Uranın peykində 170 km dərinlikdə gizli okeanın izləri aşkarlandı

DÜNYA
20:20 / 29.09.2026
51

Uranın peyki Ariel keçmişdə buz qabığının altında dərinliyi 170 kilometrdən çox olan nəhəng yeraltı okeanı gizlətmiş ola bilər. Alimlər bu qənaətə peykin səthindəki çatların quruluşunu araşdırdıqdan sonra gəliblər. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Icarus” jurnalında dərc olunub.

Ariel diametri təxminən 1160 kilometr olan nisbətən kiçik peykdir. Onun səthi qeyri-adi dərəcədə mürəkkəb və çoxsaylı çatlarla örtülüb. Planetologiya İnstitutunun alimləri kompüter modelləşdirməsindən istifadə edərək səthdəki çatlar şəbəkəsini peykin daxilində yaranan qabarma-çəkilmə gərginliklərinin modeli ilə müqayisə ediblər.

Məlum olub ki, çatların quruluşu keçmişdə Arielin dərin yeraltı okeana malik olması ehtimalı ilə yaxşı izah olunur. Peykin daxilini qabarma-çəkilmə qüvvələri qızdırmış ola bilər. Vaxtilə Arielin orbitinin eksentrisiteti indikindən təxminən 40 dəfə çox olub. Bu zaman Uranın cazibə qüvvəsi peyki növbə ilə dartıb və sıxaraq istilik enerjisi yaradıb. Məhz bu gərginliklər səthdə xarakterik çatların yaranmasına səbəb ola bilərdi.

Buzaltı okeanlar yerdənkənar həyat axtarışlarında ən çox diqqət çəkən mövzulardan biridir. Belə okeanların Yupiter və Saturnun peyklərində mövcud ola biləcəyi ehtimal edilir. İndi isə Uranın peykləri də bu siyahıya əlavə oluna bilər.

Müəlliflər vurğulayırlar ki, bu ehtimalı yoxlamaq üçün Urana xüsusi kosmik missiya göndərilməlidir. Planet sistemi yaxın məsafədən yalnız 1986-cı ildə “Voyacer-2” aparatı tərəfindən tədqiq edilib. Okeanın mövcudluğu təsdiqlənərsə, Uranın buzlu peykləri həyat üçün əlverişli şəraitin axtarışında yeni namizədlərə çevrilə bilər.

Ariel Uranın beş böyük peykindən biridir. Bu planetin sistemi haqqında məlumatlar hələ də məhduddur: onun yaxınlığından yalnız “Voyacer-2” aparatı, təxminən 40 il əvvəl, keçib.

Buzaltı okeanların maraq doğurmasının əsas səbəblərindən biri maye suyun süxurlarla təmasda olmasıdır. Bu, həyatın yaranması üçün əsas şərtlərdən biri hesab olunur. Buna görə də uzaq planetlərin buzlu peykləri tədricən “ölü” kosmik cisimlərdən həyat axtarışında prioritet hədəflərə çevrilir.

Samir


 

0