Duzun rasiondan tamamilə çıxarılması orqanizmdə natrium çatışmazlığına, ağır hallarda isə nevroloji pozuntulara səbəb ola bilər. Bununla yanaşı, həddindən artıq duz istehlakı da yüksək təzyiq, infarkt və insult riskini artırır.
HİT.az xəbər verir ki, “Gazeta.ru” nəşrinə danışan terapevt, qastroenteroloq və dietoloq Anastasiya Timoşşenko duzdan tam imtinanın sağlamlıq üçün yarada biləcəyi təhlükələr barədə xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, adi xörək duzu natrium və xloriddən ibarətdir. Natrium orqanizmdə su balansının qorunmasında, əzələlərin yığılmasında və sinir impulslarının ötürülməsində mühüm rol oynayır. Xlor isə mədədə həzm üçün vacib olan xlorid turşusunun yaranmasında iştirak edir.
Duzun tamamilə rasiondan çıxarılması bəzi hallarda hiponatremiyaya — qanda natrium səviyyəsinin təhlükəli dərəcədə azalmasına gətirib çıxara bilər. İlkin əlamətlər arasında güclü zəiflik, tez yorulma, ürəkbulanma və ayağa qalxarkən kəskin başgicəllənmə var. Çatışmazlıq ağırlaşdıqda maddələr mübadiləsinin pozulması, nevroloji problemlər və hətta ölüm riski yarana bilər.
Bununla belə, həkim qeyd edib ki, gündəlik həyatda sağlam insanlarda kritik natrium çatışmazlığına nadir hallarda rast gəlinir. Belə vəziyyət daha çox intensiv fiziki fəaliyyət zamanı duzun tərlə çox itirilməsi və ya sidikqovucu dərmanların nəzarətsiz qəbulu ilə əlaqəli ola bilər.
Həkim duz çatışmazlığı ilə yanaşı, natriumun qanda həddindən artıq artmasının da ciddi fəsadlar törədə biləcəyini bildirib. Orqanizmdə natriumun çoxalması güclü susuzluğa və mayenin saxlanmasına səbəb ola bilər. Nəticədə qan dövranındakı mayenin həcmi artır və ürəyin yükü ağırlaşır.
Timoşşenkonun sözlərinə görə, gündəlik 5 qramdan çox duz istehlakı infarkt və insult riskini artırır. Artıq natriumun xaric edilməsi zamanı böyrəklərdən kalsium itkisi də arta bilər ki, bu da uzun müddətdə sümüklərin kövrəkləşməsinə şərait yaradır.
Həkim duz istehlakının normadan artıq olmasını göstərə biləcək bir sıra əlamətləri də sadalayıb:
- Yemək zamanı və ya yeməkdən sonra güclü susuzluq;
- Göz ətrafında şişkinlik və gözaltı torbalar;
- Üzükləri barmaqdan çıxarmaqda çətinlik;
- Yeməkdən sonra maye yığılması ilə əlaqəli qəfil çəki artımı;
- Gecələr susuzluq səbəbindən tez-tez oyanmaq.
Qeyd edək ki, bu əlamətlər təkcə duz istehlakı ilə bağlı olmaya bilər. Ümumdünya Səhiyyə Təşkilatı böyüklərə gündə 5 qramdan az duz qəbul etməyi tövsiyə edir. Əsas məqsəd duzu tamamilə kəsmək deyil, onun istehlakını sağlam həddə saxlamaqdır.
Samir


