Bakıda obyektlər və torpaqlar kəskin bahalaşdı (QİYMƏTLƏR)

İQTİSADİYYAT
10:25 / 15.05.2020
1380

Aprel ayında Bakıda daşınmaz əmlak bazarının bütün seqmentləri üzrə qiymətlərdə artım müşahidə edilib.

Bu barədə «MBA Group» konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirib.

Ekspert bildirib ki, qiymət artımı həm yeni, həm də köhnə tikililərdə müşahidə edilir: «Aprel ayında yeni tikilmiş mənzillərin 1 kvadratının qiyməti 1695 manat olub, 2,05% qiymət artımı müşahidə edilib. Köhnə tikililərdə 1 kvadratının qiyməti 1329 manat olub ki, burada da artım 2,76% olub».

Torpaqlar və obyektlər isə daha sürətli bahalaşıb. Belə ki, aprel ayında torpaqların qiymətində 9,12% artım olub. Biznes obyektlərinin 1 kvadratmetrinin satış qiyməti 8,43% bahalaşaraq 2 953 manata yüksəlib: «Biznes obyektlərinin 1 kvadratmetrinin icarə qiyməti isə 17,83 manat olub ki, burada da artım 7,7% təşkil edib».

Kirayə mənzil bazarında təklif olunan 1 orta mənzilin qiyməti 932 manatdır – əvvəlki ayla müqayisədə 0,36 faiz azalma olub. Amma kvadratmetrlə götürdükdə, 1 kvadrat mənzilin icarə qiyməti 8,16 manat olub ki, bu da 2% artım deməkdir.

Nüsrət İbrahimov hazırda daşınmaz əmlak bazarının passiv vəziyyətdə olduğunu bildirir: «Daşınmaz əmlak bazarında sadəcə təklif var, amma alıcı yoxdur. Hələ ki, bazarda canlanma hiss olunmur. Çox güman ki, vəziyyətin normallaşması bir-iki ay vaxt çəkər».

0
Fed.az