Rəsulzadə niyə dövlətimizi “Azərbaycan” adlandırıb?

SİYASƏT
11:59 / 04.07.2020
5022

Bu sualın cavabını müəyyən tədqiqat əsərlərində və dərsliklərdə tapmaq mümkün olsa da, əsas məqamlar araşdırılmayıb.Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadənin yazdığı əsərləri toplayıb nəşrə hazırlayarkən maraqlı faktlarla rastlaşdım və həmin yazılardakı faktların oxuculara çatdırılması zərurətini hiss etdim.Bu məlumatları öyrənmək həm də tariximizin çox mühüm dövrü ilə bağlı bilgilərimizin genişlənməsinə köməkdir.Bir həqiqəti unutmamalıyıq ki, vətənimiz və dövlətimiz olan “Azərbaycan” adının qazanılması mürəkkəb inkişaf mərhələrindən və çətinliklərdən keçib.

1918-ci ilin mayın 28-də Azərbaycan İstiqlalı elan edildi və tarixdə ilk dəfə olaraq hüquqi əsaslara və milli prinsiplərə bağlı Azərbaycan Cümhuriyyəti yaradıldı.İstiqlal bəyannaməsinin 2-ci bəndində qeyd olunduğu kimi, dövlətin idarə forma etibarı ilə bu Xalq Cümhuriyyəti idi.

İlk dəfə olaraq tarixdə “Azərbaycan” adlı dövlət öz mövcudluğunu elan edirdi.Bəs dövlətin belə adlandırılması təklifini kim irəli sürdü? Bu nə zamandan siyasi ad olaraq səsləndirilməyə başladı? “Azərbaycan” adına digər siyasilərin və dövlətlərin münasibəti necə idi? Bu faktları bilirikmi ki, İran, Rusiya dövlətləri və bəzi siyasi partiyalarımız və təmsilçiləri də bu adın əleyhinə idilər.Yəni indi dövlətimizin adı olan “Azərbaycan” uğrunda böyük bir mücadilə gedib və bu fikrin banisi olan M.Ə.Rəsulzadənin mövqeyi uğur qazanıb.

Bu sullara cavabı və prosesin gedişini M.Ə.Rəsulzadənin yazdığı əsərlər əsasında təqdim edirik.

“Azərbaycan” adı bizim bəzi yazıçılarımızın əsərlərində, müəyyən cəmiyyət adlarında(xüsusən Rusiya və Kiyevdə oxuyan tələbələrimiz bu adla cəmiyyətlər yaratmışdılar) qeyd edilsə də, bu siyasi bir fikir halında təqdim olunmayıb.Qeyd edək ki,İranda soydaşlarımızın yaşadığı məkan da “Azərbaycan” adlanıb.Hətta güneyli soydaşlarımız bu adda mətbuat orqanı da nəşr ediblər və s.

Bizim indiki “Azərbaycan” adlanan məkana verilən adlar da məlumdur:Car Rusiyasına qədər xanlıqlar(xanlıqlara qədərki adları sadalamıram və məlumdur), çar Rusiyasının işğalından sonra quberniyaların yaradılmas, Müvəqqəti Hökumət dövründə komissarlıqlar və s. Yəni bu dövr mənbələrində “Azərbaycan” adı yoxdur.

Bəs bu da uğrunda mübarizənin tarixi nə zaman başladı?Niyə bu yeni yaranan dövlət “Azərbaycan” adlandırıldı? Əslində strateji baxımdan güneyli, quzeyli Azərbaycan türklərini birləşdirən və onların vahid bir toplum olduğunu əsaslandıran bu adın və ideyanın müəllifi kim idi? Niyə İran dövləti bu yurdun “Azərbaycan” adlandırılmasından narahat olur və orada nəşr edilən qəzetlərdə M.Ə.Rəsulzadə günahlandırılırdı?

Bu maraqlı prosesi tarixi ardıcıllıqla izləyək və M.Ə.Rəsulzadənin bir fikrinin həqiqət olduğuna inanaq ki:“Yalnız “türk” kəlməsi deyil, “Azərbaycan” adı da qazanılmışdır. Fəqət bu ismin əleyhinə dəxi, işarət etdiyimiz kibi, az mücadilə edilməmişdir”.

1917-ci ildə böyük dövlət xadimi Nəsib bəy Yusifbəylinin Gəncədə yaratdığı “Türk Ədəmi Mərkəziyyət Partiyası”nın proqramında “Azərbaycan” sözü ilk olaraq siyasi məzmunda qeyd edildi.Yəni proqramda “Azərbaycana muxtariyyət fikri” əksini tapdı.

Lakin “Azərbaycan” adı uğrunda mücadilənin bütün ağırlıq mərkəzində dayanan M.Ə.Rəsulzadə və onun fəaliyyəti oldu.

1917-ci ilin aprelində Qafqaz Müsəlmanlarının Bakıda keçirilən Qurultayında, həmin ilin mayında Rusiya Müsəlmanlarının Moskvada keçirilən qurultayında “Azərbaycan muxtariyyəti” M.Ə.Rəsulzadənin çıxışlarında ciddi olaraq səsləndirildi:”Azərbaycan ilə Dağıstan,Türkistan,Qırğızıstan kimi ayrı məhəlli xüsusiyyətlərə malik olan türk qövmləri üçün muxtariyyətlər istiyoruz”.

Beləliklə,bu bölgənin “Azərbaycan” adlandırılması bir fakt olaraq ortaya qoyulmağa başladı.

Yaradılmış Azərbaycan Cümhuriyyəti haqqında M.Ə.Rəsulzadə “Əsrimizin Siyavuşu” əsərində qeyd edirdi:“Hər şeydən əvvəl Azərbaycan Cümhuriyyətinin əsas idarəsi bütün vətəndaşlarının müsavi bir hüquqilə yaşaması üzərinə qurulmuşdu. Burada hər bir insanın şəxsi möhtərəm, Azərbaycan vətəndaşı olduğu üçün hüquqi məhfuz idi(bax: M.Ə.Rəsulzadə.Əsərləri,mühacirət dövrü, I cild, B..2016, səh.12-213).

M.Ə.Rəsulzadənin 1923-cü ildə İstanbulda nəşr etdiyi “Azərbaycan Cümhuriyyəti, keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti” kitabında dövlətimizin “Azərbaycan” adlandırılması ilə bağlı maraqlı faktlar vardır:

“Hərbi – ümumidən əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan Şimali İranda vaqe Təbriz ilə həvalisinə(ətrafına) deyilirdi. Hərbdən və böyük Rusiya ixtilalından(inqilabından) sonra dillərdə dolaşan Azərbaycan salifüzzikr(irəlidə deyilmiş) Azərbaycanın Şimalında Cənubi – Şərqi Qafqasiya qitəsindən(hissəsindən) ibarətdir ki, mərkəzi Bakıdır.

Azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə islam, mədəniyyəti - əsasiyyə etibarilə şərqlidirlər.

Kəndi ləhceyi – məxsusəsilə Anadolu türkcəsinə yaxın şivə ilə konuşan Azərbaycan türkü müxtəlif şivələrə malik və olduğu yerlərə nisbətlə müxtəlif isimlər daşıyan böyük türk ağacının bir dalıdır.

Azəri türklərinin hal – hazırda oturduqları yerlər min illər qədim türk xəlqi ilə məskun idi. Gərək Bakı, Gəncə, Şamaxı, İrəvan ilə Təbriz, Marağa, Ərdəbil və sairə kibi vilayətlər və gərək Muğan, Arran, Qarabağ və Qarabağ kibi məmləkətlər daima türk elinin oturağı və türk xanlarının ovlağı olmuşdur. Bu yerlər kəndilərində bir çox türk sülalələrinin irili – ufaqlı hökumətlər qurduqlarını və yıllarla səltənət sürdüklərini görmüşlərdir” (bax: M.Ə.Rəsulzadə.Əsərləri,mühacirət dövrü, I cild, B..2016, səh 40-41).

M.Ə.Rəsulzadə 1925-ci ildə Türkiyədə nəşr edilmiş “İstiqlal məfkurəsi və gənclik”əsərində(əslində bu onun tədbirdə çıxışıdır) məlumatı belə təqdim edir:

“Rusiya idarəsindəki müsəlmanlara “türk” dedirtmək şimdi artıq qazanılmış bir da¬vadır. Yalnız “türk” kəlməsi deyil, “Azərbaycan” adı da qazanılmışdır. Fəqət bu ismin(adın) əleyhinə dəxi, işarət etdiyimiz kibi, az mücadilə edilməmişdir. Vətənimizin bu ismi daşımaq haqqında olduğunu inkar edənlər yalnız İran milliyətçiləri deyil idi. İranilərdən bir qismi Bakıda nəşr etdikləri bir qəzetəyə “Azərbaycan cüzi-layənfəki-İran”(“Azərbaycan İranın ayrılmaz hissəsidir”) ünvanını vermişlərdi. Onlar bununla Bakının, Gəncə və sairənin Azərbaycan adını daşımaq haqqında olmadığını söyləmək istəmişlərdi və yalnız bu qədərlə qal¬ma¬mış, Tehran mətbuatı bu xüsusda yeni təşəkkül edən cümhuriyyətə və bu ismin “mü¬qəssiri” bulunan “Müsavat” firqəsinə qarşı pək böyük bir səfər açmışlardı. Fəqət bunu da xəbər verəlim ki, onların bu səfəri Azərbaycan komunistləri ilə ittihad¬çı¬la¬rının səfərindən sonra başlamışdı. “İttihad” liderlərindən Qənizadə Soltan Məcid daha iyir¬mi sənə əvvəl yazdığı lüğət kitabına “İstilahi-Azərbaycan” adını vermişkən, “Azər¬bay¬can muxtariyyət və ya istiqlalı”nın bu yerlərdə mövzui-bəhs olamıyacağını müda¬fiə ediyordu. Onunca, Azərbaycandan və türklükdən deyil, “Rusiyada müsəl¬man¬lıq¬dan” bəhs etməlidi. Yalnız ittihadçılar və komunistlər deyil, Azərbaycan sosia¬list¬lə-rincə də Azərbaycan istiqlalı və ya muxtariyyəti mövzui-bəhs deyildi. Mavərayi-Qafqas seyminin ilk ictimaində siyasi firqələr namına oxunan bəyan-na¬mə¬lər¬də nə ittihadçılar, nə də sosialistlər Azərbaycan təəzzüvündən bəhs etməmişlərdi. Yalnız “Müsavat” firqəsinin bəyannnaməsində idi ki, “Seym” məclisinin müəssis bir ictima olduğu qeyd olunuyor və bu müəssisdə Azərbaycan, Gürcüstan və Ermənistan höku¬mətlərinin daireyi-səlahiyyəti ilə müştərək federativ hökumətin hüquq və hüdü¬du¬nun təyini lüzumu əhəmiyyətlə irəli sürmüşdü”( bax: M.Ə.Rəsulzadə.Əsərləri,mühacirət dövrü, I cild, B..2016, s.243-244).

M.Ə.Rəsulzadə qeyd edir ki, Azərbaycan adına qarşı çıxanlar yalnız İran milliyyətçiləri deyildi,eyni zamanda öz millətimizdən olan ittihadçılar və kommunistlər də bu fikrin əleyhinə idilər.Bu fikri irəli sürən və dəstəkləyən isə M.Ə.Rəsulzadə və onun başçılıq etdiyi Müsavat Partiyası idi.

Bəs hadisələr sonra necə davam edir?

M.Ə.Rəsulzadə 1928-ci ildə Türkiyədə “Türk İli” jurnalında nəşr edilmiş “Qafqasiya türkləri” əsərində belə bir bilgini də oxuculara təqdim edir: “1) Azərbaycan isminin mənşəyi”.O, yazırdı:

“Ərəb müvərrixlərinin(tədqiqatçılarının) “Arran” və “Şirvan” adlandırdıqları Şərqi Qafqasiyada tə¬şəkkül edən bu cümhuriyyətin “Azərbaycan” ismini almaya haqlı olub -olmadığı mucibi-bəhs(bəhs səbəbi) olmuşdu. Azərbaycan coğrafi və eyni zamanda siyasi bir istilah olaraq, Böyük İsgəndər tərəfindən təsis olunan “Yunan-Bohtər” imperatorluğuna qarşı elani-istiq¬¬lal edən Sətrap “Atropat” tərəfindən təsis olunan məmləkətə “Atro¬po¬ten¬ye” deyilmişdi. Ermənilər buna “Atropatağan” demişlər ki, “Aderbadeğan” kəl¬mə¬sinin müərribi(qarşılığı) olan “Azərbaycan” da buradan nəşət eləmişdir.

Hər nə qədər coğrafi Azərbaycan məfhumuna mərufi-vəchlə, Təbriz ilə havali¬si¬ni təşkil edən İran vilayəti daxil isə də, “Atropotenye” səltənətinin bugünkü İran Azər¬bay¬can hüdudu daxilinə inhisar etdiyi məlum deyildir. Fəqət “Azərbaycan” ismini “atəş-abadğan” və yaxud “atəş-məkan” mənasında anlayanlar bu ismi məmləkətdə məb¬zul(bol,çox) yanardağlar, qazlar və atəşgədələrlə əlaqədar buluyorlar. Professor Marr “Azər”in bir qövm deyil, bir “totem” ismi olduğu və bu “totem”in “atəş” olmaq ehtimalı varid olduğu haqqında mühərrirə vüqu bulan bəyanı dəxi bu mülahizəyi təqviyə edər bir ma-hiyyətdədir.

Bu məqalədə sərd etdiyimiz tarixi məlumatdan da görüldüyü vəchilə, Şərqi Mavərayi-Qafqas ərazisinin Azərbaycan ünvani-ümumisi altında gələn təşəkküllərə da¬xil olduğunu isbat edən vəqayedən sərfi-nəzər, Azərbaycan türklərinin yaşadıqları bir məm¬ləkət olduğu üçün, burasına Azərbaycan deməkdə heç bir məhzur(qapadılmış, mühasirə edilmiş) görülməmişdir. Bu ismin yeni Türk Cümhuriyyətinə verilməsində ən mühüm amil şübhəsiz, bu qövmü ünsür olmuşdur”.

M.Ə.Rəsulzadənin bu fikrini bir daha önə çəkirəm:” Bu ismin(yəni “Azərbaycan” adının –red) yeni Türk Cümhuriyyətinə verilməsində ən mühüm amil şübhəsiz, bu qövmü ünsür olmuşdur”.

M.Ə.Rəsulzadə Azərbaycanın ərazi və əhalinin sayını da bizə təqdim edir:

“2)Məsahəyi-səthiyyəsi,topoqrafik vəziyyəti və nüfusu Azərbaycan Cümhuriyyəti Mavərayi-Qafqasiyanın şərqi qismini ehtiva edər. Əs¬ki Bakı vilayəti kamilən, Gəncə vilayəti kəza(həmçinin,bunun kimi), Rəvan (Yerevan - red.) vilayətindən Zəngəzur ilə Şərur qəzaları və sabiq İlisu səltənətini təşkil edən “zikrtala” və yaxud “Zaqa¬tala” ölkəsi kamilən, Tiflis vilayətindən dəxi cüzi bir qismi (Qarayazı və Borçalı nahiyələri) milli Azərbaycan Cümhuriyyətinin məsahəyi-səthiyyəsini təşkil edər. Heyə¬ti-məcmuəsi ilə 92.160 kilometr murəbbe (85.348 verst murabbe) təşkil edən bu ərazi ge¬niş¬lik etibarı ilə Portəkiz ilə əski Serbiyaya müsəvi(bərabər) olub, İsveçrə Cümhu¬riy¬yə¬ti¬nin iki mis¬lidir.

Şimalda Dağıstan dağları, cənubda Aras nəhri ilə Qaradağın ətəkləri və Lənkəran dağları, qərbdə Gürcüstan ilə Göyçə gölünün sahilləri, şərqdə Bəhri-Xəzərlə mühat bu sahə, şimalda Şirvan, cənubda da Qaradağ yaylaları ilə bu iki yayla arasında vaqe geniş ovalıqlardan ibarət bir məmləkətdir”.( bax: M.Ə.Rəsulzadə.Əsərləri,mühacirət dövrü, I cild, B..2016,s.464).

Lakin cümhuriyyətimizə “Azərbaycan” adının verilməsindən ən çox narahat olan İran dövləti idi.M.Ə.Rəsulzadə yazırdı:

“Bəzi İran mühərrirləri Azərbaycan Cümhuriyyətinin vücudunda İranın təmamiyyəti mülkiyyəsindən ötrü “ələni”(açıq,aşkar) bir təhdid görüyorlarmış.Və Azərbaycan İranın bir vilayəti ikən bunu cümhuriyyətimizə “ələm”(bayraq,əlamət,nişan) etdiyimizə etirazları varmış... Azərbaycan deyərkən qəsdimiz Şimali və yaxud Qafqasiya Azərbaycanıdır ki, əski Aran ilə Şirvan və Muğamı ehtiva edər.Azərbaycan ismi isə coğrafi bir istilah olmaqdan ziyadə qövmi bir məna ilə işlənmişdir.Biz kəndimizi(özümüzü)Azərbaycan dili ilə(ki türkcənin bir növüdür) mütəkəllim məxsus bir qövm ədd edəriz(sayarıq,aid edərik).Bu qövmün ismi nə Aran,nə Şirvan nə də Muğandır.Yalnız Azərbaycandır”(bax: “Azərbaycan” qəzeti,8 nisan(aprel) 1919,№152).

M.Ə.Rəsulzadə “Azərbaycan” qəzetinin 1919-cu ilin 28 aprel tarixli sayında fikrini belə əsaslandırırdı:

“Azərbaycan Cümhuriyyəti müstəqil bir həyati-milliyyə ilə yaşamaq istəyən və milliyyətlərini dərk etmiş bulunan(olan) Azərbaycan türk millətinin təsis elədiyi bir hökumətdir”(bax:”Azərbaycan” qəzeti, 28 nisan(aprel) 1919, №168).

Yenə həmin qəzetin eyni sayındakı məqaləsində M.Ə.Rəsulzadə yazırdı:

“Azərbaycan ismi cümhuriyyətimizə İran qəzetələrinin düşündüyü kimi pək münasibətsiz bir “xam xəyal” nəticəsi olaraq verilməmişdir.Burada İran ərazisi haqqında heç bir suyi – niyyət mövcud olmayıb, yalnız bu gün kəndisini bir millət olaraq bilən sabiq rus təbəələri – Azərbaycan türklərinin müqəddaratı düşünülmüşdür”(bax: “Azərbaycan” qəzeti, 28 nisan(aprel) 1919, №168).

M.Ə.Rəsulzadə davam edirdi:””İran” qəzetiəsi cümhuriyyətimizə “Azərbaycan “ismi(adı) vermək haqqında olmadığımızı, biz isə bunun əksini isbat edirdik”.

1919-cu ildə “İstiqlal” məcmuəsində M.Ə.Rəsulzadə “Azərbaycan” adının Azəri türklərin yaşadığı bütün yerlərə aid olduğunu belə təqdim edirdi:

“Coğrafiya etibarı ilə Azərbaycan isminin yalnız İran vilayətlərindən Təbriz ilə həvalisinə(ətraflarına) ələm olduğu məruf(tanınsa da) olsa da münhəsir(bağlı,qapalı) olduğu sabit olmuş həqiqətlərdən deyildir: biləks(əksinə) bu ismin(adın) Azəri türklərlə məskun bütün yerlərə şamil bir ism olduğuna dəlil və sübutlar vardır.

Bu xüsusda isbati- müddəa etmək üçün səhifələr yazmaq mümkün ikən biz cümhuriyyətimizə verdiyimiz adı coğrafi bir məfhumdan ziyadə qövmi bir mənadan olduğumuz üçün bu məsələ ilə pək o qədər də məşğul olmaya lüzum görmüyoruz”(bax: “İstiqlal” məcmuəsi, 28 May 1919,№ 1).

M.Ə.Rəsulzadə “İstiqlal”dakı yazısnda Azərbaycan adı uğrunda ilk vaxtlar yalnız Müsavat partiyasının mücadilə etdiyini, yalnız sonralar digər partiyaların bu fikrə önəm verdiyini qeyd edirdi:

“Seym” məclisi təşəkkül etdiyi zaman “Azərbaycan”dan yalnız Türk-Ədəmi Mərkəziyyət “Müsavat” firqəsi bəhs etmiş,ittihad,sosialist bloku ilə Hümmət firqəsi isə cəsarət edərək yalnız Zaqafqaziya ölçüsündə fikir eləmişlərdi...Məclisi –Məbusan açıldıqdan sonra məmləkəti təmsil edən müxtəlif siyasi firqə və məsləkəhsləri sağdan tutub sola qədər Azərbaycan istiqlalının mücahidi olduqlarını bəyan etdilər...Azərbaycan istiqlalı fikrən qazanılmışdı!”(bax: “İstiqlal” məcmuəsi, 28 May 1919,№1).

Qeyd edim ki,1920-ci ildə- Azərbaycanın işğalından sonra mühacirətdə yaşamaq məcburiyyətində qalan M.Ə.Rəsulzadəyə qarşı İran qəzetlərinin “Azərbaycan” adı ilə bağlı hücumları davam etmişdir.Bu baxımdan onun “Yeni Qafqasiya” jurnalının 1923-cü ilin 4-cü sayında nəşr edilən “Zəruri bir izah” adlı cavab yazısı çox maraqlıdır. Belə ki, 1923-cü ildə M.Ə.Rəsulzadənin İstanbulda “Azərbaycan Cümhuriyyəti, keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti” kitabı nəşr ediləndə Tehrandakı gündəlik “Mihən” qəzetində Rəsulzadə və Azərbaycan adı əleyhinə məqalə çap olunmuşdu.M.Ə.Rəsulzadə həmin qəzetdəki məqaləyə cavabında tariximiz üçün çox maraqlı məqamları açıqlayaraq yazırdı:

“Tehranda müntəşir gündəlik “Mihən” qəzeti Ruşəni bəyin keçənlərdə İran haqqında verdiyi bir konfransdan bəhs edərkən “Azərbaycan Cumhuriyəti” adındakı risalənin müəllifi olmaq hesabiylə bizi də təhtı- müaxizəyə(sıxışdırmağa) almışdır.

“Azərbaycan Cumhuriyəti”ndən bəzi iranilərin naməmnun qaldıqlarını ağızdan-ağıza eşidiyordum. Fəqət bu adəmi məmnuiyətin Ruşəni bəyin “Türk Ocağı” heyəti -idarəsinin dəxi mucibi- təəssür(bir şeyin təsiri altında olma) və infial(xəcalət çəkmə) olan heysiyyəti-şikən nitqindən daha ziyadə mucibi -təəssür və əndişə olduğunu qətiyyən xatır və xəyalə gətirməmişdim.

Ruşəniyə muqabələ edən “Mihən” qəzeti Türkiyə və türklük haqqında qullandığı lisani-təhqirdə tərəf müqabilinə rəhmət oxutduracaq bir məharət göstərdikdən sonra bir çox şikayətlərdə bulunaraq əzcümlə diyor ki:“...axirən maarif nəzarətinin müsaidəsi ilə Rəsulzadə tərəfindən İran əleyhinə yazılan kitablar və İran azərbaycanlılarının türk olduqlarını tərənnüm etdirmək məsələyə başqa bir əhəmiyət verməkdədir...

Bu surətlə münaqişəni Ruşəni bəhsindən Rəsulzadə məbhəsinə nəql etdikdən sonra “Mihən” qəzetinin mühərriri bir az da bizi qarelərinə(oxucularına) tanıtmaq zəhmətinə qatlanmışdır. Abdi aciz, “ilk dövreyi- məşrutiyyət”də Tehranda bulunmuş, İran bayrağının himayəsinə sığınmış, ən böyük “İrani Nov” qəzetinin baş mühərrirliyi mənə tovdi(təslim etmə) olunaraq məmləkətin siyasətinə müdaxiləm caiz görülmüş və sonra İranı tərk ilə bir müddət İstanbulda oturduqdan sonra Qafqasiyaya ovdət eylədiyimdə ilk işim “İran ilə ziddiyət” olmuş və Bakıdakı Müsavat hökuməti zamanında bu “müqəvva” hökumətin rəyasəsindən bulunmuş, Azərbaycanın ismini İrandan çalmış, şimdi də İstanbuldakı türk əfəndilərimə xoş gəlmək üçün “Azərbaycan Cumhuriyyəti” namında bülən və bələ (qosqoca) bir kitab, bu kitabda da Azərbaycan ismini hər iki Azərbaycana təmsil edərək, ismi kibi, İran Azərbaycanının cismini çalmanın dəxi kolay bir iş olduğunu təsəvvür etmişimdir”.

M.Ə.Rəsulzadə 1920-ci ildə Bakıda nəşr edilən “Azərbaycan təşəkkülündə Müsavat” əsərində aparılan ağır bir mücadilənin son uğuru kimi yazırdı:

“Azərbaycançılıq qazanmışdı.Əcəba istiqlalçılıq inadı olmasaydı,-sorarım Sizə- Azərbaycan türklüyü qurtara biləcəkdimi?İstanbul mütariqəsi ilə Qafqasiyayı tərk edib gedən Türkiyə ordusu ilə bərabər Azərbaycanın hürriyyəti də məhv olub gedəcək,burada bugünkü Azərbaycan yerində yellər əsəcək və bugünkü milli ordu əvəzinə ya Denikin, ya bolşevik dəstələri gəzəcəkdi”.(Bax: “Azərbaycan təşəkkülündə Müsavat” əsəri, B.. 1920).

Göründüyü kimi ,bugünkü dövlətimizin siyasi,hüquqi və mənəvi əsasını təşkil edən Azərbaycan Cümhuriyyətinin yalnız mövcudluğu uğrunda deyil,onun adı uğrunda da böyük mücadilələr aparılb!

Nəsiman Yaqublu

Tarix elmləri doktoru, professor

2