Alkoqol istehlakına meyillilik yaşla dəyişir: Genetik faktorların rolu araşdırıldı

SAĞLAMLIQ
17:25 / 20.11.2026
31

İnsanın riskli davranışlara və yeni, həyəcanverici təcrübələrə marağı alkoqol istehlakına da təsir göstərə bilər. Yeni araşdırma göstərib ki, 17 yaşında spirtli içki qəbuluna başlamaq daha çox kəskin hisslər axtarmaqla bağlı genetik meyilliliklə, 23 yaşında isə içilən alkoqolun miqdarı ilə əlaqəli genetik xüsusiyyətlərlə bağlıdır.

HİT.az xəbər verir ki, Kolorado Universitetinin Boulder kampusundan olan alimlərin də iştirak etdiyi tədqiqatın nəticələri “Drug and Alcohol Dependence” jurnalında dərc olunub.

Araşdırma çərçivəsində Kolorado əkizlər layihəsinin 810 iştirakçısının məlumatları təhlil edilib. Onların 17 və 23 yaşlarında alkoqol qəbulunun miqdarı, impulsiv davranışları və yeni təəssüratlar əldə etməyə maraqları qiymətləndirilib.

Alimlər müəyyən ediblər ki, həyəcan və kəskin hisslər axtarmağa genetik meyilliliyi yüksək olan şəxslər alkoqolu daha erkən yaşda sınamağa meyilli olurlar. Eyni zamanda, özünü daha impulsiv və yeni təcrübələrə açıq hesab edən iştirakçılar hər iki yaş dövründə daha çox spirtli içki qəbul etdiklərini bildiriblər.

Tədqiqatda alkoqol istehlakı ilə bağlı genetik göstəricilərin impulsivliklə də əlaqəsi aşkarlanıb. Belə ki, impulsivlik səviyyəsi yüksək olan şəxslər orta hesabla daha çox alkoqol qəbul etdiklərini qeyd ediblər.

Bununla belə, alimlər aşkar edilən əlaqələrin güclü olmadığını vurğulayıblar. Onların fikrincə, yeni və həyəcanverici təcrübələrə maraq xüsusilə alkoqolla ilk tanışlıq mərhələsində əhəmiyyət daşıya bilər. İmpulsivlik isə həm yeniyetməlik, həm də gənclik dövründə daha çox alkoqol istehlakı ilə əlaqələndirilir.

Müəlliflər hesab edirlər ki, müxtəlif yaşlarda aparılan müqayisələr alkoqolu ilk dəfə sınamağa təsir edən amillərlə sonrakı istehlak miqdarını müəyyənləşdirən xüsusiyyətləri bir-birindən ayırmağa imkan verir.

Samir

0