Qayınana-gəlinin əsas problemi: “İdarəçilik uğrunda rəqabət”

SOSİAL
12:06 / 08.05.2026
102

“Bəzi qızlar qayınana ilə yaşamağa müsbət baxmırlar”.

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O, bunun səbəblərindən bəhs edib:


“Müasir dövrdə qızlarımız ilk növbədə ailədə öz məkanını və münasibətini qorumaq istəyirlər. Yəni həm qayınana, həm də digər ailə üzvlərilə münasibətinin korlanmaması və öz evlərində daha rahat yaşaya bilmək üçün bunu tələb edirlər. Çünki ev sadəcə yaşanılan və yaşlanılan bir yer deyil, həm də insanın rahatlığının olduğu, özünü emosional olaraq təhlükəsiz hiss etdiyi, komfort zona məkanıdır. 

Bundan başqa, indiki dövrdə qızlarımız “ənənəvi gəlin” rolunda yaşamaq istəmirlər. Hətta xanımların çoxu münasibətdə öz qaydalarını qurmaq və ailə modellərini yaratmağa çalışırlar. Ailədaxili problemlərlə üzləşməmək üçün ayrı yaşamaq istəyirlər”.

Ekspertin sözlərinə görə, bəzən iki fərqli baxış bucağı olan xanımlar “evin qadını” rolunu paylaşa bilmirlər:
“İstər-istəməz bu görünməyən psixoloji güc mübarizəyə çevrilir. Yəni iki fərqli baxış bucağına sahib olan qadınların hər ikisi bir evin xanımı rolunda olmaq istəyirlər. Maraqlı məqam da buradadır ki, bir çox konflikt yeməkdən, təmizlikdən və ya digər məişət işlərindən deyil, onlara kimin qərar verəcəyindən başlayır.

Məsələn, yeməyi kim hazırlayacaq və ya buna kim qərar verəcək? Həmçinin, evin hansı gün təmizlənəcəyi kimi başqa nümunələr də çəkmək olar. İki xanım arasında bir növ idarəçilik uğrunda rəqabət gedir”.

Psixoloq qeyd edib ki, qızlar sevdikləri adamla münasibətdə özlərini rahat hiss etmək istəyirlər:
“Lakin qayınana ilə yaşayanda artıq evin içərisində iki şəxs olmur və az öncə bəhs etdiyim kimi müdaxilələr baş verir. Yəni üçüncü bir nəzarət hissi olduqda qızlar narahat olurlar. Bundan başqa, bəzi bəylər də evləndikdən sonra psixoloji olaraq birbaşa həyat yoldaşı roluna tam keçə bilmirlər. 

Nəticədə, ana ilə xanımı arasında sərhəd qoya bilməyəndə həyat yoldaşı özünü tək hiss edə bilir. Ananın oğluna həddindən artıq dərəcədə qayğı göstərməsi onun xanımını dəyərsiz hiss etdirir. Buna görə də qızların bir çoxu qayınana ilə yaşayanda ikinci plana düşməkdən qorxur”.

Mütəxəxssis qayınana ilə yaşayıb xoşbəxt olan qızların da olduğunu söyləyib:
“Əgər ortada hörmət və qarşılıqlı sərhəd varsa, ailəyə müdaxilə olunmursa, qayınana ilə yaşamaqda hər hansısa problem yaranmır. Əksinə, bu halda tam rahat yaşaya bilirlər.

Əslində, indiki dövrdə qızlarımız qaynana ilə yaşamaqdan ehtiyat etmirlər. Onlar, çox vaxt qurduqları yuvalarında qonaq kimi yaşamaq hissinin yaşayacaqlarından ehtiyat edirlər. Yəni önəmli olan bərabər yaşamaq deyil, bərabər yaşadığımız anda qoya biləcəyimiz sərhədlər və sağlam ünsiyyət qurmaqdır”.

Pərviz
 

0