Azərbaycan və Asiya İnkişaf Bankı (ADB) arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
Hit.az bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.
Məlumata görə, bu gün Baş nazir Əli Əsədov ADB-nin Direktorlar Şurasının nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə Azərbaycanla ADB arasında formalaşmış uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd olunub.
Nəqliyyat, enerji, su təchizatı, maliyyə, təhsil, səhiyyə və digər sahələrdə birgə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, dövlət–özəl tərəfdaşlığı mexanizmi çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
2025–2029-cu illər üçün Ölkə Tərəfdaşlıq Strategiyası Azərbaycan-ADB əməkdaşlığının yeni mərhələsi üçün mühüm çərçivə kimi dəyərləndirilib, enerji, nəqliyyat və su infrastrukturu üzrə nəzərdə tutulan yeni layihələrin ölkəmizin uzunmüddətli inkişaf prioritetlərinə uyğunluğu diqqətə çatdırılıb. Müzakirələrdə maliyyə naziri Sahil Babayev də iştirak edib.

