Fəlakəti aradan qaldırmaq üçün yox, fəlakət olmasın deyə çalışmalıyıq

SOSİAL
15:42 / 27.08.2024
455

Bu səhəri də belə bir xəbərlə açdıq - Bakıda arvad ərini bıçaqlayıb.

Adətən tərsinə olurdu və hətta bu bir qanunauyğunluq şəklini almışdı. Ər sanki arvadını bıçaqlaması normal  xəbər olurdu, üstündən ötürdük, qadının əlinə bıçaq alması səksəndirdi bizi.

26 yaşlı xanım birgə yaşadıqları evdə ərinə kəsici-deşici alətlə xəsarətlər yetirib.

Ailə həyatında hər şey toy günü vəd olunduğu kimi güllük ,gülsatanlıq olmur. 
Əslində bu faciəli hadisənin kötüyündə  Azərbaycan gənclərinin ailə haqqında düşüncələrinin bəsit olması da dayanır.

Kişilərimizə öyrədilən şey "sən arvadının sahibisən, yumruğunu masaya vur”-dur. Qızlarımıza da öyrədilən “elə elə səni əzməsinlər”-dir.  

Bəzi hallarda “ər evindən meyidin çıxacaq” bədduasına bənzəyən xeyirdua ilə uğurlanan gəlinlərimiz həqiqətən ya gənc yaşda ya meyid olur, səbri daşanlar da öldürür, öldürə bilməyəndə evdən qaçır.

Çox az ailə bilir ki, istənilən rayonun İcra hakimiyyətinin nəzdində ailə psixoloqları var, onlar problemli ailələrlə məşğul olmalıdırlar.

Amma nə bu psixoloqlardan xəbəri olanlar var, nə də o psixoloqların öz işlərini, özlərini göstərmək üçün ortaya çıxdıqları.

Ortaya çıxan isə fəlakət dolu xəbərlər olur, travmalı ailələrdə travma içində böyüyüb,  gələcəkdə bədbəxt ailələrin təməlini qoyacaq  yeni nəsil olur.

Evlənməzdən öncə ailə tərbiyəsi, ailə terapisti ilə görüşmək şərtdir.

Bunu nəsil ağsaqqallarına həvalə eləmək də düzgün deyil. Çünki hər saqqalı, saçı olan  müdrik deyil, ağzından da dürr tökmür. Bu işə rəsmi qaydada , dövlət səviyyəsində əl qoyulmalıdır.

Azərbaycanda ailələrin boşanma səviyyəsi 50 faizə çatıb. Problemi olandan sonra yox, başlamazdan öncə çözməyi öyrənməliyik.

Fəlakəti aradan qaldırmaq üçün yox, fəlakət olmasın deyə çalışmalıyıq.

Murad

0