And dağlarında pomidor və kartofun qohumu olan 20 metrlik ağac aşkar edildi

DÜNYA
12:35 / 08.05.2026
50

Alimlər And dağlarının meşələrində hündürlüyü təxminən 20 metrə çatan, pomidor və kartofla yaxın qohum olan əvvəllər naməlum bir ağacı müəyyən ediblər. Söhbət Daturodendron adlandırılan yeni bitki cinsindən gedir.

HİT.az xəbər verir ki, “The Times Of India” nəşrinin yazdığına görə, bu kəşf uzun illər davam edən araşdırmaların nəticəsidir. Sözügedən bitki 20 ildən artıq müddətdə dəqiq şəkildə təsnif edilə bilmirdi.

Alimlər müəyyən ediblər ki, bu ağac paslönkimilər (Solanaceae) fəsiləsinə aiddir. Bu fəsiləyə pomidor, kartof və badımcan kimi mühüm kənd təsərrüfatı bitkiləri daxildir.

Tədqiqatçılar ağacın genomunu müəyyən etmək üçün təxminən 300 genin analizindən istifadə ediblər. Nəticədə Daturodendron-un digər növlərlə “qardaş” təkamül xəttinə aid olduğu üzə çıxıb. Bu mövqe onun bütün paslönkimilər fəsiləsinin təkamülünü anlamaq üçün mühüm rol oynadığını göstərir.

Alimlərin fikrincə, kəşf bu bitki qrupunun necə formalaşdığını və dünyanın ən vacib kənd təsərrüfatı bitkilərinin təkamülünü anlamaqda boşluqları doldurur.

Genetik analizlər göstərib ki, ağac qədim əlamətləri qoruyub saxlayır və bu xüsusiyyətlər müasir paslönkimilərin ortaq əcdadında mövcud ola bilərdi. Bundan əlavə, bitki bu fəsiləyə xas olan və tibbi əhəmiyyət daşıyan alkaloidlər istehsal edir.

Məlumata görə, ağacın nümunələri yalnız Kolumbiya və Perunun dağ meşələrində, dəniz səviyyəsindən 1300–2100 metr yüksəklikdə aşkar edilib. Alimlər bu populyasiyanın olduqca məhdud və həssas olduğunu bildirirlər.

Bitki uzun müddət “müəyyən edilməmiş” (incertae sedis) kateqoriyasında qalıb və heç bir məlum qrupa aid edilə bilməyib. Yalnız müasir genetik üsullar onun mənşəyini dəqiqləşdirməyə və ayrıca cins kimi təsnif etməyə imkan verib.

Samir

0