Con Kennedi adına İfa Sənətləri Mərkəzinin əməkdaşları hesab edirlər ki, qurum adından ABŞ prezidenti Donald Trampın adını silməyəcəyi təqdirdə “qaçılmaz maliyyə çöküşü” və müflisləşmə ilə üzləşə bilər.
HİT.az xəbər verir ki, bu barədə “The New York Times” və “The Washington Post” yazıb. Nəşrlərin əldə etdiyi sənəddə sentyabrın 15-də keçiriləcək mərkəz əməkdaşlarının növbədənkənar toplantısına dair qətnamə layihəsi yer alıb.
Sənəddən məlum olur ki, artıq yaxın həftələrdə Kennedi mərkəzində əməkdaşların maaşlarının, texniki xidmət xərclərinin və digər gündəlik ödənişlərin qarşılanması üçün vəsait tükənə bilər. Bu halda qurum müflisləşmə təhlükəsi ilə üzləşəcək.
Donald Tramp daha əvvəl mərkəzin fəaliyyətini maliyyələşdirmək üçün investorlardan vəsait cəlb etməyə hazır olduğunu bildirmişdi. Lakin onun sözlərinə görə, bu, yalnız onun rolunun “lazımi şəkildə tanınması” şərtilə mümkün olacaq.
Mərkəzin adı ətrafında mübahisələr ötən ildən davam edir. Qurumun idarə heyəti onun adının “Tramp-Kennedi Mərkəzi” olaraq dəyişdirilməsi barədə qərar qəbul etmişdi. Bu, “prezident Trampın binanın xilas edilməsi üçün gördüyü inanılmaz iş”lə əsaslandırılmışdı.
Lakin daha sonra adın dəyişdirilməsinə qarşı çıxan şəxslər bu qərardan məhkəməyə şikayət etmişdilər. Bundan sonra Trampın adı mərkəzin fasadından götürülüb.
Avqust ayında mərkəzin idarə heyəti fasadda adın yanında binanın prezident Donald Tramp tərəfindən bərpa və təmir edildiyini bildirən yazının yerləşdirilməsinin lehinə səs verib.
Samir


