Astronomlr Günəş sisteminin uzaq bölgələrində indiyədək aşkarlanmamış, ölçülərinə görə Yerə yaxın olan planetin mövcud ola biləcəyini irəli sürüblər. Alimlərin fikrincə, bu göy cisminin cazibə qüvvəsi uzaq kosmik obyektlərin qeyri-adi orbitlərini izah edə bilər.
HİT.az xəbər verir ki, bu barədə “Interesting Engineering” nəşri yeni elmi araşdırmaya istinadən məlumat yayıb.
“Monthly Notices of the Royal Astronomical Society” jurnalında dərc olunan tədqiqatda ehtimal edilən planet “X2 planeti” (PX2) adlandırılıb. Tədqiqatçılar hesab edirlər ki, bu göy cismi Günəşdən Yerə nisbətən yüzlərlə dəfə uzaqda yerləşə və olduqca uzunsov elliptik orbit üzrə hərəkət edə bilər.
Hesablamalara görə, PX2-nin orbitinin böyük yarımoxu 350-500 astronomik vahid arasında ola bilər. Hətta Günəşə ən yaxın mövqeyində belə planetin ondan məsafəsi ən azı 200 astronomik vahid təşkil edərdi. Müqayisə üçün qeyd edək ki, bir astronomik vahid Yerlə Günəş arasındakı orta məsafəyə bərabərdir.
Tədqiqata Avstraliyanın Cənubi Kvinslend Universitetinin dosenti, Yaponiyanın Kindai Universitetində çalışan Patrik Sofiya Likavka rəhbərlik edib.
Alimlərin ehtimalına əsasən, PX2-nin kütləsi Yerin kütləsindən 1,5-2 dəfə çox ola bilər. Bu fərziyyə Günəş sisteminin kənarlarında yerləşən bəzi buzlu cisimlərin, o cümlədən Sednanın qeyri-adi hərəkət trayektoriyalarını izah etmək məqsədi daşıyır.
Neptunun orbitindən kənarda yerləşən transneptun bölgəsində çoxsaylı buzlu göy cisimləri mövcuddur. Onların bir hissəsi Günəşdən təxminən 38-50 astronomik vahid məsafədə yerləşən Kuiper qurşağına daxildir.
Tədqiqatçılar təxminən 4,5 milyard il ərzində Günəş sisteminin təkamülünü əhatə edən kompüter modelləşdirməsi aparıblar. Simulyasiyalarda müxtəlif kütləyə və orbit parametrlərinə malik uzaq planetin digər cisimlərin hərəkətinə necə təsir göstərə biləcəyi araşdırılıb.
Nəticələr göstərib ki, PX2-nin cazibə qüvvəsi bəzi obyektləri Neptunun təsir zonasından kənara çıxara, digərlərini isə gözlənilməz dərəcədə maili və uzunsov orbitlərə yönəldə bilər.
Yeni hipotez Günəş sistemində naməlum planetin mövcudluğu ilə bağlı daha əvvəl irəli sürülən “Doqquzuncu planet” nəzəriyyəsindən fərqlənir. Sonuncu fərziyyədə uzaq obyektlərin orbitlərinə daha böyük kütləli göy cisminin təsir etdiyi ehtimal olunur.
Bununla belə, alimlər PX2-nin mövcudluğunu hələ təsdiqləməyiblər. Modelləşdirmənin nəticələri ilə real astronomik müşahidələr arasında müəyyən uyğunsuzluqlar qalır.
Fərziyyənin yoxlanılmasında Çilidə fəaliyyət göstərən Vera Rubin Rəsədxanasının müşahidələrinin mühüm rol oynayacağı gözlənilir. Rəsədxana genişmiqyaslı səma tədqiqatı apararaq Günəş sisteminin uzaq bölgələrindəki naməlum obyektlərin aşkarlanmasına kömək edə bilər.
Tədqiqatın rəhbəri Likavkanın sözlərinə görə, əgər belə bir planet həqiqətən mövcuddursa, onun kəşfi Günəş sisteminin formalaşması və ən uzaq göy cisimlərinin hərəkətinin izahı ilə bağlı təsəvvürləri dəyişə bilər.
Samir


