Tom Hollandın baş rolda çəkildiyi “Spider-Man: Brand New Day” filmi ABŞ kinoteatrlarında tarixi nəticəyə imza atıb. Ekran işi yerli box-office gəlirlərinə görə uzun illərdir qorunan rekordu yeniləyib.
HİT.az xəbər verir ki, film ABŞ-da 936,7 milyon dollardan çox gəlir əldə edərək 2015-ci ildə nümayiş olunan “Star Wars: The Force Awakens” filminin rekordunu geridə qoyub.
“Star Wars” filmi təxminən 11 il ərzində ABŞ üzrə ən yüksək gəlir göstəricisini əlində saxlayıb. “Spider-Man: Brand New Day” isə nümayişinin 47-ci günündə 936 milyon dollar həddini keçərək yeni rekord müəyyənləşdirib.
Filmin ABŞ-dakı növbəti böyük hədəfi 1 milyard dollarlıq həddi keçməkdir. İndiyədək heç bir ekran əsəri yalnız ABŞ kinoteatrlarındakı gəlirləri hesabına bu göstəriciyə çata bilməyib.
Bununla belə, filmin hazırkı nümayiş tempi nəzərə alınanda bu rəqəmə çatıb-çatmayacağı hələlik məlum deyil. Bunun üçün filmin kinoteatrlarda nümayiş müddətinin uzadılması və ya gələcəkdə yenidən prokata buraxılması tələb oluna bilər.
Dünya üzrə isə “Brand New Day” 2,45 milyard dollar gəlir toplayıb. Bu nəticə filmi qlobal box-office siyahısında “Avatar” və “Avengers: Endgame”dən sonra üçüncü pilləyə yüksəldib.
İyulun sonunda nümayişə çıxan film ilk həftəsonundan yüksək göstəricilərlə diqqət çəkib. Ekran əsəri Şimali Amerikada ilk həftəsonunda 360 milyon, dünya üzrə isə 932 milyon dollar gəlir əldə edib.
“Spider-Man: Brand New Day” cəmi altı gün ərzində qlobal miqyasda 1 milyard dollar həddini keçib. Üç həftənin sonunda isə ümumi gəlir 2 milyard dolları ötüb. Bu göstəriciyə “Avengers: Endgame”dən sonra ən sürətli çatan ikinci film olub.
Film ABŞ-da 700, 800 və 900 milyon dollar həddinə çatma sürətinə görə də yeni rekordlar müəyyənləşdirib. 900 milyon dollarlıq göstəricini keçən ikinci ekran işi olduqdan qısa müddət sonra “Star Wars”un uzunmüddətli rekordunu da geridə qoyub.
Destin Daniel Crettonun rejissoru olduğu film 2021-ci ildə təqdim edilən “Spider-Man: No Way Home”un hadisələrindən sonra Peter Parkerın həyatını izləyir.
Əvvəlki filmin sonunda insanların Peter Parkerın kimliyini unutması yeni ekran işinin əsas süjet xəttlərindən birini təşkil edir. Tom Holland bu filmlə birlikdə Peter Parker obrazını dördüncü dəfə solo “Spider-Man” layihəsində canlandırıb.
Marvel kainatında növbəti böyük layihələrdən biri isə “Avengers: Doomsday” olacaq. Filmin 2026-cı ilin dekabrında nümayişə çıxması planlaşdırılır. Robert Downey Jr. ekran işində Doctor Doom obrazını canlandıracaq.
Samir


