Psixiatr: Bir insanın narahatlığı bütün ailənin həyat tərzinə çevrilir

SAĞLAMLIQ
18:00 / 22.09.2026
41

Hər şeyi dəfələrlə yoxlamaq, riskləri əvvəlcədən hesablayıb ölçmək, daim əlaqədə olmaq və vacib işləri heç kimə etibar etməmək çox vaxt yetkinlik və etibarlılıq əlaməti kimi qəbul edilir. Lakin zahiri məsuliyyətin arxasında bəzən xroniki narahatlıq gizlənir. 

HİT.az xəbər verir ki, bunu gazeta.ru-ya psixiatr-narkoloq Mariya Kasperoviç bildirib.

"Hər şeyi nəzarətdə saxlamaq istəyi həmişə nizama olan sevgidən irəli gəlmir. Çox vaxt bunun arxasında belə bir daxili hiss dayanır ki, vəziyyəti nəzarətdən buraxsan, pis bir şey baş verəcək. İnsan şəraiti deyil, öz narahatlığını nəzarətdə saxlamağa çalışır”, deyə mütəxəssis izah edib.

Bu mexanizm tədricən inkişaf edir: əvvəlcə insan özünü daha tez-tez yoxlayır, sonra başqalarına etibar etməyi dayandırır, daha sonra getdikcə daha çox məsuliyyəti üzərinə götürür və zaman keçdikcə obyektiv zərurət olmadığı halda belə dincələ bilmir.

“Biz tez-tez belə sözlər eşidirik: “Özüm etməsəm, hər şeyi korlayacaqlar”. Yaxud: “Mən sadəcə istirahət etməyi bacarmıram”. Əslində bu, davamlı daxili gərginliyin təzahürüdür”, deyə Kasperoviç bildirib.

Narahatlıq nadir hallarda insanların təsəvvür etdiyi şəkildə görünür.

“Bir çoxları narahat insanın daim həyəcan keçirən şəxs olduğuna əmindir. Əslində isə narahatlıq özünü həddindən artıq məsuliyyətlilik, hər şeyi əvvəlcədən nəzərə almağa çalışma və işləri başqalarına həvalə edə bilməmək formasında göstərə bilər”, deyə həkim vurğulayıb.

Əsas problem isə ətrafdakı insanların belə davranışı təşviq etməsidir.

“İnsanı etibarlı olduğuna görə tərifləyir, ideal əməkdaş adlandırırlar. Heç kim bu “ideallığın” hansı qiymətə başa gəldiyini görmür: xroniki gərginlik, yuxusuzluq və daimi təhlükə hissi”, deyə Kasperoviç izah edib.

Nəzarət həyatın bütün sahələrinə yayılır: insan söhbət qrupunu yoxlamadan məzuniyyətə gedə bilmir, mesajları bir neçə dəfə oxuyur, hər şeyin qaydasında olduğuna əmin olmayana qədər yatmır.

“Formal olaraq bu, məntiqli görünür. Lakin bu, gündəlik ehtiyaca çevrildikdə artıq söhbət məsuliyyətdən deyil, narahatlıqla müşayiət olunan həyat tərzindən gedir”, deyə mütəxəssis qeyd edib.

Narahatlıqdan qaynaqlanan nəzarət heç vaxt rahatlıq gətirmir.

“İnsana elə gəlir ki, bir dəfə də yoxlasa, sakitləşəcək. Lakin narahatlıq yeni səbəb tapır və insan daha çox şeyi nəzarətdə saxlamağa başlayır. Bu, qapalı dövrədir”, deyə Kasperoviç bildirib.

“Ən təhlükəli məqam insanın narahatlığı xarakterinin bir hissəsi hesab etməyə başlamasıdır: “Mən sadəcə belə məsuliyyətliyəm”. Lakin məsuliyyət istirahət etməyə, etibar etməyə və sakit yaşamağa imkan vermirsə, bunun daxili azadlığı məhdudlaşdıran narahatlıq pozuntusu olması mümkündür”, deyə psixiatr yekunlaşdırıb.

Samir
 

0