Azərbaycanın neft gəlirləri 2007-ci ildən bəri ən aşağı həddə düşəcək (ŞƏRH)

İQTİSADİYYAT
12:41 / 15.05.2020
1667

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatlarına görə, qlobal neft hasilatı son 9 ilin ən aşağı səviyyəsindədir. OPEC və tərəfdaşları hasilatı azaldıb. May ayında gündəlik qlobal neft tədarükünün 12 mln. barel azaldılaraq, 88 mln. barel olacağı proqnozlaşdırılır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az-a açıqlamasında bildirib ki, hazırda neft qiymətlərinin yenidən 30 dolların altına düşməsinə səbəb ABŞ-la Çin arasında gərginliyə doğru atılan addımlardır:

“Bu da bazarı narahat edir və qiymətlər oynamağa başlayır. Amma istənilən halda bu, təkcə hər hansı iki super dövlət arasındakı münasibətlərdən qaynaqlanmır. Dünya ölkələrində I rübün yekunları ilə bağlı iqtisadiyyatın enişi və 2020-ci illə bağlı iqtisadi göstəricilərin əvvəlcədən proqnoz edildiyindən daha yüksək tempdə aşağı düşməsi bazara təsir edən amillərdəndir. Çünki iqtisadiyyat nə qədər az templə inkişaf edirsə, enerjiyə olan tələbat daha da azalır. Enerjiyə tələbatın azalması isə özünü onun qiymətlərində əks etdirir. Ümumilikdə cari il üçün neft qiymətləri 35 dollar proqnoz edilir. Bu da ötənilki 63, 8 dollarlıq (“Brent”) qiymətlə müqayisədə kifayət qədər aşağı qiymətdir”.

Ekspertin sözlərinə görə, cari ilin sonuna neftin qiymətinin 40 dollaradək yüksəlməsi proqnozlaşdırılır:

“Ümumilikdə hazırda OPEK+ ölkələrinin neft hasilatını azaltması əlbəttə ki, bazar üçün pozitiv xəbərlərdir və neftin qiymətinin ümumilikdə 25 dollardan 30 dollaradək yüksəlməsində önəm daşıyır. Çünki istənilən halda OPEK+ üzrə 9,7 milyon barrel neft hasilatının azaldılması bazarda tələb və təklif arasındakı uyğunsuzluğu bir qədər tarazlaşdırmağa yönələn addımdır”.

İ.Şaban deyib ki, qiymətlərin aşağı enməsi iqtisadiyyatı neftdən asılı olan ölkələrin, o cümlədən Azərbaycanın gəlirlərinə təsirsiz ötüşmür:

“Azərbaycanın neftdən əldə etdiyi pik gəlirlər 2011-ci ildə qeydə alınıb. Onda “Azəri-Çıraq-Günəşli” yatağından illik gəlir 19,4 milyard dollar olub. Əgər biz bunu aylıq göstəricilərə çevirsək, bu, 1,66 milyard dollar edirdi. Ancaq bu ilin aprelində həmin yataqdan gələn gəlir cəmi 300 milyon dollar oldu. May və iyunda bu göstərici daha da azalacaq. Çünki həcmlər azalacaq. Bundan əlavə qiymətin də aşağı düşməsi gözləniləndir. Bu baxımda Azərbaycanın neft gəlirləri ötən illə müqayisədə 2020-ci ildə kifayət qədər aşağı olacaq və biz 2016-cı il göstəricilərənə belə çata bilməyəcəyik. O zaman neftdən gələn qazanc 5,4 milyard dollar, neftin illik orta qiyməti 41,9 dollar olmuşdu. 2016-cı illə müqayisədə təqribən 3 milyon ton ətrafında daha az neft hasil edəcəyik. Cari il üçün neft gəlirlərimiz neftin azalan həcmində və daha aşağı qiymətində 3,5 milyard dollar ətrafında olacaq. Bu isə Azərbaycanın 2007-ci ildən bu tərəfə ən aşağı neft gəlirləri olacaq”.

0
Modern.az