“OpenAI” həmtəsisçiləri İlon Mask, Sem Altman və Qreq Brokman arasında davam edən məhkəmə prosesində şirkətin erkən dövrünə dair yeni detallara aydınlıq gəlib. İş materiallarına əsasən, 2017-ci ildə Mask "OpenAI"-ni "Tesla"nın strukturuna inteqrasiya etməyi və Altmana avtomobil istehsalçısının direktorlar şurasında yer verməyi təklif edib.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məhkəmə prosesi 28 aprel 2026-cı ildə başlayıb. Mask Sem Altman və Qreq Brokmana qarşı iddia qaldıraraq, “OpenAI” rəhbərliyinin qeyri-kommersiya təşkilatının ilkin prinsiplərini dəyişdirdiyini və onu kommersiya məqsədləri üçün istifadə etdiyini iddia edir. Sahibkarın sözlərinə görə, o, laboratoriyaya təxminən 38 milyon dollar investisiya yatırıb və İlya Sutskever də daxil olmaqla əsas tədqiqatçıların cəlb olunmasında iştirak edib.
İlkin mərhələdə Mask yatırdığı vəsaitin geri qaytarılmasını tələb etsə də, sonradan mövqeyini dəyişərək həmin vəsaitin “OpenAI”-nin qeyri-kommersiya fonduna yönəldilməsini təklif edib. O, həmçinin Altman və Brokmanın şirkətin idarəçiliyindən uzaqlaşdırılmasına çalışır.
“OpenAI” isə cavab olaraq bildirib ki, hələ 2017-ci ildə “Tesla” təşkilata nəzarəti ələ keçirməyə cəhd edib. Şirkət sübut kimi “Neuralink” rəhbəri Şivon Zilis-in ifadələrini təqdim edib. O, “OpenAI”-nin “Tesla”ya süni intellekt bölməsi kimi inteqrasiyası ssenarisinin müzakirə olunduğunu təsdiqləyib.
“OpenAI”ın açıqlamasına görə, sövdələşmə baş tutmadıqdan sonra Mask təşkilatı tərk edərək layihənin uğur şansının olmadığını bildirib. Bundan əlavə, sənədlərdə onun “OpenAI” əməkdaşlarını gələcəkdə güclü süni intellekt sistemlərinin hazırlanması üçün “Tesla”ya cəlb etməyə çalışdığı da iddia olunur.
Samir


