Qəhvə yalnız enerji verən içki deyil, onun qaraciyər sağlamlığı ilə də əlaqəli ola biləcəyi bildirilir. Araşdırmalar müntəzəm qəhvə istehlakının bəzi qaraciyər xəstəliklərinin inkişafı və ağırlaşması riskinin azalması ilə əlaqəli olduğunu göstərir.
HİT.az "Verywell Health"a istinadən xəbər verir ki, qəhvənin tərkibindəki kofein, xlorogen turşu və digər təbii birləşmələr qaraciyərə qoruyucu təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, qəhvə oksidləşdirici stress və iltihabla mübarizəyə kömək etməklə yanaşı, qaraciyərdə çapıq toxumasının – fibrozun yaranmasını ləngidə bilər.
Xüsusilə artıq qaraciyər xəstəliyi olan insanlarda qəhvə istehlakının fibrozun ağırlaşması riskinin daha aşağı olması ilə əlaqəli olduğu qeyd edilir. 2021-ci ildə aparılan araşdırmaya əsasən, yağlı qaraciyər xəstəliyi olan və qəhvə içən şəxslərdə əhəmiyyətli fibroz ehtimalı təxminən 35 faiz daha aşağı olub.
Sirroz və qaraciyər xərçəngi riskinə təsiri
Qəhvə istehlakının qaraciyər sirrozu və xroniki qaraciyər xəstəliklərindən ölüm riskinin azalması ilə də əlaqəli olduğu bildirilir. Böyük Britaniyanın UK Biobank məlumatları əsasında aparılan araşdırmada qəhvə içən şəxslərdə xroniki qaraciyər xəstəliyindən ölüm riski qəhvə içməyənlərlə müqayisədə təxminən 49 faiz aşağı olub.
Bəzi elmi araşdırmalar qəhvə qəbulunun qaraciyərin ən çox rast gəlinən ilkin xərçəng növü olan hepatoselulyar karsinoma riskinin azalması ilə əlaqəli olduğunu da göstərir.
Maraqlıdır ki, bu təsir yalnız kofeinli qəhvə ilə məhdudlaşmaya bilər. Kofeinsiz qəhvənin də qaraciyər xəstəlikləri riskinin azalması ilə əlaqəli olduğu bildirilir. Bu isə qəhvədəki digər maddələrin də mümkün qoruyucu təsirə malik olduğunu göstərir.
Gündə nə qədər qəhvə içmək olar?
Mütəxəssislər qaraciyərlə bağlı göstəricilər baxımından ən çox faydanın gündə təxminən 3-4 fincan qəhvə qəbul edənlərdə müşahidə edildiyini bildirirlər. Lakin daha çox qəhvə içməyin əlavə fayda verdiyi dəqiq göstərilməyib.
Sağlam böyüklər üçün gündəlik kofein qəbulunun 400 mq-dan az olması tövsiyə edilir. Bu miqdar qəhvənin hazırlanma üsulundan asılı olaraq təxminən 2-3 böyük fincana uyğun gələ bilər.
Qəhvənin hazırlanma üsulu da əhəmiyyət daşıyır. Filtrsiz qəhvədə, məsələn, fransız pressində hazırlanan içkidə kafestol və kahveol adlı maddələrin miqdarı daha yüksək olur. Bu birləşmələr qaraciyər üçün müəyyən qoruyucu xüsusiyyətlərə malik olsa da, bəzi insanlarda “pis” xolesterin kimi tanınan LDL səviyyəsini artıra bilər. Kağız filtr isə həmin maddələrin böyük hissəsini süzür.
Mütəxəssislər qəhvənin faydalı ola biləcəyini vurğulasalar da, içkiyə çox miqdarda şəkər və yağlı qaymaq əlavə edilməsinin bu üstünlükləri azalda biləcəyini bildirirlər. Həmçinin kofeinin çay, enerji içkiləri, qazlı içkilər və şokoladda da olduğunu nəzərə almaq lazımdır.
Samir

