\"Kondisioneri açmaq bizə qadağan edilib\" -Sürücü

15:25 / 27.05.2024
322

2 gün öncə 175 saylı avtobusa mindim. Hava xeyli isti, avtobus da ağzına qədər dolu. Hamı nəfəs nəfəsə istidən tövşüyür, bir neçə dəfə ucadan sürücüdən xahiş etdilər ki, kondisioneri yandırsın. Cavab vermədi.  

Axırda dözməyib, qışqırmağa başladı. Dedi, ürəyim sıxılır, səni hansı dildə başa salaq ki, kondisioneri işlədəsən, hamı tər içindədir. Sürücü ədəblə bildirdi ki, ona kondisioner açmaq qadağan edilib və bildirilib ki,150 manat cəriməsi var.

Bu sözdən sonra hamı susub oturdu. Sanki bu qadağanı qoyan daşıyıcı şirkət yox,Tanrı imiş.

Dövlət bu qədər xərc çəkib, şəhər nəqliyyatı üçün Bakubus avtobuslarını gətirib, şərait yaradıb, daşıyıcı şirkətlər də xidmət göstərirlər. Lakin kondisioner işləyəndə artıq sərf edilən benzinin pulu ciblərində qalsın deyə, işin qulağından, bucağından kəsirlər. Və kiminsə cibinə gedəcək o 5-10 manata görə hər gün minlərlə insan əsəb keçirməli, deyinməli, narahat olmalı, dövlətin gördüyü işdən narazı qalmalıdır. Bu dövlətə xəyanət deyil, bəs nədir?

O cəriməni kim yazır, hansı qanunla yazır, onun özünü 50 dərəcə istidə, dolu avtobusda gün içində gəzməyə məcbur eləmək lazımdır. Yaşatdığını yaşamadan ölməsin deyə..

Murad

0