“Qocalar” Ermənistan ordusunda nəyi dəyişəcək? - “İtkilərin sayı artacaq“

SİYASƏT
18:37 / 15.10.2020
1033

Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağda döyüşməkdən imtina edib. Nəticədə yüzlərlə şəxsə cinayət işi açılıb, həbs olunanlar, işgəncəyə məruz qalanlar olub.

Yenisabah.az xatırladır ki, döyüş əməliyyatları başlayandan Ermənistanın ordu sıralarında 3 minədək fərari aşkar edilib. Cəbhə bölgəsində ard-arda itkilər verən Ermənistan artıq döyüşlərə birinci Qarabağ müharibəsinin iştirakçıları olan “qocalar”ı cəlb edir. Elit qüvvələrin imtina etdiyi döyüşlərdə qoca əsgərlərin nə cür xeyir verə biləcəyi isə sual altındadır.

Hərbi ekspert Ramil Məmmədli Yenisabah.az-a açıqlamasında bildirib ki, müasir döyüşün tələbləri və hücum taktikası fərqli formada inkişaf edib:

“Azərbaycan ənənəvi nəzəri döyüş taktikasından fərqli olaraq müasir döyüşün üslubuna uyğun hərbi əməliyyatlar aparır. Bu əməliyyatların əsasını hərbi hava qüvvələri, yəni müasir pilotsuz uçuş aparatları (PUA), həmçinin müasir reaktiv yayılım atəş sistemi, artilleriya qurğuları həyata keçirir. Bundan başqa Azərbaycan Ordusu quru qoşunları səviyyəsində peşəkar döyüş hazırlığına malik əməliyyatı tez bir zamanda həyata keçirməyi bacaran mobil döyüş qruplarından istifadə edir ki, bu da həm qurudan, həm havadan düşmənin hərbi qüvvələrini sürətlə və tez bir zamanda məhv etmək imkanı verir”.

Ekspert vurğulayıb ki, 26 il əvvəl Ermənistan ordusunda döyüşmüş ermənilərin hərbi əməliyyata cəlb olunması döyüşün taleyinə və döyüş əməliyyatlarının  ermənilərin xeyrinə dəyişməsinə heç bir təsir göstərə bilməyəcək:

“Bu, heç cür mümkün deyil. Çünki Ermənistan ordusunun qeyd olunan hərbi qulluqçuları müasir döyüşün aparılması qaydalarını mənimsəyə bilməyiblər və bundan sonra da onu icra edə bilməzlər. İkincisi, onların yaşı, fiziki hazırlığı heç bir halda bizə qarşı müdafiənin qurulmasında kömək edə bilməyəcək. Bu, heç bir halda Ermənitan ordusuna döyüş meydanında üstünlük qazandıra bilməyəcək. Əksinə, uzun illər döyüşdə olmayan və müasir döyüşün qaydalarını bilməyən şəxslərin döyüşə göndərilməsi Ermənistan ordusunun vəziyyətini  bir qədər də çətinləşdirəcək, itkilərinin sayını artıracaq, manevr imkanlarını zəiflədəcək”.

0