Evinizdə bu dəbli əşyaları quraşdırmazdan əvvəl düşünün - Xərci baha başa gələ bilər

DÜNYA
23:53 / 29.09.2026
55

Ev və ya mənzil təmir edərkən dəbli görünən bəzi həllər ilk baxışdan cəlbedici təsir bağışlasa da, sonradan ciddi qulluq və əlavə xərc tələb edə bilər. Mütəxəssislər xüsusilə bəzi interyer və məişət həllərinin gündəlik istifadə zamanı büdcəyə yük yarada biləcəyini bildirirlər.

HİT.az xəbər verir ki, “Real Simple” nəşrinin danışdığı dizayn və ev təsərrüfatı üzrə ekspertlər belə xərcli həllərdən 7-ni açıqlayıb.

Hovuz və hidromasaj vannaları

Hovuz və cakuzi müntəzəm qulluq tələb edir. Suyun təmizlənməsi üçün kimyəvi vasitələr, nasosların işləməsi və suyun qızdırılması əlavə xərc yaradır. Bundan başqa, peşəkar xidmət, təmir, mövsümi hazırlıq və təhlükəsizlik tədbirləri də büdcəyə təsir edə bilər. Bu xərclər ildə yüzlərlə, hətta minlərlə dollara çata bilər.

“Ağıllı ev” sistemləri

Mürəkkəb “ağıllı ev” sistemlərinin digər problemi texnologiyanın sürətlə yenilənməsidir. Divarlara və evin digər hissələrinə quraşdırılmış avadanlıqlar bir neçə ildən sonra köhnələ və dəyişdirilməsinə ehtiyac yarana bilər. Proqram təminatı, yeni komponentlər və uyğun yeniləmələr də əlavə xərc tələb edir.

Taxta terras və üzlüklər

Təbii ağac evin xarici görünüşünü daha cəlbedici etsə də, müntəzəm qulluq tələb edir. Materialın çürüməsinin, zərərvericilərdən və digər amillərdən zədələnməsinin qarşısını almaq üçün ağac mütəmadi təmizlənməli, boyanmalı və qoruyucu vasitələrlə işlənməlidir.

Açıq havada yay mətbəxləri

Həyətdə qurulan açıq mətbəxlər hava şəraitinin təsirinə məruz qalır. Buna görə belə məkanların mövsümi hazırlanması, təmizlənməsi və təmiri lazım gəlir. Su, qaz və elektrik avadanlıqları, həmçinin xüsusi mebel və texnika da əlavə xərc yarada bilər.

Parlaq laklı səthlər

Parlaq mebel və digər laklı səthlər estetik görünsə də, üzərində barmaq izləri və cızıqlar tez görünür. Xüsusilə azyaşlı uşaqların olduğu evlərdə bu səthlərin daim təmiz və səliqəli saxlanılması daha çox vaxt tələb edə bilər.

Təbii daşdan hazırlanmış dəzgahlar

Mərmər və digər təbii daşlardan hazırlanan mətbəx səthləri xüsusi qulluq tələb edir. Onların vaxtaşırı qoruyucu maddələrlə işlənməsi və xüsusi vasitələrlə təmizlənməsi lazım gəlir. Açıq rəngli daşlarda ləkə və zədələr daha tez nəzərə çarpır.

Kaminlər

Kamin də yalnız quraşdırma xərcindən ibarət deyil. Təhlükəsiz istifadə üçün onun və tüstü bacasının mütəmadi yoxlanılması və təmizlənməsi vacibdir. Buna görə belə bir detalı evə əlavə etməzdən əvvəl sonrakı texniki xidmət xərclərini də nəzərə almaq tövsiyə olunur.

Ekspertlər bildirirlər ki, ev üçün hər hansı dəbli həll seçilərkən yalnız ilkin qiymətə deyil, onun uzunmüddətli qulluq, təmir və istismar xərclərinə də diqqət yetirmək lazımdır.

Samir

0