Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?

SOSİAL
21:53 / 19.09.2026
38

Azərbaycanda ali təhsil sistemində illərdir formalaşmış 4 illik bakalavr və 2 illik magistratura modeli dəyişə bilər. Milli Məclisdə təhsil müddətinin qısaldılması, universitetlərə daha çox çeviklik verilməsi və yeni standartların tətbiqi ilə bağlı təkliflər səsləndirilib. Deputatlar dünyada gedən prosesləri əsas gətirərək təhsilin bakalavr pilləsində üç, magistratura pilləsində isə bir il olmasının müzakirəyə çıxarılmasını təklif ediblər.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə komitənin iclasında çıxışı zamanı ali təhsil sistemində yeni standartların tətbiqinə ehtiyac olduğunu bildirib: “Dünya trendləri nəzərə alınaraq Azərbaycanda da ali təhsil sahəsində mövcud yanaşmalara yenidən baxılması məsələsi nəzərdən keçirilməlidir”.

Amma mütəxəssislər bu prosesin birdən-birə həyata keçirilməsinin mümkün olmadığını bildirirlər.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun sözlərinə görə, artıq dünyanın əksər ölkələrində təhsilin bakalavr pilləsinin müddətinin üç, magistratura pilləsinin isə bir ilə endirilməsi ilə bağlı proseslər gedir: “Artıq ABŞ-də buna keçilib. Gərək biz də bu istiqamətdə ciddi düşünək ki, gələcəkdə gecikməyək”. Millət vəkili hesab edir ki, bu prosesdə əsas məqsəd əmək bazarının tələblərinə daha çevik cavab verməkdir: “Son vaxtlar tələbələr bir-iki illik kurslarda oxumaqla daha tez iş tapmaq imkanı əldə edirlər, nəinki uzunmüddətli oxumaqla”. Deputat bildirir ki, magistratura təhsilinin müddətinin də bir ilə endirilməsi birdən-birə baş tutması çətindir: “Bunların reallaşması üçün zamana ehtiyac var”.

Böyük Britaniyanın Kembric Universitetinin professoru Qərib Mürşüdovun fikrincə, bakalavr təhsilinin müddətini dörd ildən üç ilə salmaq üçün orta məktəb və universitet təhsilini möhkəmləndirmək lazımdır: “Britaniyada bakalavr üç illikdir, amma orta məktəb təhsili daha çoxdur - 12 illikdir. Axırıncı iki il ancaq universitetə qəbul olmaq istəyənlər oxuyurlar. Demək olar ki, axırıncı iki ildə verilən təhsil universitetdəki birinci il təhsilinə uyğun gəlir”. Professor bildirir ki, müxtəlif ölkələrdə bakalavr təhsili fərqli olur və həmin ölkədəki orta məktəb təhsili ilə sıx bağlıdır: “Ona görə universitet təhsili haqda fikirləşəndə ona orta məktəb təhsilindən kənarda baxmaq olmaz”. Q.Mürşüdov bakalavr təhsilinin müddətinin azalmasının əmək bazarına ciddi təsir edəcəyinə inanmır: “Təhsilin necə verilməsi əmək bazarına təsir göstərə bilər. Hazırda, məsələn riyaziyyatda verilən dərslər çox abstraktdır, praktikada verilən biliklərin nə demək olduğunu tələbələr başa düşmürlər və onlar bunu universitetdə oxuduqları müddət ərzində öyrənmirlər”.

Magistratura təhsilinin bir illik olması ilə bağlı təklifə gəlincə, professor Böyük Britaniyada da ⁠magistratura təhsilinin bir illik olduğunu bildirir: “Amma nəzərə almaq lazımdır ki, Britaniyada magistratura bakalavrın davamıdır. Əksər magistrlar bakalavr oxuduqları universitetdə magistr təhsili alırlar. Onu da qeyd etmək lazımdır ki, müxtəlif ölkələrdə bu müddət müxtəlifdir. Məsələn, Almaniyada magistrutura iki illikdir”. Professor hesab edir ki, vaxtları dəyişməklə keyfiyyəti dəyişmək çətin olacaq: “Keyfiyyəti dəyişmək üçün universitetlərdə köklü islahatlara ehtiyac var”.

ADA Universitetinin müəllimi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Orxan Kərimzadə bakalavr təhsilinin üç ilə endirilməsini məqsədəuyğun hesab edir: “Tədris proqramları optimallaşdırılaraq əsas ixtisas fənlərinə, praktiki məşğələlərə və layihələrə üstünlük verildiyi halda, təhsilin keyfiyyətini qorumaqla bakalavr pilləsini üç il ərzində başa çatdırmaq mümkündür”. O.Kərimzadə hesab edir ki, düzgün təşkil olunmuş üçillik bakalavr modeli əmək bazarının tələblərinə daha çevik cavab verə bilər: “Bunun üçün proqramlar işəgötürənlərin ehtiyaclarına uyğun mütəmadi yenilənməli, tələbələrin praktiki bacarıqları, istehsalat təcrübəsi və real layihələrdə iştirakı gücləndirilməlidir”. Magistratura təhsilinin bir ilə endirilməsinə gəlincə, İŞ üzvünün fikrincə, peşəkar ixtisaslaşmaya yönəlmiş proqramların bir il olması vaxt və maliyyə baxımından səmərəli ola bilər: “Lakin elmi-tədqiqat, dissertasiya və doktoranturaya hazırlıq nəzərdə tutan proqramlar üçün ikiillik modelin saxlanılması daha məqsədəuyğundur. Əks halda, tədqiqatın keyfiyyəti və tələbələrin akademik hazırlığı zəifləyə bilər”.

Təhsil eksperti İlham Əhmədovun sözlərinə görə, hazırda bəzi ölkələrdə üçillik bakalavr proqramları mövcuddur: “Amma baxır bu model hansı mühitdə səmərəli ola bilər. Təhsil siyasətində ən təhlükəli yanaşmalardan biri selektiv beynəlxalq müqayisədir. Hansısa ölkənin yalnız bir parametrini götürüb deyirik: onlarda bakalavr təhsili üç ildir, qoy bizdə də belə olsun. Amma həmin ölkənin digər parametrlərini nəzərə almırıq”. Ekspertin fikrincə, bakalavr təhsilinin müddətinin üç və ya dörd il olması öz-özlüyündə hələ keyfiyyət göstəricisi deyil: “Mühüm olan təqvim ili deyil, akademik yük və öyrənmə nəticələridir. Azərbaycan ali təhsilində problem bakalavrın dörd il oxuması deyil. Problem odur ki, biz bu dörd ildə tələbəyə konkret olaraq nə öyrədə bilirik? İndi bizə bu sualın cavabını tapmaq vacibdir”. Ekspertin fikrincə, bakalavrı üç ilə endirib magistraturanı olduğu kimi saxlamaq da düz qərar olmaz: “Təhsil siyasətində mühüm bir qaydaya əməl etməliyik: əvvəlcə nəticəni müəyyənləşdirməli, sonra ona çatmaq üçün lazım olan müddəti müəyyən etməliyik”.

Mənbə: "Kaspi" qəzeti

0