Qlobal neft bazarında qiymətlərin hərəkəti eyni istiqamətdə deyil və müxtəlif amillərin təsiri ilə dəyişkənlik müşahidə olunur.
Bu fonda neftin dəyərinin yüksəlməsi Azərbaycanın iqtisadiyyatı üçün hansı əlavə imkanları aça, hansı mümkün təhlükələri gündəmə gətirə bilər?
İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, neftin dünya bazarında dəyərinin artması Azərbaycanın maliyyə imkanlarına birbaşa təsir edən amillərdən biri hesab olunur:

“Qiymət artımı ölkənin neft gəlirlərinin yüksəlməsinə və büdcəyə daxilolmaların genişlənməsinə şərait yaradır. Hesablamalara görə, neftin orta illik qiymətində hər 10 dollarlıq artım dövlətin gəlirlərinə təxminən 2,2 milyard manat əlavə vəsait gətirə bilər. Lakin neftin bahalaşmasının iqtisadi nəticələri yalnız gəlirlərin artması ilə məhdudlaşmır”.
Ekspert qeyd edib ki, enerji resurslarının qiyməti yüksəldikdə nəqliyyat və logistika xərclərinin də artması ehtimalı güclənir:
“Bu isə xaricdən gətirilən məhsulların maya dəyərinə təsir göstərərək onların qiymətinin yüksəlməsinə səbəb ola bilər. Belə bir proses inflyasiya təzyiqini artırdıqda onun təsiri əhalinin gündəlik xərclərində də özünü göstərir. Xüsusilə ərzaq, məişət və digər istehlak məhsullarının bahalaşması insanların büdcəsinə əlavə yük yarada bilər”.
Sevinc


