Səhər yuxudan oyanan kimi edilən bu səhv böyrək daşı riskini artırır

SAĞLAMLIQ
21:55 / 06.11.2026
41

Səhər yuxudan oyandıqdan sonra su içmədən günə başlamaq böyrəklərdə daş əmələ gəlməsi riskini artıra bilər. Mütəxəssislər bildirirlər ki, gecə ərzində uzun müddət maye qəbul edilməməsi orqanizmdə su çatışmazlığına səbəb olur. Buna görə də günə bir stəkan su ilə başlamaq böyrək sağlamlığının qorunmasına kömək edə bilər.

HİT.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşri yazıb. 

Həkimlər böyrək daşlarının yaranmasının qarşısını almağın ən sadə yollarından birinin səhər saatlarından etibarən kifayət qədər su qəbul etmək olduğunu bildirirlər.

Mütəxəssislərin izahına görə, orqanizm susuz qaldıqda böyrəklər daha az sidik ifraz edir. Nəticədə sidikdə kalsium, oksalat və sidik turşusu kimi daşların yaranmasına şərait yaradan maddələrin konsentrasiyası artır. Bu birləşmələr zamanla kristallaşaraq böyrək daşlarına çevrilə bilər.

Həkim Prasanna Suriakumaran qeyd edib ki, gecə yuxusu zamanı maye qəbul edilmədiyindən səhər orqanizmdə müəyyən dərəcədə susuzlaşma yaranır. Gün ərzində də kifayət qədər su içilmədikdə sidik daha da konsentrasiyalı olur və daş əmələ gəlməsi üçün əlverişli şərait formalaşır.

Bununla yanaşı, uroloqlar böyrəklərin sağlamlığını qorumaq üçün səhər qidalanmasına da diqqət yetirməyi tövsiyə edirlər. Xüsusilə duzlu məhsulların – kolbasa, sosiska, bekon və hazır sendviçlərin həddindən artıq istehlakından çəkinmək məsləhət görülür. Çünki natriumla zəngin qidalar sidiklə kalsiumun xaric olmasını artıraraq müəyyən növ böyrək daşlarının yaranma ehtimalını yüksəldə bilər.

Mütəxəssislər həmçinin qarpız, xiyar, portağal və çiyələk kimi su ilə zəngin meyvə-tərəvəzlərin rasiona daxil edilməsini məsləhət görürlər. Süd, qatıq və pendir kimi kalsium mənbələri də balanslı qidalanmanın vacib hissəsidir. Qida ilə kifayət qədər kalsium qəbulu həzm sistemində oksalatların sorulmasını azaldaraq bəzi böyrək daşlarının yaranma riskini aşağı sala bilər.

Həkimlər vurğulayırlar ki, böyrək sağlamlığı üçün təkcə səhər bir stəkan su içmək kifayət deyil. Gün ərzində müntəzəm maye qəbulu və düzgün qidalanma da mühüm əhəmiyyət daşıyır.

Samir
 

0