Gecə daha çox yatmaq psixi sağlamlıqda nəzərəçarpan müsbət dəyişikliklər yaradır

DÜNYA
21:31 / 08.11.2024
195

Yuxunun insan psixologiyasına və sosial davranışlara təsiri haqqında yeni bir araşdırma aparılıb. Alimlərin təhlilləri göstərir ki, hər gecə adi vaxtdan 46 dəqiqə artıq yatmaq psixi sağlamlıqda nəzərəçarpan müsbət dəyişikliklər yaradır.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, “Journal of Positive Psychology” jurnalında dərc olunan bu tədqiqat yuxunun yalnız mənfi təsirlərin qarşısını almaqla kifayətlənməyib, eyni zamanda, insanı daha yaxşı hiss etdirdiyini göstərir.

Əksər araşdırmalarda yuxusuzluğun mənfi təsirlərinə diqqət yetirilir. Məlumdur ki, kifayət qədər yatmamaq yaddaş, idrak bacarıqları və hətta genetik sağlamlıq üzərində arzuolunmaz təsirlərə səbəb ola bilər. Ancaq yeni araşdırma yuxunun yalnız fiziki deyil, sosial faydalarını da üzə çıxarır. Bu tədqiqat çərçivəsində 18-24 yaş arası 90 nəfər gec, tez yatan və adi yuxu rejimi olan qruplara bölünüb. Gec yatan qrup saat 2:00-da yatıb və 7:30-da oyanıb, tez yatan qrup isə saat 22:30-da yatıb və eyni vaxtda oyanıb. Birinci qrup adi yuxu rejimlərindən 37 dəqiqə az, ikinci qrup isə 46 dəqiqə çox yatıb. İştirakçıların yuxu rejimləri bir həftə boyunca “smart saat”la izlənilib və yuxu vərdişləri gündəlik qeydlərlə təsdiqlənib.

Tədqiqatda iştirakçılar həftənin əvvəlində və sonunda sorğulara cəlb olunub və idrak testlərindən keçiblər. Əsas diqqət yuxunun şəxsiyyət xüsusiyyətlərinə, məsələn, minnətdarlıq və cəsarət kimi hisslərə təsirinə yönəldilib. Tədqiqatçılar müəyyən ediblər ki, adi yuxu müddətindən 46 dəqiqə artıq yatmaq insanlar arasında müsbət psixoloji dəyişikliklər yaradır.

Araşdırmanın müəlliflərindən biri olan Maykl Skullin qeyd edib ki, bu əlavə yuxu ilə insanlar daha çox həyatdan razılıq, minnətdarlıq və həyat məqsədlərini hiss etməyə başlayır. Bunun əksinə olaraq, adi yuxu müddətindən 37 dəqiqə az yatan qrupda isə emosional vəziyyət və əhval-ruhiyyədə azalma müşahidə olunub. Araşdırmanın nəticələrinə görə, daha çox yatan qrupda təkcə əhval-ruhiyyə deyil, ümumi rifah da yaxşılaşır. M.Skullin əlavə edib ki, daha çox yatmaq yalnız gün ərzində gümrahlıq bəxş etmir, həm də insanların sosial davranışlarına təsir edir. Tədqiqatda yuxunun şəxsi təkmilləşməni aşaraq sosial davranışlara da təsir etdiyi göstərilib. Məsələn, daha çox yatmaq insanların xeyriyyəçilik, icma təşəbbüsləri və digər sosial fəaliyyətlərdə iştirak etmək istəyini artırıb.

Alimlər yekun olaraq vurğulayıb ki, adi gecə yuxusunu bir az da artırmaq təkcə fiziki yox, həm də sosial və emosional baxımdan fərqli hiss etməyə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.

0