Qaçış və velosiped deyil: Təzyiqi aşağı salan ən təsirli məşq açıqlandı

SAĞLAMLIQ
17:24 / 06.11.2026
30

Arterial təzyiqi azaltmaq üçün qaçış və velosiped sürmək yeganə effektiv fiziki fəaliyyət növləri deyil. Araşdırmalar göstərir ki, əzələlərin hərəkətsiz vəziyyətdə gərgin saxlanıldığı izometrik məşqlər qan təzyiqinin aşağı salınmasında daha yaxşı nəticə verə bilər.

HİT.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşri “Hazipatika” portalına istinadən məlumat yayıb.

Mütəxəssislərin təhlilinə əsasən, izometrik məşqlər istirahət vəziyyətində arterial təzyiqi aerob və güc məşqləri ilə müqayisədə daha çox azalda bilər. Bu hərəkətlər zamanı əzələlər gərginləşir, lakin bədən ciddi şəkildə hərəkət etmir.

Belə məşqlərə divara söykənərək oturma (wall sit) və plank daxildir. Mütəxəssislər bildirirlər ki, bu hərəkətlər qan damarlarının fəaliyyətini və elastikliyini yaxşılaşdıra, bununla da yüksək təzyiqin azalmasına kömək edə bilər.

Araşdırma çərçivəsində ümumilikdə 15 mindən çox insanın iştirak etdiyi 270 elmi işin nəticələri təhlil olunub. Nəticələr həftədə cəmi üç qısa məşq seansının belə nəzərəçarpacaq müsbət təsir göstərə biləcəyini ortaya qoyub.

“Wall sit” hərəkəti necə yerinə yetirilir?

Bu məşqi etmək üçün əvvəlcə kürəyinizi divara söykəməli, ayaqlarınızı çiyin enində aralamalı və divardan təxminən bir addım aralı dayanmalısınız. Daha sonra stulda otururmuş kimi aşağı enərək kürəyinizi divara dayamalısınız.

Dizlər təxminən 90 dərəcə bucaq yaratdıqda və budlar döşəməyə paralel vəziyyətə gəldikdə həmin pozanı 10-30 saniyə saxlamaq lazımdır. Bu zaman dizlərin ayaq pəncələrindən irəli keçməməsinə diqqət yetirilməlidir.

Mütəxəssislər məşq zamanı nəfəsi saxlamağın düzgün olmadığını xüsusi vurğulayırlar. Çünki nəfəsin tutulması arterial təzyiqin müvəqqəti yüksəlməsinə səbəb ola bilər.

Qeyd edək ki, izometrik məşqlər yüksək təzyiqin müalicəsini əvəz etmir. Xüsusilə hipertoniya və ya digər ürək-damar problemləri olan şəxslərin bu cür məşqlərə başlamazdan əvvəl həkimlə məsləhətləşməsi vacibdir.

Samir

0