Bakıda saç kəsdirmək üçün salona və ya bərbərxanaya müraciət edən müştərini bəzən eyni xidmət üçün qarşılaşdığı fərqli qiymətlər təəccübləndirə bilər.
Paytaxtın bir ərazisində kişi saç kəsimi daha münasib qiymətə təklif olunduğu halda, başqa ərazidə eyni və ya oxşar xidmət üçün daha yüksək məbləğ tələb edilir. Qadın saç kəsimlərində də vəziyyət fərqli deyil.
Maraqlıdır, saç kəsiminin qiyməti konkret olaraq nəyə əsasən müəyyənləşdirilir? Eyni saç modelini bir usta daha ucuz, digəri isə bir neçə dəfə baha qiymətə niyə kəsir?
Əslində burada yalnız saçın kəsilməsinə sərf olunan vaxt nəzərə alınmır. Məsələn, şəhərin daha çox müştəri cəlb edən və kommersiya baxımından bahalı ərazilərində fəaliyyət göstərən salonun xərcləri digər ərazilərdəki obyektlərlə müqayisədə yüksək ola bilər. Sahibkar həmin xərcləri xidmətlərin qiymətinə müəyyən dərəcədə daxil edə bilər.
Digər tərəfdən, qiymət yalnız salonun ünvanı ilə izah olunmur. Müştərinin qarşısında saç kəsimini həyata keçirən ustanın peşəkar təcrübəsi də qiymət siyasətində rol oynaya bilər. Xüsusi saç modelləri, fərdi üz quruluşuna uyğun kəsim və daha mürəkkəb texnikalar əlavə vaxt və bacarıq tələb edə bilər.
Qadın və kişi saç kəsimlərinin qiymətlərinin fərqli olması da diqqət çəkən məsələlərdəndir. Standart qısa saç kəsimi ilə uzun saçın forma verilməsi, yuyulması və fenlə işlənməsi eyni əmək və vaxt tələb etməyə bilər. Buna görə salonlar xidmətləri yalnız “saç kəsimi” adı altında deyil, görülən işin həcminə görə də fərqləndirə bilərlər.
Lakin burada müştəri üçün vacib başqa bir məsələ ortaya çıxır: elan olunan qiymətə konkret hansı xidmətlər daxildir?
Müştəri salona daxil olarkən yalnız saç kəsiminin qiymətini soruşur, lakin proses zamanı əlavə xidmətlər təklif olunur. Saçın yuyulması, xüsusi formaya salınması, fenlə işlənməsi və digər prosedurlar ayrıca hesablanırsa, bunun əvvəlcədən bildirilməsi müştərinin nə qədər ödəniş edəcəyini aydın bilməsinə imkan verir.
Sevinc


