TEXNO
12:26 / 13.02.2022
2329

“WhatsApp”da baş proqramçı işləyən azərbaycanlı - UĞUR HEKAYƏSİ

İkinci kursdan başlayaraq proqramçı kimi işləyir. Dördüncü kursda oxuyanda qlobal şirkətlərdə çalışmaqla bağlı qarşısına hədəflər qoyur. 2013-cü ildə məzun olur. Daha 3 il ölkədə çalışdıqdan sonra Almaniyaya gedir. İlk olaraq təhsil alır, sonra "Careem” ("Uber”) şirkətində işləməyə başlayır.
 
Daha sonra "Meta” şirkətindən iş təklifi alır və Londona köçür. Söhbət "Meta” şirkətinə daxil olan "WhatsApp”ın London şöbəsində baş proqramçı vəzifəsində çalışan həmyerlimiz Sabir Əlizadədən gedir.
 
Bildirək ki, S.Əlizadə 1991-ci ildə Bakı şəhərində anadan olub. Fizika-riyaziyyat informatika təmayüllü liseyin məzunudur. Bakı Dövlət Universitetinin kompüter elmləri ixtisasında bakalavr, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində informasiya sistemlərinin idarə edilməsi üzrə MBA təhsili alıb.
 
Növbəti magistr təhsili üçün seçimi isə proqram təminatı sistemi mühəndisliyi üzrə Almaniyanın RWTH Aachen Universiteti olur.
 
 
Sabir Əlizadə öz uğur hekayəsini "Kaspi" qəzeti ilə bölüşüb.
 
- Fizika, riyaziyyat və informatika təmayüllü liseydən məzun olmusunuz. Bu liseydə təhsil valideynlərin yönləndirməsi idi, ya öz istəyinizlə oldu?
 
- Orta məktəbdə oxuyanda riyaziyyata marağım böyük idi. Ona görə harada güclü riyaziyyat öyrənə biləcəyimlə maraqlanırdım. Fizika, riyaziyyat və informatika təmayüllü liseydə bu cəhətdən daha yaxşı imkan olduğunu öyrəndikdən sonra belə qərar verdim. Valideynlərim də məni dəstəklədi. Təbii ki, qəbul imtahanla idi. 20 sualdan 18-ni yazsan, keçirdin. 8-ci sinifdə oxuyanda imtahanlardan keçib liseyə daxil oldum.
 
 
- Riyaziyyat məktəb və liseydə. Hansı fərqi gördünüz?
 
- Liseydə təhsil aldıqda riyaziyyatın tətbiq sahələri ilə tanış oldum və informatika vasitəsilə riyazi biliklərimi necə tətbiq edəcəyimi öyrəndim. Bu, mənə daha maraqlı idi. Çünki öyrəndiyim biliklərin necə böyük prosesləri avtomatlaşdıra biləcəyinin şahidi oldum.
 
 
- Həm liseydə oxuyanda, həm də tələbə vaxtı informatika üzrə olimpiadalarda iştirak etmisiniz. Olimpiadalar sizə nə qatırdı?
 
- Liseydə olanda olimpiada qrupları ilə tanış olmağa başladım. İnformatika üzrə olimpiada belədir ki, bir neçə alqoritmik problem verilir. Qısa vaxt ərzində həmin problemi optimal bir alqoritmik yolla həll etməlisiniz. O təcrübə mənə nə qatdı? İndi "Meta”, "Google” kimi qlobal şirkətlərə işə necə götürürlər? Orda bir çətin alqoritmik problem verirlər. Mövcud problemi bir proqramla həll etməyinizi gözləyirlər. Müəyyən nəzəri biliklərdən istifadə edib onu optimal vaxtda həll etməlisiniz. Bir neçə raund bunu təkrarlayırlar. Alqortimlərlə işləməyi öyrənmisinizsə, sonra daha çətin alqoritmlərlə qarşılaşanda təcrübəli olursunuz. Beyin qısa müddətdə necə həll tapmağı öyrənir. O cəhətdən mənə çox şey qatdı. Həm nəzəri biliklər ala bildim, həm də iş həyatımda böyük təkan oldu.
 
 
- İkinci kursun əvvəlləri artıq proqramçı kimi işləməyə başlamısınız. Bu müddətdə iş həyatına hazır olmağınız necə baş verdi?
 
- Lisey vaxtı artıq proqramlaşdırma ilə tanış olmuşdum. Xalam oğlu proqramçıdır və mən liseydə oxuyanda o, artıq universiteti bitirib işləyirdi. O, mənə çox yaxşı istiqamət verirdi. Bu sahədə işin nədən ibarət olduğunu, proqramçı olmaq üçün nələri öyrənəcəyimi artıq bilirdim. Bəzən suallarım olurdu, xalam oğlunun iş yerinə gedirdim. O və iş yoldaşları mənə izah edirdilər, proqramlaşdırma dili ilə bağlı kitab verirdilər, öyrənirdim. Yəni məktəb vaxtı proqramlaşdırma ilə bağlı çox çalışırdım, üzərimdə işləyirdim. Məktəb vaxtı baza formalaşdı. Birinci kursda oxuyanda isə artıq bir fokusum var idi. Necə proqramçı olacam? Bu yol mənə daha aydın idi. Birinci kursdan daha məqsədyönlü şəkildə çalışdım, olimpiadaya qoşuldum. Azərbaycan ikincisi oldum. Bu müddətdə proqramlaşdırma istiqamətində biliklərimi təkmilləşdirdim. Beləliklə, ikinci kursa başlayanda artıq ilk işimə başladım.
 
 
- Aktiv iş axtarışında idiniz?
 
- Aktiv olaraq iş axtarmırdım. Bir iş elanı diqqətimi cəlb etmişdi və iş təcrübəm olmadığına görə hansısa bir şirkətdə işləyərək daha çox öyrənə biləcəyimi düşünürdüm. Həmin şirkət müsahibəyə çağırdı və proqramlaşdırma biliklərindən əlavə olaraq SQL proqramlaşdırma dilini bilməyin də tələb olunduğunu dedilər. Mən həmin dili bilmirdim, amma bir həftə vaxt verəcəkləri təqdirdə öyrənə biləcəyimi dedim. Yadımdadır, müsahibəni götürən mütəxəssis 4 gün sonraya növbəti müsahibə təyin etdi və orda SQL-dən çoxlu suallar verəcəklərini dedi. Növbəti 4 gün dayanmadan oxudum və müsahibədən uğurla keçdim. İlk bir neçə həftə daha çox öyrənmək və təcrübə toplamaqdan ibarət idi. Amma qısa zamanda tam olaraq işlərə qoşuldum. Düzdür, tam ştatlı iş və dərslər bir az çətin olurdu, amma yaxşı qərar idi. Həm bu sahənin təhsilini alırdım, həm də işdə tətbiq edirdim.
 
- Tələbəlik müddətində davamlı işlədiniz?
 
- Bəli. 8 ay ilk iş yerində işlədim. Daha sonra tələbəlik dövründə "E-Gov”da və daha iki İT şirkətində çalışdım.
 
- İki magistr təhsili almısınız. İş həyatında bu təhsillərə ehtiyac hiss edirdiniz?
 
- Əslində, iş həyatında magistr təhsilinə xüsusi ehtiyac hiss etdiyimi deyə bilmərəm. Mən bakalavr təhsilini texniki, riyazi sahədə almışdım. İdarəetmə ilə bağlı da biliyim olmasını istəyirdim. Ona görə, Azərbaycanda informasiya sistemlərinin idarə edilməsi üzrə MBA təhsili aldım. İkinci magistr təhsilinə gəlincə isə, texniki sahədə daha qlobal bazarı görmək istəyirdim. Azərbaycanda yaxşı şirkətlər var, amma əksər şirkətlər daxili bazara fokuslandığından istər-istəməz sizin yaratdığınız məhsulun miqyası bəllidir. Amma məsələn, "WhatsApp” kimi platformada məhsulunuzla 2 milyarddan çox aktiv istifadəçiyə çata bilərsiniz. Daha böyük auditoriyaya məhsul təqdim edən proqramların texniki yükü daha böyük olur. Bunları ərsəyə gətirmək üçün daha çox elmi və texniki biliyə ehtiyac duyulur. Bu miqyasda olacaq layihələr mənə daha maraqlı gəlirdi və ona görə xaricə gəlmək qərarı verdim. Xaricdə magistr oxuyub-oxumamaqla bağlı tam əmin deyildim. İşləmək üçün də gələ bilərdim. Texniki biliklərim xaricdə işləmək üçün kifayət idi, iş cəhətdən problem olmayacaqdı. Amma elmi cəhətdən əskikliklər ola bilərdi. Etiraf etməliyik ki, xaricdə təhsil daha dərindir. Təhsil aldım ki elm, təhsil baxımdan daha özgüvənli olum. Düşünürəm ki, yaxşı qərar idi.
 
 
- Almaniyada magistr təhsili aldığınız dönəmdə işləməmisiniz. Bəs xərclərinizi necə qarşılayırdınız?
 
- (Gülür) İkinci kursdan Bakıda işləyirdim. Xaricə köçmək qərarı verəndən artıq pul yığmağa başlamışdım. Bilirdim ki, ilk dövrlər üçün mənə pul lazım olacaq.
 
- Almaniyada universiteti bitirəndən sonra iş tapmağınız necə oldu?
 
- Berlində "Careem” (Hazırda "Uber” gedir. Çünki sonra "Uber” o şirkəti aldı) şirkətindən təklif aldım. Həmin ərəfədə başqa şirkətlərdən də iş təklifi almışdım. Amma "Careem”də görəcəyim iş daha maraqlı idi. Nəticədə, "Careem”də proqram mühəndisi olaraq işə başladım. 2 il orada çalışdım. Sonra "Meta”dan iş təklifi gəldi.
 
- Və "yox” demədiniz…
 
- Təbii ki, demədim. Bu, mənim istəklərimdən biri idi. Proqramçıların böyük əksəriyyəti istəyər ki, "Big Tech” dediyimiz, dünyada lider olan bir şirkətdə çalışsın. Çünki onların işlədiyi innovasiya, orda olan texnologiya tamam fərqlidir. Digər sənayelərin bəlkə də bir neçə il sonra tətbiq edəcəyi texnologiya ilə siz artıq indi işləyirsiniz. "Careem”də çalışdığım müddətdə gələcəkdə "Meta”ya (O vaxt şirkətin adı "Facebook” gedirdi) müraciət etməyi və orda işləməyi planlaşdırırdım. Amma planımda hələ bir müddət gözləmək də var idi. Çünki "Uber” özü də çox nüfuzlu şirkətdir və çalışdığım şirkəti aldıqdan sonra çox maraqlı yeniliklər olmağa başladı. "Meta”dan iş təklif gələndə düşündüm ki, yaxşı vaxtdır. Çünki həm "WhatsApp”, həm də "Instagram” bizneslər üçün daha böyük platformaya çevrilməyə başlamışdı. Ona görə işlər mənim üçün maraqlı gəldi. Müsahibədən uğurla keçdim, istədiyim təklifi də aldım və Londona köçmək qərarı verdim. Düzü, Almaniyada uzun müddət qalmaq fikrim yox idi. Bu iş təklifi köçmək prosesini sürətləndirdi.
 
- "WhatsApp”da istifadə etdiyimiz hansı məhsulların ərsəyə gəlməsində sizin əməyiniz var?
 
- Mənim əməyim olan məhsulları növbəti illərdə bazarda görəcəksiniz. Əslində, bazarda var, sadəcə olaraq Azərbaycana gəlməyi bir az vaxt alacaq. İlk böyük miqyaslı işlədiyim layihə "Multi-Device” adlanır. Hansı ki, "WhatsApp” istifadəçilərinə öz hesablarını eyni anda bir neçə fərqli cihazda işlətmək imkanı yaradır. Bu, o deməkdir ki, artıq sizin mobil cihazınız sönsə belə, digər cihazlarda aktiv ola biləcəksiniz. Platforma olaraq mən "WhatsApp Business” üzərində çalışıram. Bu, hazırda bir çox adamın istifadə etdiyi proqram deyil. O, kiçik bizneslər, biznes adamları üçündür. Amma o proqramla milyon adama mesaj yazmaq mümkün deyil. Mən işlədiyim "WhatsApp Business” platforması daha böyük bizneslər üçündür. O bizneslər ki, eyni anda milyonlarla istifadəçi ilə danışır. O mesajı bir telefonla oturub yaza bilməz. Qısa şəkildə izah etsəm, fiziki olaraq milyonlarla müştərisi olan bir biznesin "WhatsApp” tətbiqi ilə öz müştəriləri ilə əlaqə saxlaması, demək olar ki, qeyri-mümkündür. Mən və komandamın ərsəyə gətirdiyi "WhatsApp Business” platforması böyük şirkətlərə eyni anda milyonlarla müştərisi ilə əlaqə saxlamaq imkanı yaradır. Sonra artıq baş mütəxəssis təyin olundum. İndi əsas "WhatsApp Commerce” üzərində işləyirəm. Bu layihə ilə bağlı əsas hədəfim "WhatsApp”ı hər bir istifadəçinin çox sadə şəkildə ödəniş edib istədiyi servis və əşyanı sifariş edə biləcəyi bir platformaya çeviməkdir. Misal üçün "WhatsApp” üzərindən yemək sifariş edə, kontur yükləyə və s. edə bilərsiniz. Artıq Hindistanda işləyir. Azərbaycana qısa zamanda gəlməyəcək. Çünki ödəniş sistemlərini ölkəyə gətirmək üçün onun hüquqi prosesləri tam həll olunmalıdır. Razılaşma olandan sonra ölkə bazarına daxil ola bilər. İnternetdə oxusanız ki, "WhatsApp” hansısa ölkədə böyük bir kommersiya bazarı yaradır, bilin ki, bu, mənim və komandamın layihəsidir.
 
- "Facebook”, "Instagram”, "WhatsApp” kimi məhsullarından çox adamın istifadə etdiyi şirkətlərdə çalışanlara dost-tanışların müxtəlif sualları olur. Sizə ən çox hansı sual verilir?
 
- (Gülür) Deyirlər ki, bizim "WhatsApp” mesajlarını orda oxuya bilirsiniz? Bəzən elə bilirlər ki, "WhatsApp”da işləyən adam istədiyi adamın mesajlarını oxuya bilər. Amma burda mesajlar şifrələnir. O şifrələnməni geri qaytarmaq olmur. Şifrələnməni qısa zamanda qırmaq isə mümkün deyil. Orda o qədər riyazi, elmi hesablamalar var ki, istəsək belə, "WhatsApp” mesajlarınızı oxuya bilmərik.
 
0