Aİ-nin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaların uzadılmasını razılaşdıra bilmədi

DÜNYA
15:36 / 14.09.2026
44

Avropa İttifaqına (Aİ) üzv ölkələrin daimi nümayəndələri müddəti sabah başa çatacaq Rusiyaya qarşı sanksiyaların uzadılmasını hələlik razılaşdıra bilməyiblər. 

HİT.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, Aİ səfirləri müzakirələri davam etdirmək üçün bu gün daha gec saatlarda yenidən toplaşacaqlar.

Slovakiya “USM” holdinqinin təsisçisi Əlşər Usmanovun və “Alfa-Qrup”un təsisçisi Mixail Fridmanın sanksiya siyahısından çıxarılmasını istəyir. KİV-in məlumatına görə, Usmanovun siyahıdan çıxarılmasını Fransa, həmçinin Xorvatiya və İtaliya dəstəkləyir. Lakin “Politico”nun yazdığına görə, digər ölkələrin əksəriyyəti “sanksiya siyahılarından hər hansı şəxsin çıxarılması məsələsinə baxmaq istəməyib”.

Bundan başqa, məhdudiyyətlərin 2014-cü ildən bəri olduğu kimi altı ay müddətinə, yoxsa dərhal bir il müddətinə uzadılması məsələsi də müzakirə olunur.

İyul ayında Aİ Rusiyanın və Belarusun neft sənayesinə, bank və ödəniş sistemlərinə, Moskva Birjasına və kriptovalyuta infrastrukturuna, mayeləşdirilmiş təbii qaz bazarına, nəqliyyat və metallurgiya sektorlarına məhdudiyyətlər nəzərdə tutan 21-ci sanksiya paketini qəbul edib.

Hazırda Avropa ölkələri Rusiyadan olan daha 1600 fiziki şəxs və şirkətə qarşı sanksiyalar hazırlayır. “Bloomberg”in məlumatına görə, Aİ-də Rusiya vətəndaşları üçün yeni viza məhdudiyyətləri də müzakirə olunacaq.

Samir
 

0