İsveçin Göteborq Universitetinin alimləri müəyyənləşdiriblər ki, tunc dövründə qədim Yunanıstanda kişilər və qadınlar yaşayış yerlərini eyni tezliklə dəyişiblər.
HİT.az xəbər verir ki, “PLOS One” nəşrində dərc olunan tədqiqatın nəticələri köçlərin əsasən nikah bağlamaq üçün başqa tayfalara göndərilən gəlinlərlə bağlı olduğu barədə yayılmış fikri təkzib edir.
Mütəxəssislər Yunanıstanın mərkəzi və cənubundakı altı arxeoloji abidədə aşkar edilmiş 199 nəfərin qalıqlarını təhlil ediblər. Məlum olub ki, hər qədim yaşayış məntəqəsinin sakinlərinin 5-10 faizi başqa yerlərdən gələn insanlar olub. Gəlmələr həm dəbdəbəli, həm də sadə qəbirlərdə dəfn ediliblər. Bu isə insanların sosial status və maddi vəziyyətlərindən asılı olmayaraq köç etdiyini göstərir.
Maraqlıdır ki, araşdırılan uşaqlar arasında başqa ərazilərdən gələn şəxslər aşkar edilməyib. Yaşayış yerini ən çox 30 yaşadək gənclər dəyişib. Üstəlik, onlar bütöv ailələrlə deyil, fərdi şəkildə köç ediblər. Beləliklə, həmin dövrdə miqrasiya xalqların kütləvi köçü ilə deyil, fərdi qərarlarla bağlı olub.
“Tədqiqatımız göstərir ki, gəlmə qadın və kişilərin sayı bir-birinə yaxındır. Bu isə insanların köç etməsinə müxtəlif amillərin səbəb ola biləcəyini göstərir və bunun yalnız qızların başqa icmalara ərə verilməsi ənənəsi ilə məhdudlaşmadığını ortaya qoyur”, – araşdırmanın aparıcı müəllifi, arxeoloq Serena Sabatini bildirib.
Tunc dövründə Aralıq dənizi regionu genişmiqyaslı sosial-iqtisadi dəyişikliklər yaşayırdı və ticarət yollarının genişlənməsi bölgənin inkişafında mühüm rol oynayırdı. Alimlər bu marşrutlarla məhz kimin hərəkət etdiyini müəyyənləşdirmək üçün stronsium izotoplarının analizindən istifadə ediblər. Bu kimyəvi element insan orqanizminə su və qida vasitəsilə daxil olur və insanın uşaqlığını keçirdiyi ərazinin geoloji izini diş minasının tərkibində ömürlük saxlayır. İzotopların tərkibi yerli göstəricilərdən fərqləndikdə, tədqiqatçılar həmin şəxsin başqa ərazidən gəldiyini müəyyənləşdiriblər.
İndiyədək tarixçilər hesab edirdilər ki, həmin dövrün patriarxal cəmiyyətlərində məskunlaşma yerini dəyişmək əsasən qadınlara xas olub. Qızların siyasi və iqtisadi əlaqələri möhkəmləndirmək məqsədilə doğma tayfalarından kənarda ərə verildiyi düşünülürdü. Yeni məlumatlar isə qədim yunanların kütləvi şəkildə köç etdiyini və bu qərarlara yalnız nikah adətlərinin deyil, həm də ticarətin, bilik mübadiləsinin və yeni torpaqlar axtarışının təsir göstərdiyini ortaya qoyur.
Samir


