Böyük Britaniya Birləşmiş Ekspedisiya Qüvvələri (JEF) qrupuna daxil olan doqquz ölkəyə nüvə müdafiəsi təklif edib.
HİT.az xəbər verir ki, bu barədə Finlandiyanın "Iltalehti" nəşri məlumat yayıb. Bildirilir ki, müvafiq sazişin bu ilin noyabrında imzalanması planlaşdırılır.
Sazişə Finlandiya, Danimarka, Estoniya, İslandiya, Latviya, Litva, Niderland, Norveç və İsveçin dəvət edildiyi bildirilir. Beləliklə, bu ölkələrdə nüvə çəkindirməsi yalnız NATO-nun nüvə müdafiə sistemi ilə təmin olunmayacaq.
Nəşr qeyd edir ki, JEF-in yeni döyüş qüvvələrinin operativ fəaliyyəti NATO-nun Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinin aktivləşdirilməsini tələb etməyəcək.
Məlumata görə, Britaniyanın nüvə müdafiəsində əsas rolu atom sualtı qayıqları oynayacaq.
Britaniya Hərbi Dəniz Qüvvələrinin komandanı general ser Qvin Cenkins təşəbbüsün əhəmiyyətini vurğulayıb.
"Bu təşəbbüs Böyük Britaniyanın Finlandiya üçün böyük əhəmiyyət daşıyır. Çünki Finlandiya Baltik dənizində dəniz daşımalarından da böyük ölçüdə asılıdır. Uzunmüddətli ənənələrə və güclü donanmaya malik Böyük Britaniyanın Baltik dənizində dəniz daşımalarını dəstəkləməyi öhdəsinə götürdüyü barədə mesaj böyük əhəmiyyət daşıyır", – o deyib.
Bu ilin yayında NATO Rusiyanın qonşusu olan Polşa, Finlandiya və Litvada nüvə silahlarının yerləşdirilməsi məsələsini müzakirə edib.
Finlandiya daha əvvəl nüvə silahlarının ölkəyə gətirilməsi və tranzitinə dair tarixi qadağanı ləğv edib. Litvada isə yaxın günlərdə nüvə silahlarının yerləşdirilməsinə imkan verən düzəliş təsdiqlənib.
Kreml Rusiyanın sərhədləri yaxınlığında yerləşən ölkələrdə nüvə qalxanının yaradılması planlarını kəskin tənqid edib. Rusiyanın Belçikadakı səfiri Denis Qonçar daha əvvəl belə addımların Rusiya ilə "birbaşa hərbi münaqişə perspektivini ciddi şəkildə yaxınlaşdırdığını" bildirib.
Samir


