Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək.
Belə ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Bakıda keçiriləcək. 17-22 may tarixlərində baş tutacaq Foruma maraq olduqca böyükdür. Forum müxtəlif dünya ölkələrini təmsil edən tərəflərin həm yaradıcılığını, həm də fəal iştirakını əks etdirən 370-dən çox tədbiri özündə ehtiva edir.
Bütün tədbirlər “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında təşkil olunacaq. Ölkəmizin bu beynəlxalq tədbirə də layiqli şəkildə ev sahibliyi edəcəyi və Forumun təşkilatçılığının yüksək səviyyədə olacağı gözlənilir.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında bildirib ki, Ümumdünya Şəhərsalma Forumu ümumilikdə BMT-nin Məskunlaşma Proqramı tərəfindən təşkil olunan bir platformadır:
“İqlim dözümlülüyü, yaşayış mühiti, inklüziv şəhərlərin salınması və inkişafı məsələləri baxımından dünyanın ən böyük platformalarından biri hesab olunur. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının 17-22 may tarixlərində Bakıda keçirilməsi qlobal şəhərsalma və dayanıqlı inkişaf müstəvisində Azərbaycanın artan rolunun göstəricisi kimi qəbul olunmalıdır”.
Millət vəkili diqqətə çatdırıb ki, Forum çərçivəsində ölkəmizə müxtəlif dövlətlərin nümayəndələri gələcəklər:
“Beynəlxalq təşkilatlardan, ekspert qruplarından, şəhər idarəçiləri və vətəndaş cəmiyyəti institutlarından gələn nümayəndələrin bir araya gəlməsi üçün imkanlar yaranacaq. Təbii ki, bu çərçivədə təcrübə mübadiləsi aparmaq imkanları olacaq.
Xüsusilə də işğaldan azad olunmuş ərazilərimizdə icra olunan “Ağıllı şəhər”, “Yaşıl enerji” və post-münaqişə dövründə yenidənqurma işlərinin hansı səviyyədə keçirildiyini beynəlxalq səviyyədə təqdim olunması üçün də fürsətlər yaranacaq”.
Arzuxan Əlizadə onu da vurğulayıb ki, Bakıda keçiriləcək forum xüsusilə Qafqaz regionunda dayanıqlı şəhər inkişafı və regional əməkdaşlıq üçün də yeni imkanlar yaratmış olacaq:
“Həmçinin, tədbirin paytaxtımızda keçirilməsi Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsini daha da gücləndirəcək. Ölkəmiz xüsusilə son illərdə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir. İstər Bakıda, istər işğaldan azad olunmuş ərazilərimizdə belə tədbirlərin davamlı olaraq keçirilməsi Azərbaycanın artıq bu sahədə çox böyük təcrübəsindən və nüfuzundan, regional və eyni zamanda qlobal nüfuzundan xəbər verir.
Eyni zamanda, növbəti beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi turizm və xidmət sektoruna da birmənalı olaraq öz müsbət təsirini göstərəcək. Əlbəttə ki, Bakının qlobal paytaxt şəhərlər şəbəkəsində də mövqeyini növbəti dəfə möhkəmlənəcək”.
Elmir Mustafa



