Smartfonlar gün ərzində müxtəlif səthlərlə təmasda olduğundan onların üzərində bakteriya və digər mikroorqanizmlər toplana bilər. Həkimlər telefonun xüsusilə ictimai yerlərdən istifadə etdikdən və xəstə insanlarla təmasdan sonra təmizlənməsini tövsiyə edirlər.
HİT.az xəbər verir ki, bu barədə terapevt və peşə patologiyası üzrə mütəxəssis Svetlana Burnatskaya danışıb.
Həkimin sözlərinə görə, smartfonu əsasən üç halda dezinfeksiya etmək vacibdir: ictimai nəqliyyatdan istifadə etdikdən, insanların sıx olduğu məkanlara getdikdən və xəstə şəxslə təmasda olduqdan sonra.
Mütəxəssis bildirib ki, telefonun üzərində bakteriyaların aşkarlanması onun mütləq təhlükəli olması demək deyil. Lakin çirkli səthlə təmasdan sonra əllərin gözə, buruna və ya ağıza toxundurulması bəzi infeksiyaların yayılmasına səbəb ola bilər.
Telefonlar ən çox ictimai nəqliyyatda, mağazalarda, liftlərdə, qapı tutacaqlarında və digər ümumi istifadə sahələrində çirklənir. Həmçinin smartfonu kafe masalarının üzərinə qoymaq, hamam və tualetə aparmaq da mikroorqanizmlərlə təmas riskini artırır. Bəzi bakteriyalar şüşə, metal və plastik səthlərdə bir neçə saatdan bir neçə günədək qala bilər.
Burnatskaya telefonun təmizlənməsi üçün mikrofibra salfetlərdən və istehsalçının icazə verdiyi dezinfeksiya vasitələrindən istifadə etməyi məsləhət görüb. Bir çox cihazın 70 faizlik izopropil spirti olan salfetlərlə təmizlənməsinə icazə verilsə də, bunun üçün konkret modelin istifadə təlimatına əməl etmək lazımdır.
Həkim vurğulayıb ki, telefonu hər dəfə ictimai səthə toxunduqdan sonra dezinfeksiya etmək vacib deyil. Əsas diqqət əllərin təmizliyinə yönəldilməlidir. Belə ki, mütəmadi əl yumaq infeksiyaların qarşısının alınmasında telefonun daim dezinfeksiya edilməsindən daha əhəmiyyətlidir.
O, həmçinin təmizləyici vasitələrin birbaşa ekranın üzərinə püskürdülməməsini, mayenin telefonun giriş hissələrinə düşməməsini və aqressiv məişət kimyəvi maddələrindən istifadə edilməməsini tövsiyə edib.
Mütəxəssisin sözlərinə görə, ailədə xəstə, azyaşlı uşaq və ya immun sistemi zəif olan şəxs varsa, ümumi istifadə edilən əşyaların gigiyenasına daha ciddi yanaşmaq, telefon və qulaqlıqları başqaları ilə paylaşmamaq məsləhətdir.
Samir


