Şəhərlərdə yaz aylarında nəfəs almaq niyə getdikcə çətinləşir?

SAĞLAMLIQ
20:57 / 28.10.2026
63

Şəhərlərdə havanın çirklənməsi və temperaturun ətraf ərazilərlə müqayisədə daha yüksək olması ağacların daha tez çiçəklənməsinə və allergiyaya səbəb olan tozcuqların miqdarının artmasına gətirib çıxarır. Alimlərin fikrincə, bu amillər yaz fəslində allergiyadan əziyyət çəkən insanların vəziyyətini ildən-ilə ağırlaşdıra bilər.

HİT.az xəbər verir ki, bu nəticəyə Rusiyanın Novqorod Dövlət Universitetinin (NovDU) tədqiqatçıları gəliblər. Araşdırmada şəhər mühitinin tozağacı və yovşan da daxil olmaqla, allergiyaya səbəb olan bitkilərin inkişaf dövrünə təsiri öyrənilib.

Tədqiqatçılar problemin əsas səbəblərindən biri kimi şəhərlərdə yaranan istilik adası effektini göstərirlər. Asfalt yollar və daş binalar istiliyi topladığı üçün şəhərlərdə temperatur ətraf ərazilərlə müqayisədə 1-5 dərəcə yüksək ola bilər. Nəticədə bitkilər daha tez oyanır, çiçəklənmə isə şəhərdən kənar ərazilərlə müqayisədə orta hesabla 5-15 gün əvvəl başlayır. Sankt-Peterburqda aparılan müşahidələr də mart və aprel aylarının isti keçməsi ilə tozağacının daha erkən tozcuq yayması arasında əlaqə olduğunu göstərib.

Havanın kimyəvi tərkibi də vəziyyəti ağırlaşdırır. Tədqiqatda qeyd olunur ki, karbon qazının yüksək konsentrasiyası bitkilərin böyüməsini sürətləndirə bilər. Eksperimental məlumatlara əsasən, karbon qazının səviyyəsi iki dəfə artdıqda bitkilərin istehsal etdiyi allergen tozcuqların miqdarı 61 faiz çoxala bilər.

Bununla yanaşı, ozon, azot dioksid və xırda toz hissəcikləri tənəffüs yollarının selikli qişasına zərər vuraraq allergenlərin orqanizmə təsirini asanlaşdıra bilər. Bu da immun sisteminin həssaslığını artıraraq allergik reaksiyaların güclənməsinə şərait yaradır.

Araşdırmada Rusiyanın şimal-qərb bölgəsində, xüsusilə Sankt-Peterburq, Leninqrad vilayəti və Kalininqrad vilayətində tənəffüs allergiyalarının daha geniş yayıldığı bildirilir. NovDU-nun birinci prorektoru Yuri Daneykinin sözlərinə görə, Rusiyada uşaqlar arasında polinozun — bitki tozcuqlarına qarşı allergiyanın — ilkin xəstələnmə göstəricisi hər 100 min nəfərə təxminən 165 hal olduğu halda, şimal-qərb federal dairəsində bu rəqəm 185-ə çatır. Tənəffüs allergiyası olan şəhər sakinlərinin 60-70 faizində isə tozağacı tozcuqlarına həssaslıq müşahidə olunur.

Problemin yerli səviyyədə də artdığı qeyd edilir. Tədqiqatçı Yeseniya Bloxinanın təqdim etdiyi məlumatlara görə, Boroviçi şəhərində uşaq poliklinikasında qeydə alınan polinoz halları 2021-ci ildə 53, 2022-ci ildə isə 57 olub. Bu, bir il ərzində 7,5 faizlik artım deməkdir. Tədqiqatçılar artımı erkən və intensiv tozcuqlanma ilə müşayiət olunan qeyri-adi isti yazla əlaqələndirirlər. 2023-cü ildə göstəricinin sabitləşməsinin isə daha mülayim hava şəraiti və profilaktik preparatlardan istifadə ilə bağlı ola biləcəyi ehtimal edilir.

Alimlər problemin azaldılması üçün havadakı tozcuqların real vaxt rejimində izlənilməsini, meteoroloji məlumatlar əsasında çiçəklənmə mövsümünün əvvəlcədən proqnozlaşdırılmasını və şəhərlərin yaşıllaşdırılması siyasətinə yenidən baxılmasını təklif edirlər. Xüsusilə, yüksək allergen potensialına malik bitkilərin geniş ərazilərdə eyni növdən ibarət əkinləri əvəzinə daha az allergen yaradan bitkilərə üstünlük verilməsi tövsiyə olunur.

Tədqiqatçılar həmçinin allergiyadan əziyyət çəkən insanlar üçün müalicə və profilaktika proqramlarının dəyişən çiçəklənmə mövsümünə uyğunlaşdırılmasının vacibliyini vurğulayırlar.

Samir

0