İnformasiya təhlükəsizliyi – Dövlətçiliyin yeni müdafiə xətti

KÖŞƏ YAZILARI
14:28 / 20.09.2026
137

Müasir dövrdə dövlətlərin təhlükəsizliyi artıq yalnız sərhədlərin, hərbi obyektlərin və strateji infrastrukturun qorunması ilə ölçülmür. İnformasiya məkanı da milli təhlükəsizliyin əsas istiqamətlərindən birinə çevrilib. 

Prezident İlham Əliyevin sentyabrın 17-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V toplantısının iştirakçılarını qəbul edərkən səsləndirdiyi fikirlər də bu reallığın mühüm aspektlərini ortaya qoyur. Dövlət başçısı beynəlxalq terrorçuluq, transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsinin dövlətlərin təkbaşına həll edə bilməyəcəyi məsələlər olduğunu vurğulayıb.

Hibrid təhdidlərin mühüm istiqamətlərindən biri məhz informasiya məkanıdır. Bu müstəvidə məqsəd yalnız yanlış məlumat yaymaq deyil. Daha təhlükəli mərhələ cəmiyyətdə dövlət institutlarına inamı sarsıtmaq, sosial qruplar arasında qarşıdurmanı dərinləşdirmək, milli həmrəyliyi zəiflətmək və ölkənin daxili sabitliyinə təsir göstərməkdir.

Xaricdən yönləndirilən informasiya kampaniyaları bu baxımdan xüsusi diqqət tələb edir. Azərbaycanla bağlı bəzi xarici informasiya resurslarında hadisələrin birtərəfli təqdim olunması, faktların seçmə qaydada qabardılması, kontekstdən çıxarılmış məlumatların geniş dövriyyəyə buraxılması informasiya mübarizəsinin tərkib hissəsinə çevrilə bilər. Konkret hallarda koordinasiya, maliyyələşmə, təşkilati əlaqə və məqsədli informasiya təsiri barədə faktlar mövcuddursa, bu, artıq milli təhlükəsizlik kontekstində araşdırılmalı məsələdir.

Eyni risk informasiya məkanının daxili seqmentində də mövcuddur. Yerli mediada və sosial şəbəkələrdə bəzi materialların hadisələri yalnız mənfi rakursdan təqdim etməsi, faktla şərhi qarışdırması, təsdiqlənməmiş məlumatları yayması və emosional manipulyasiyaya üstünlük verməsi cəmiyyətdə yanlış təsəvvürlərin formalaşmasına səbəb ola bilər.

Qəsdən faktların təhrif edilməsi, saxta kontekst yaradılması, yalan məlumatın sistemli şəkildə yayılması və ictimai narahatlığın məqsədli şəkildə artırılması artıq sadəcə jurnalistika problemi deyil – dövlətçiliyə təsir göstərə bilən informasiya təhlükəsizliyi məsələsidir.

Məhz bu müstəvidə “beşinci kolon” xarakterli fəaliyyətlər anlayışı da aktuallaşır. Müasir şəraitdə xarici təsir yalnız siyasi və diplomatik kanallarla həyata keçirilmir. Media platformaları, sosial şəbəkələr, maliyyə və təşkilati əlaqələr, informasiya kampaniyaları və müxtəlif təsir şəbəkələri də bu məqsədlə istifadə oluna bilər. 

İnformasiya manipulyasiyasının təhlükəsi onun sürətində və miqyasında da özünü göstərir. Sosial şəbəkələrdə yayılan saxta və ya təhrif olunmuş məlumat saniyələr ərzində minlərlə insana çata bilir. Sonradan verilən təkzib isə çox vaxt ilkin informasiyanın yaratdığı emosional təsiri tam aradan qaldıra bilmir. Bu səbəbdən informasiya təhlükəsizliyi yalnız saxta xəbərlərin qarşısının alınması deyil, həm də cəmiyyətin informasiya immunitetinin formalaşdırılması məsələsidir.

Dövlətin operativ və şəffaf məlumatlandırması, peşəkar jurnalistikanın gücləndirilməsi, faktların yoxlanılması, media savadlılığının artırılması və kibertəhlükəsizlik imkanlarının genişləndirilməsi bu immunitetin əsas elementləridir. İnformasiya təhlükəsizliyi informasiyanın məhdudlaşdırılması deyil; həqiqi məlumatla manipulyativ məzmunun fərqləndirilməsi üçün sağlam informasiya mühitinin yaradılmasıdır.

Prezident İlham Əliyevin TDT təhlükəsizlik strukturları arasında müntəzəm dialoqun və koordinasiyanın vacibliyini vurğulaması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında təhlükəsizlik şuralarının görüşlərinin ortaq qlobal və regional risklərin müəyyənləşdirilməsi və onların neytrallaşdırılması yollarının araşdırılması baxımından əhəmiyyəti qeyd olunub.

Beləliklə, müasir təhlükəsizlik anlayışında informasiya, kiberməkan, enerji, nəqliyyat və kritik infrastruktur bir-birindən ayrı sahələr deyil. Onların hər biri ümumi təhlükəsizlik sisteminin tərkib hissəsidir. Bu reallıq Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik əməkdaşlığının yeni istiqamətlərini də aktuallaşdırır.

Azərbaycanın Bakı toplantısına ev sahibliyi etməsi də bu baxımdan əlamətdardır. Təhlükəsizlik Şuraları katiblərinin mütəmadi görüşləri ortaq təhdidlərin daha sistemli qiymətləndirilməsi və koordinasiyalı yanaşmaların formalaşdırılması üçün institusional platforma yaradır.

XXI əsrdə dövlətçiliyin müdafiə xətti yalnız sərhədlərdən keçmir. Bu xətt informasiya məkanından da keçir. Xarici informasiya təsirləri, daxili manipulyativ kampaniyalar, kibertəhdidlər və hibrid təsir mexanizmləri milli təhlükəsizliklə birbaşa əlaqəlidir. Buna görə də dövlətin informasiya təhlükəsizliyi həqiqətin manipulyasiyadan üstün peşəkar, şəffaf və dayanıqlı informasiya mühiti yaratmaqla təmin edilir.

Jalə Əliyeva

Milli Məclisin deputatı 

0