Bəzi insanlar narazılıqlarını və tənqidlərini birbaşa söyləmək əvəzinə, bunu üstüörtülü ifadələrlə çatdırmağa üstünlük verirlər. İlk baxışda adi və hətta nəzakətli görünən belə cümlələr əslində qarşı tərəfi alçaltmaq və ya günahkar hiss etdirmək məqsədi daşıya bilər.
HİT.az xəbər verir ki, mütəxəssislərin fikrincə, passiv-aqressiv davranışın əsas xüsusiyyəti insanın narazılığını açıq şəkildə ifadə etməməsi, bunun əvəzinə eyham, soyuq münasibət və ikibaşlı ifadələrdən istifadə etməsidir.
“YourTango” nəşri belə insanların tez-tez işlətdiyi 11 ifadəni açıqlayıb.
1. “Mən demirəm ki, sən haqsızsan, amma...”
İlk baxışda bu cümlə fikir ayrılığını normal şəkildə ifadə etmək kimi görünə bilər. Lakin “amma”dan sonra gələn sözlər çox vaxt qarşı tərəfin fikrini kiçiltməyə xidmət edir.
2. “Mən olsaydım, başqa cür edərdim, amma bu, sadəcə mənim fikrimdir”
Bu ifadə açıq tənqiddən qaçmaq üçün istifadə olunur. İnsan öz fikrini söyləyir, lakin məsuliyyəti üzərinə götürməmək üçün “bu, sadəcə mənim fikrimdir” deyərək geri çəkilir.
3. “Bunu etməyin bir yolu da budur”
Sadə cümlə kimi səslənsə də, müəyyən vəziyyətlərdə qarşı tərəfin seçimini bəyənmədiyini dolayı yolla göstərir. Psixoloqlar belə hallarda insanların fikirlərini açıq və hörmətli şəkildə ifadə etməsinin daha doğru olduğunu bildirirlər.
4. “Sən necə istəyirsən”
Bu ifadə çox vaxt həqiqi razılıq deyil, gizli narazılıq deməkdir. İnsan fikrini açıq söyləmək əvəzinə soyuq şəkildə qərarı qarşı tərəfin üzərinə atır.
5. “Sən bəyənirsənsə, mən də bəyənirəm”
Cümlənin arxasında “mən bunu əslində bəyənmirəm” mesajı dayana bilər. Bu isə qarşı tərəfdə öz seçiminə və qərarına şübhə yarada bilər.
6. “Hər kəsin güclü tərəfləri var”
Bu sözlər müsbət səslənsə də, mübahisə zamanı deyildikdə tamamilə fərqli məna daşıya bilər. Qarşı tərəf bunu “sən bu işi yaxşı bacarmırsan” kimi qəbul edə bilər.
7. “Heç nə olmaz, onsuz da başqa şey gözləmirdim”
Bu ifadə artıq açıq-aşkar istehza və aşağılamaya çevrilə bilər. Belə sözlər qarşı tərəfin özünəinamına ciddi təsir göstərir və münasibətlərdə narazılığın dərinləşməsinə səbəb ola bilər.
8. “İstədiyini et”
İnsan həqiqətən qərarı qarşı tərəfə buraxdıqda bu cümlə normal səslənə bilər. Lakin soyuq tonla deyildikdə gizli qəzəb və narazılıq ifadə edə bilər.
9. “Heç olmasa cəhd etdin”
Bəzən bu ifadə dəstək məqsədilə işlədilir. Lakin müəyyən situasiyalarda qarşı tərəfin uğursuzluğunu vurğulayan, ruhdan salan tənqidə çevrilir.
10. “Heç olmasa tamamilə haqsız deyilsən”
Bu ifadə zahirən dəstək kimi görünsə də, əslində qarşı tərəfin fikrinin əhəmiyyətsiz olduğunu vurğulaya bilər. Belə cümlələr münasibətlərdə gərginlik yaradır.
11. “Yəqin ki, hərənin öz fikri var”
Fikir ayrılığını həll etmək əvəzinə söhbəti bağlamaq üçün işlədilən bu cümlə çox vaxt soyuq münasibətin göstəricisinə çevrilir. Mütəxəssislər fikir ayrılığı zamanı söhbəti tamamilə kəsməkdənsə, emosiyalar sakitləşdikdən sonra məsələyə qayıtmağı məsləhət görürlər.
Psixoloqlar qeyd edirlər ki, bu ifadələrdən birinin bir dəfə işlədilməsi mütləq passiv-aqressiv davranış demək deyil. Əsas məsələ həmin şəxsin bunu davamlı şəkildə, xüsusilə də tənqid və narazılığı dolayı yolla çatdırmaq üçün istifadə edib-etməməsidir.
Belə münasibətlə qarşılaşdıqda ən yaxşı üsullardan biri qarşı tərəfə fikrini açıq və hörmətli şəkildə söyləyə biləcəyini bildirməkdir. Bu, həm anlaşılmazlıqların qarşısını ala, həm də münasibətlərdə yığılan narazılığın böyüməsinə imkan verməyə bilər.
Samir


