Niyə işimiz alınmayanda özümüzü uğursuz hiss edirik?

SOSİAL
14:50 / 18.09.2026
221

“Bəzən heç bir işimiz alınmır və buna görə həddindən artıq dərəcədə pis oluruq”.

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, işlərin alınmaması ilə özümüzü uğursuz insan kimi hiss etməyimiz tamamilə fərqlidir:


“Lakin insanın beyni bu ikisini çox vaxt bir-birinə bağlayır və hər ikisinin eyni olduğunu düşünür. Əslində, həyatın müəyyən dövrlərində ard-arda bir neçə uğursuzluq yaşamaq mümkündür və bu, tamamilə normal bir haldır. Bir işin alınmaması, başqa bir işdə problemin çıxması, münasibətlərdə çətinliklərin olması və ya maddi sıxıntıların yaranması insan beynində belə bir fikir formalaşdırır ki, “onsuz da heç bir işim düz getmir”.

Ancaq burada neqativliyə meyllilik də böyük rol oynayır. Beynimiz mənfi hadisələri daha asan seçib yadda saxlaya bilir. Məsələn, gün ərzində beş yaxşı, iki pis hadisə baş veribsə, beynimiz beş yaxşıya deyil, həmin iki pis hadisəyə daha çox köklənir. Onların ətrafında düşünür və beləliklə, insanın real həyatı ilə bağlı təsəvvürü reallıqdan daha qaranlıq görünməyə başlayır”.

Ekspert bəzən nə üçün özümüzü dəyərsiz hiss etməyimiz barədə də danışıb:

“Çünki insan bəzən “işim alınmadı” fikrindən daha çox “mən bacarıqsızam” nəticəsinə keçir. Yəni düşünür ki, bir iş alınmadısa, artıq burada işin niyə alınmadığına və ya hansı səbəbdən bu nəticənin gəldiyinə deyil, “mən bacarıqsızam”, “heç bir işim alınmır”, “məndə hər zaman belə olur”, “çox uğursuzam” kimi düşüncələrə qapılmağa başlayır. Bu da çox təhlükəli bir düşüncə formasına çevrilə bilər.

Yəni “bu layihə uğursuz oldu” əvəzinə “mən uğursuzam”, “məni işə qəbul etmədilər” əvəzinə “mən kifayət qədər yaxşı işçi deyiləm” kimi düşüncələr yaranır. Halbuki bir hadisənin nəticəsi insanın bütün şəxsiyyətini müəyyən etmir.

Bu da istər-istəməz insanda öyrənilmiş çarəsizlik yaradır. Yəni insan uzun müddət ard-arda uğursuzluq və nəzarətsizlik yaşayırsa, bir müddətdən sonra “nə etsəm də dəyişməyəcək” düşüncəsinə keçə bilər. Artıq cəhd etməyi dayandırır; çünki uğursuzluqdan daha çox yenə də uğursuz olacağını gözləməkdən yorulur. O qədər neqativə köklənir ki, nəticəyə obyektiv baxa bilmir”.

Psixoloq vurğulayıb ki, uğursuzluq hər bir insanın başına gələ bilər və bu, bizə məxsus müstəsna bir hal deyil:
“Yəni “Bu uğursuzluq mənə nə öyrədir?”, “Buradan hansı nəticəni çıxarmalıyam?” və ya “Özümdə nəyi inkişaf etdirməliyəm?” deyərək özümüzlə sağlam ünsiyyətə keçməliyik. Bu situasiyada, ilk növbədə, özümüzü bütünlüklə qiymətləndirməyi dayandırmalıyıq. “Mən niyə uğursuzam?” əvəzinə “Nə alınmadı?”, “Nəyi başqa cür edə bilərəm?” deyib analizə keçməliyik.

Ətrafdan sanki kənara çəkilib duruma və vəziyyətə nəzarət etməyə baxılmalıdır. Bu yanaşma bizi “mən probleməm” düşüncəsindən çıxarıb “mənim həll etməli olduğum bir problem varmı?” düşüncəsinə gətirib çıxarır. Çünki düşüncələrimiz həyatımızı və bakış bucağımızı idarə edir. Nəyi düşünürüksə, istər-istəməz real həyatı da o cür görməyə başlayırıq”.

Nabat Mirzəyeva fikirlərini belə yekunlaşdırıb:
“Unutmamalıyıq ki, insanın dəyəri onun məhsuldarlığı ilə ölçülmür. Bir insanın bu gün heç bir işi alınmaya bilər, amma bu, onun dəyərsiz olduğu anlamına gəlmir. Bəzən həyatımızda elə bir dövr olur ki, bir uğursuzluq digərinin ardınca gəlir və biz hadisələri ayrı-ayrılıqda deyil, bütöv bir uğursuzluq hekayəsi kimi görməyə başlayırıq. Ona görə də belə dövrlərdə həyatımızı bir gündə düzəltməyə çalışmaq dərhal mümkün olmasa da, nəzarətimizdə olan ən kiçik adımları müəyyənləşdirərək irəliləmək lazımdır”.

Pərviz

0