Çinin dövlət təhlükəsizliyi naziri Çen İsin süni intellektin (Sİ) sürətli inkişafının və onun Çinə qarşı istifadə edilməsinin ölkənin “siyasi, institusional və ideoloji təhlükəsizliyinə” təhdid yarada biləcəyini bildirib.
HİT.az xəbər verir ki, “Bloomberg” onun rəsmi ixtisaslaşmış “China Cyberspace” jurnalında dərc olunan məqaləsinə istinad edib. Agentlik yazını Pekinin süni intellektin yaratdığı təhlükələrlə bağlı ən ətraflı xəbərdarlıqlarından biri adlandırıb.
Çen İsin hesab edir ki, Çin üçün əsas təhlükələrdən biri ona düşmən qüvvələrin süni intellekt vasitəsilə yaradılan “koqnitiv silahlardan” istifadə edərək “ictimai rəy ətrafında müharibələr” aparması ehtimalıdır. O, belə “silahlara” süni intellektlə hazırlanmış saxta videoları, süni intellekt tərəfindən yaradılan mətnləri və şayiələrin yayılması, cəmiyyətdə parçalanmanın təhrik edilməsi üçün istifadə oluna bilən sosial şəbəkə botlarını aid edib.
Çen İsin həmçinin qeyd edib ki, süni intellekt müxtəlif sistemlərdəki zəiflikləri getdikcə daha yaxşı müəyyənləşdirir və həmin zəifliklər nəzərə alınmaqla zərərli proqram təminatının hazırlanmasına kömək edir.
Nazirin fikrincə, süni intellekt alətləri casusluq və məxfi məlumatların toplanması imkanlarını da genişləndirə bilər.
Samir

