunsuzluğu qüsur hesab olunur. Xidmətdə hər hansı qüsur və ya çatışmazlıqlar olarsa, istehlakçının həmin problemi daşıyıcının hesabına ödənişsiz şəkildə aradan qaldırılmasını, dəyərinin mütənasib surətdə azaldılmasını və yaxud çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququ var.

Bildirilib ki, daşıyıcı müştəridən yükü və ya baqajı daşımaya qəbul etdiyi andan onu yükalana təhvil verənə qədər qorunmasını təmin etməlidir. Daşıyıcının təqsiri ilə yükün və ya baqajın itməsi, əskik çıxması və zədələnməsinə görə şirkət məsuliyyət daşıyır.

Beləliklə, istehlakçı hüquqlarınız pozulduqda ilk növbədə daşıyıcı şirkətə müraciət edin. Problem öz həllini tapmadıqda isə bu sahəyə dövlət nəzarətini həyata keçirən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və ya birbaşa məhkəməyə müraciət etmək imkanınız var. Hüquqlarınızı bilin ki, lazımı məqamda haqqınızı tələb edə biləsiniz.

0