Harvard-Smitson Astrofizika Mərkəzinin əməkdaşı Martin Elviz Ayda 1 milyon nəfər əhalisi olan şəhərin neçə il fəaliyyət göstərə biləcəyini hesablayıb.
HİT.az xəbər verir ki, tədqiqat “Frontiers” jurnalında dərc olunub və onun nəticələri Yerin peykinin mənimsənilməsi tərəfdarlarını məyus edə bilər.
Ayda yaşayış məntəqələrinin yaradılması ideyası qütb kraterlərində su buzunun aşkar edilməsindən sonra geniş maraq doğurub. Bu çökəkliklərin dibi milyardlarla il ərzində birbaşa günəş işığı görməyib. Buna görə də alimlərin “əbədi qaranlıq çuxurlar” adlandırdığı ərazilərdə temperatur 110 kelvindən, yəni mənfi 163 dərəcə Selsidən yuxarı qalxmır. Belə “soyuq tələlərdə” buz hətta vakuum şəraitində belə buxarlanmır.
Məhz bu su — içməli su, oksigen və raket yanacağının mənbəyi — Ceff Bezosu ağır sənayeni Aya köçürmək, İlon Maskı isə “özünü inkişaf etdirən şəhərlər” qurmaq ideyasına həvəsləndirib.
Tədqiqatçıların sözlərinə görə, məskunlaşanların enerji ilə bağlı problemi olmayacaq. Kölgədə qalan kraterlərin kənarları demək olar ki, həmişə günəş işığı alır və buna görə də “əbədi işıq zirvələri” adlandırılır. Burada tamamilə günəş panelləri ilə örtülmüş, kilometrlərlə hündürlüyə malik qüllələr quraşdırmaq mümkün ola bilər. Onların birlikdə 3 giqavatadək elektrik enerjisi istehsal edə biləcəyi hesablanır.
Peykdə günəş panellərinin istehsalını yerli şəraitdə təşkil etmək üçün kifayət qədər silisium da mövcuddur. Belə enerji gücü süni intellekt üçün məlumat mərkəzlərinin fəaliyyətini də təmin edə bilərdi. Bu isə Ayda real iqtisadi fəaliyyətin başlanmasına yol aça bilər.
Əsas problem isə su ehtiyatlarıdır. Hətta 2013-cü ildən orbit missiyalarının məlumatlarına əsaslanan 1 milyard tonluq nikbin qiymətləndirmə nəzərə alınsa belə, suyun təkrar emal edilmədiyi halda 1 milyon nəfərlik şəhər bu ehtiyatları bir neçə il ərzində tükədə bilər.
Müasir qiymətləndirmələrdə Ayın su ehtiyatlarının həcmi 30 dəfə daha aşağı göstərilir. Bu halda hətta kiçik şəhər belə təxminən on ildən sonra susuz qala bilər. Bir neçə əsr ərzində davamlı mövcud ola biləcək yaşayış məntəqəsi isə yalnız 1000 nəfərlik kənd və ya 10 min nəfərlik kiçik şəhər ola bilər.
Elviz problemin həlli üçün bir neçə variant sadalayıb. Bunlara suyun təkrar emalının səmərəliliyini ən azı beş dəfə artırmaq, şaquli fermalardan istifadə etməklə su sərfini azaltmaq, suyu Yerə yaxın asteroidlərdən gətirmək və Ayın özündə yeni buz yataqları axtarmaq daxildir.
Tədqiqatçı sonuncu variantı ən perspektivli hesab edir.
“Əgər kosmos milyarderlərinin iddialı planlarının gerçəkləşməsi nəzərdə tutulubsa, ilk addım əlavə su ehtiyatlarının axtarışı olacaq”, — alim bildirib.
Hazırda zondlar yalnız boş səth qruntunun — reqolitin — ilk metrlərini tədqiq edə bilir. Halbuki reqolit onlarla metr dərinliyə qədər uzanır və indiyədək nəzərə alınmayan su ehtiyatlarını ehtiva edə bilər.
Samir


