Müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və onların ailə üzvləri üçün dövlət tərəfindən bir sıra sosial təminatlar və güzəştlər nəzərdə tutulub. Bu güzəştlər əmək münasibətləri və vergi öhdəliklərini də əhatə edir.
Bəs bu kateqoriyadan olan şəxslər işlədikləri zaman hansı vergi imtiyazlarından yararlana bilərlər və güzəştlər konkret olaraq kimlərə şamil olunur?
Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin rəis müavini Günel Bəhramqızı bildirib ki, müharibə veteranları və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Vergi Məcəlləsində bir sıra vergi güzəştləri nəzərdə tutulub:
"Vergi Məcəlləsinə əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin və qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirlərinə 400 manat azadolma tətbiq olunur.
Şəhid statusu almış şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən əldə etdikləri aylıq gəlirin 800 manatlıq hissəsi, habelə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) dul arvadlarının (ərlərinin) və övladlarının da hər hansı muzdlu işdən əldə etdikləri aylıq gəlirinə 400 manatlıq hissəsi gəlir vergisindən azaddır".
DVX rəsmisi vurğulayıb ki, qeyd olunan güzəştlərdən faydalanmaq üçün həmin şəxslər müvafiq güzəşt hüququnu təsdiq edən sənədi əsas iş yerinə təqdim etməlidirlər:
Müəyyən olunmuş maddi yardımlara da vergi azadolması tətbiq olunur:
"Şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın 20 000 manatadək olan hissəsi, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.
Bununla belə, vergi uçotunda olan fiziki şəxslərin (o cümlədən onların ailə üzvlərinin) müharibə əlili və ya müharibə veteranı statusuna görə sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərinə vergi güzəştinin verilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır".
Diqər həssas qruplara tətbiq edilən güzəştlər…
Dövlət Vergi Xidmətinin rəsmisi digər həssas kateqoriyalar üzrə tətbiq olunan güzəştləri də diqqətə çatdırıb:
"Orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), əlilliyi olan uşaqların, həmçinin daimi qulluq tələb edən əlilliyi olan uşağa və ya orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin, özlərinin istəyi ilə arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır".


